"Elçibəy Surət Hüseynovun məhv edilməsinə göstəriş verib, amma..." - ŞOK DETALLAR

Baxış sayı:
4906

Elçibəy iqtidarında baş nazir postu tutmuş Pənah Hüseyn 26 may 1993-cü il tarixində keçirilən Dövlət Müdafiə Komitəsinin məxfi iclasının protokolunu yayıb. Yaxın tarixə güzgü tuta bilən bu mühüm sənəd sabiq baş nazirin facebookdakı səhifəsində paylaşılıb. Sənəddən də göründüyü kimi, dövlətə rəhbərlik edən yüksək vəzifəli şəxslər Elçibəy iqtidarına qarşı başlayacaq və yekunda onu devirəcək 4 iyun Gəncə qiyamından cəmisi 7-8 gün əvvəl bir araya gələrək, ölkəni və onu əlaqədar edən digər məsələləri müzakirə ediblər. Stenoqramdan da göründüyü kimi, iqtidarın baş naziri Pənah Hüseyn iclasda yoxdur. Tarixə müraciət edəndə, bunun səbəbləri aydın olur: həmin zaman kəsiyində Pənah Hüseyn Londonda, danışıqlarda olub.. Musavat.com bu mühüm sənədi çap edib. Diqqətlə və düşünərək oxunulsa, buradan bir çox mətləbləri aydınlaşdırmaq mümkündür. Həmin iclasda Elçibəy iqtidarı qiyamçı polkovnik Surət Hüseynovun məhv edilməsi qərarını versə də, onun niyə həyata keçirilməməsi isə başqa bir yazı mövzusudur. DMK-nın iclasının protokolunda gündəlikdə 4 məsələnin yer aldığı qeyd edilir: 1. Qərarların icra vəziyyəti. 2. Fövqaladə vəziyyət haqqında. 3. 28 May İstiqlal günü haqqında. 4. Mövcud hərbi vəziyyət haqqında. Prezident Əbülfəz Elçibəy çıxışında mayın 25-dən rus ordusunun Azərbaycandan çıxdığını bildirir. Bildirir ki, nəhayət, 2 əsrə yaxın zaman ərzində ölkəmizi işğal edərək burada yerləşmiş rus ordusu Azərbaycanı tamamilə tərk etdi. Elçibəy bu hadisəni böyük tarixi hadisə adlandırır və hamını təbrik edir. Həmçinin qeyd edir ki, böyük dövlətlər - ABŞ, İngiltərə və sair bu hadisəni müsbət qiymətləndirir, həm də bu prosesi gərginlik yaratmadan operativ şəkildə həll etməyimizdən təəccüblənirlər:“Postsovet məkanında bu prosesi ilk olaraq həyata keçirən dövlət bizik. Hətta Almaniya kimi güclü dövlətin də ərazisində rus ordusunun kontingenti qalmaqdadır. Artıq Azərbaycan ərazisində başqa dövlətin ordusunun olmadığı müstəqil dövlətdir”. Ali Sovetin sədri İsa Qəmbər isə rus ordusunun komandanlığının Ali Sovetə və Müdafiə Nazirliyinə vida məktubu hazırladığını deyir və təklif edir ki, biz də onlara təşəkkür məktubu göndərək. Dadaş Rzayev Müdafiə naziri Dadaş Rzayev isə rus qoşunlarının Azərbaycandan mədəni şəkildə getdiklərini bildirir. Prezident Elçibəyin hərbi məsələlər üzrə müşaviri Yaşar Paşa rus əsgərlərin yalnız Qəbələ RLS-də qaldıqlarını deyir və ona görə də Qəbələ RLS-lə bağlı sənədlərin öyrənilməli, Rusiya ilə yeni anlaşma imzalanmalı olduğunu bildirir. Ə.Elçibəy isə RLS-lə bağlı sənədlərin öyrənildiyini, danışıqlar aparıldığını, müzakirələr yekunlaşandan sonra imzalanacağını nəzərə çatdırır. İ.Qəmbər qeyd edir ki, Rusiya RLS-dən istifadəyə görə icarə haqqı ödəməlidir. Çünki hərbi obyekt milliləşdirildiyi gündən Azərbaycanın mülkiyyəti sayılır. Dövlət katibi Əli Kərimov bununla bağlı Rusiyadakı səfir Hikmət Hacızadənin danışıqlar apardığını