Elçin Quliyev: Ermənistanla sərhədin mühafizəyə götürülməsi...

Baxış sayı:
10435

Ali Baş Komandanın Azərbaycan sərhədçisinə etimadının göstəricisi olaraq Ermənistan ilə dövlət sərhədinin Qazax və Ağstafa rayonlarının ərazisindən keçən hissəsinin Dövlət Sərhəd Xidməti tərəfindən mühafizəyə götürülməsi dövlət sərhədlərinin bütövlüyünün təmin edilməsinin başlanğıcı olmaqla yanaşı, Azərbaycanın hərb qüdrətinin zəfər yürüşünün davamıdır.

Bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

DSX rəisi qeyd edib ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin yaxın günlərdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində Ermənistan ilə dövlət sərhədinin mühafizəsi və müdafiəsi təyinatlı "Qazax” əlahiddə sərhəd diviziyasının yaradılması qərarı Azərbaycan sərhədçilərinin bu istiqamətdə xidməti-döyüş fəaliyyətinə Ali Baş Komandan səviyyəsində verilən ən yüksək dəyər, ən ali qiymətdir: “Bu gün hər bir Azərbaycan sərhədçisi Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etməkdən qürurludur və dövlət sərhədlərinin toxunulmazlığı naminə şərəflə xidmət edir.

Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi və komandanlığı altında Silahlı Qüvvələrimiz tərəfindən yaxın müddətdə dövlətimizin ərazi bütövlüyünun təmin ediləcəyinə və həmin ərazilərdə dövlət sərhədlərinin mühafizəsinin Azərbaycanın dövlət bayrağı altında təşkil ediləcəyinə əminliyimiz gündən-günə artır, qələbəmiz anbaan yaxınlaşır! Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti də bu vəzifələrin icrasında şərəflə iştirak etməyə daim hazırdır!”. /Report