Elçin Quliyev gürcü həmkarı ilə sərhəddə görüşdü

Baxış sayı:
10879

Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev və Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin rəisi Teymuraz Kekelidzenin başçılıq etdiyi nümayəndə heyətlərinin dövlət sərhədində işçi görüşü keçirilib.
Bununla bağlı Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi məlumat yayıb.
Görüş zamanı Azərbaycan-Gürcüstan dövlət sərhədində mövcud əməliyyat şəraiti, sərhəd rejiminin təmin edilməsi, məlumat mübadiləsinin həyata keçirilməsi, eləcə də, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
29 may Bakı şəhərində baş tutacaq futbol üzrə Avropa Liqasının final oyununa tamaşa etmək üçün hava, dəmiryolu və avtomobil nəqliyyatı ilə Gürcüstandan ölkəmizə gələcək azarkeşlərin dövlət sərhədindən buraxılış məntəqələrindən sadələşdirilmiş qaydada keçmələri, bu kateqoriyadan olan şəxslər və onların nəqliyyat vasitələri üçün xüsusi keçid şəraitinin yaradılması üzrə məsələlər nəzərdən keçirilib və razılaşdırılıb.
Görüşdə sərhəd təhlükəsizliyinin təminatı üçün Azərbaycan və Gürcüstan sərhəd mühafizə orqanları arasında qarşılıqlı əlaqələrin daha da genişləndirilməsinin vacibliyi qeyd edilib.