Eldar Həsənov Arif Məmmədovdan üz döndərdi

Bu günlərdə yeni açıqlamaları ilə bir daha gündəmə gəlməyə çalışan keçmiş səfir Arif Məmmədov Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov barədə də danışıb.
İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqındakı sabiq səfiri A.Məmmədovun sözlərinə görə, o, hökumətin düşünülməmiş addımlarını səfir E.Həsənovla bir yerdə həmişə tənqid edib.
Eldar Həsənov hafta.az-ın bununla bağlı sualını cavablandırıb. İndiki səfir keçmiş səfirin hərəkətlərini pisləyib: “Onun tamamilə yanlış bir yolda olduğuna əminəm və heç bir çərçivəyə sığmayan bu fəaliyyətini kəskin şəkildə qınayıram. Onu ölkəmizə, xalqımıza və dövlətimizə qarşı ədalətsiz, qərəzli mövqeyi, ölkəmizin nüfuzuna zərbə vuran, təzyiq və təhdidlərini davam etdirən, bu istiqamətdə əllərindən gələni əsirgəməyən, ölkəmizin uğurlarını həzm edə bilməyən bəzi bədxah qüvvələrin “dəyirmanına su tökmək” kimi dəyərləndirir və onu bu əməllərindən əl çəkməyə çağırıram. Bəzi mətbuat orqanlarının mənim Arif Məmmədovla hər hansı bağlılığım olması barədə yaydığı uydurmaları isə tam əsassız və gülünc hesab edirəm. O, mənim də Avropadakı fəaliyyətimi tənqid edənlərdən biridir”.