“Eldar Mahmudov 3 milyonumu qaytarsın” – TAĞI ƏHMƏDOV PULUNU GERİ İSTƏYİR

Baxış sayı:
1174

Mayın 1-də  sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

V.Mahmudovun vəkili vəsatətlə çıxış edərək  müvəkkili barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsini istəyib. Vəsatət təmin edilməyib.

Məhkəmənin baxış iclası mayın 15-nə təyin edilib.

Qeyd edək ki, keçmiş milli təhlükəsizlik naziri E.Mahmudovun əmisi oğlu V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib. Bu iş üzrə zərərçəkmişlərdən biri də “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədovdur.

Tağı Əhmədov Eldar Mahmudov ile ilgili görsel sonucu

2015-ci ildə “MTN işi” başladılandan sonra bir çox sahibkarlar, iş adamları Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə axışdılar. Məlum oldu ki, Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə 11 illik rəhbərliyi dövründə dövlətin gücündən istifadə etməklə hətta bəzi məmurlardan da xərac toplanılıb. “Mahmudovçu”ların cənginə düşən vəzifə sahiblərindən biri də o dövrdə “Bakı Metropoliteni” QSC-nin rəisi olan, hazırda YAP-ın Yasamal təşkilatının sədri vəzifəsini tutan Tağı Əhmədov olub.

Tağı Əhmədov bu məsələ ortaya çıxandan sonra əvvəlcə təkzib etməyə çalışdı, sonradan isə ondan 3 milyon manat alındığını dedi. Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun cinayət işi üzrə verdiyi ifadəsində Tağı Əhmədov bildirib ki, Bakı Metropoliteninin rəisi vəzifəsindən azad olunduqdan sonra, 2014-cü ilin yaz aylarında əvvəldən tanıdığı Rəsul adlı MTN əməkdaşı ona zəng vurub. “Hüseyn Cavid bağına çağırdı. Görüşdük. Rəsul Akif Çovdarovun məndən nazirliyə çoxsaylı şikayət ərizələrinin daxil olduğunu dedi. Bu şikayətlərin qarşısını almaq, mənim xeyrimə həll etmək üçün müəyyən məbləğdə pul istədiyini bildirdi. Ancaq konkret məbləğ söyləmədi. Rəsula heç kimə hər hansı məbləğdə pul verməyəcəyimi dedim”.

Ä°lgili resim

Tağı Əhmədov ifadəsində Akif Çovdarovun qanunsuz hərəkətləri barədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudova məlumat vermək məqsədilə onun iş telefonuna bir neçə dəfə zəng etdiyini və köməkçisi Vüqar Mahmudovla danışdığını bildirib: “Özümü Vüqar Mahmudova təqdim etdim, nazirlə danışmaq istədiyimi dedim. Vüqar Mahmudov nazirin məşğul olduğunu söylədi. 5-6 dəfə zəng vurduqdan sonra Vüqar bildirdi ki, nazirlə danışmaq istədiyimi Eldar Mahmudova çatdırıb, nazir də bu məsələni Akif Çovdarova tapşırıb, məsələmi onunla həll etməli olduğumu söyləyib. Bundan sonra Akif Çovdarovun məndən istədiyi puldan Eldar Mahmudovun da xəbəri olduğunu yəqin etdim. Bir neçə gün sonra Rəsulla yenə Hüseyn Cavid parkında görüşdüm. Rəsul Akif Çovdarovun həmin vaxt Xətai Rayon Məhkəməsində hakim vəzifəsində işləyən oğlum Rauf Əhmədovu yanına çağırmaq istədiyini bildirdi. Ürək xəstəsi olan oğlumun səhhətindən narahat olduğum üçün Akif Çovdarovun məndən nə qədər pul istədiyini soruşdum. Rəsul Akif Çovdarovun 3-5 milyon manat arasında pul istədiyini dedi. Ona 3 milyon manat verə biləcəyimi söylədim. Rəsuldan ayrıldıqdan sonra evimdə olan 44 illik əmək fəaliyyətim nəticəsində yığdığım həmin məbləğdə pulu düzəltdim. Rəsul pulu aprel ayının əvvəllərində, səhər tezdən 20 saylı orta məktəbin yaxınlığında cip markalı avtomaşında Akif Çovdarovun şəxsən özünə vermək lazım olduğunu dedi. Akif Çovdarovla görüşmək istəmədiyimdən pulu qardaşım oğlu Əli Əhmədov və oğlum Ruslanın çatdıracağını dedim. Akif Çovdarova vermək üçün hazırladığım 3 milyon manatın 1 milyon 200 mini ABŞ dolları, 1 milyon 500 mini avro, 300  min isə manat əsginaslarında idi. Pulların hamısı birgə 3 milyona bərabər idi. Rəsulla danışandan sonra həmin pulları oğlum Ruslana verdim. Pulu Akif Çovdarova şəxsən veriblər. Pulu verəndən sonra Akif Çovdarov və digərləri ilə hər hansı bir əlaqəm, təmasım olmayıb”.

Tağı Əhmədov bildirib ki, 2015-ci ilin oktyabrında Eldar Mahmudov işdən çıxarıldıqdan sonra Rəsula zəng edib və Akif Çovdarovun ondan aldığı pulu qaytarmasını tələb edib:“Rəsul sözlərimi çatdıracağını dedi. Bir müddət sonra cavab verdi ki, Akif Çovdarov heç bir pul  almadığını deyir”.

Qeyd edək ki, Vüqar Mahmudovun cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə araşdırılır. Tağı Əhmədov mayın 1-nə təyin edilən hazırlıq iclasına qatılmayıb.

Tağı Əhmədovun ittiham etdiyi Akif Çovdarov hazırda 9 saylı cəzaçəkmə müəssisəsində saxlanılır. O, özünün məhkəməsində Tağı Əhmədovdan 3 milyon almasını inkar edib. Həbsdəki general Tağı Əhmədovun əmlaklarını da sadalamışdı. Onun metropolitendə mənimsənilən, büdcədən yayındırılan pullarla alınan mal-mülklərinin də müəyyən edildiyini açıqlamışdı.

A.Çovdarov bildirib ki, Tağı Əhmədovun bank hesablarında da külli miqdarda vəsait aşkarlanıb.

Sitat: “Təkcə ”Texnikabank"da 13 milyon dollar pulu olub, digər pulları isə “Bank of Baku” və “Unibank”dakı hesablarında idi. “Texnikabank” müflis olanda öz hesabından 9 milyon çıxarıb offşora yatırmışdı. Ümumilikdə Tağı Əhmədov və yaxınlarının hesablarında 21 milyon pul müəyyən edildi".

A.Çovdarovun açıqladığı çox incə məqamlardan biri də metrostansiyalarda quraşdırılan turniketlərin T.Əhmədovun maraqlarına uyğunlaşdırılması ilə bağlıdır. A.Çovdarovun dediklərindən bəlli olub ki, turniketlərdə quraşdırılan mikrosxemlərə elə bir dəyişiklik edilib ki, hər 4 jetondan biri qeydiyyatdan keçməyib və hər qeydə alınmayan jetonun pulu Tağı Əhmədovun cibinə gedirmiş.

T.Əhmədovun məhkəmədə nələr deyəcəyi maraq doğurur./Musavat.com