nəzərə çatdırır. Gündəlikdə digər məsələlərin olduğunu xatırladan İsa Qəmbər təklif edir ki, Qəbələ RLS-lə bağlı müzakirə sonrakı iclaslarda davam etdirilsin. Sonra Türkiyə Silahlı Qüvvələrinin təmsilçisi, Elçibəyin müşaviri Osman Paşa məlumat verir ki, aparılan danışıqların nəticəsi olaraq Azərbaycan ordusunun qurulmasına yardım etmək və NATO standartları səviyyəsində əsgər hazırlamaq üçün Türkiyədən istənən hərbi təlimatçılar da gəldilər. Nurəddin Sadıqov MN Baş Qərargah rəisi Nurəddin Sadıqov xahiş edir ki, ehtiyatda olan 150-200 nəfər zabit toplansın və türkiyəli təlimatçılar onları da təlimləndirsin. Çünki zabitlərin də NATO və Türkiyə ordu sistemini öyrənməsi vacibdir. Belə olarsa, həm də ordunun müasir səviyyədə qurulması prosesi sürətlənər. Bu mövzuda müzakirələrin gedişində milli ordunun şəxsi heyətinin durumu, silah, hərbi texnika təchizatında vəziyyət ətraflı təhlil edilir, prezidentə məlumatlar verilir, ordu quruculuğu sahəsində ciddi addımların atılması üçün təkliflər irəli sürülür. Bəzi rayonlarda icra hakimiyyəti başçıları ilə hərbi komandanlıq arasında konfliktlərin olduğu qeyd edilir və bu problemin təcili həllinin vacibliyi bildirilir. İclasda baş nazirin birinci müavini Vahid Əhmədov, daxili işlər naziri Abdulla Allahverdiyev də təkliflərlə çıxış edirlər. A.Allahverdiyev ölkədə Fövqaladə Vəziyyətin vaxtının iyunun 2-də qurtaracağını bildirir, həmçinin qeyd edir ki, Gəncədə və s. yerlərdə FV rejiminin tətbiq olunması müsbət qarşılanır. Nazir deyir ki, Gəncədəki diviziya, Seyfəlidə və Hacıkənddəki hərbi hissələr camaatda narazılıq yaradır. Həmin hərbi hissələrin Surət Hüseynovla əlaqəsi var. D.Rzayev isə Surətin Murovda heç nəyinin olmadığını, orada 701-ci briqada və 1 batalyon olduğunu bildirir və onları da 45-ci hərbi hissəyə göndərdiklərini, Surətin Seyfəlidə 1 batalyonunun olduğunu məlumat verir. A.Allahverdiyev qeyd edir ki, FV rejimi saxlanılsa Gəncədə və Mingəçevirdə işlər qaydasında olar. D.Rzayev Lənkəranda da Əlikram Hümbətovun vəziyyəti qarışdırmaqla məşğul olduğunu nəzərə çatdırır. İ.Qəmbər bildirir ki, mayın 27-də MM-də FV müzakirə olunacaq. Ona görə də bu gün və ya sabah FV haqqında fərman verilməlidir. Ə.Elçibəy Avropa Şurasında da bu məsələyə müsbət baxdıqlarını məlumat verərək bildirir ki, əgər yeni yaranan dövlətlərdə FV rejiminin tətbiqi vətəndaş sülhünə kömək edirsə, bu variant istisna olunmamalıdır. Müzakirələrin sonunda FV rejiminin iki ay uzadılması qərarı verilir. 3-cü məsələnin müzakirəsində mayın 28-də bəzi rayonlarda tədbirlər keçiriləcəyi, bir neçə yerdə M.Ə.Rəsulzadənin abidələrinin açılacağı, Bakıda isə H.Cavidin heykəlinin açılışı olacağı, həmin gün 3 yerdə abidənin açılışı olacağı məlumat verilir. Cavidin heykəlinin açılışı və saraydakı tədbirdə prezidentin iştirakının nəzərdə tutulduğu bildirilir. Gündəlikdəki 4-cü məsələnin müzakirəsi zamanı Ə.Elçibəy hərbi rabitə sistemində çalışanları ciddi nəzarətdə saxlamaq göstərişi verir. Sonra ermənilərin Ağdərə istiqamətində hücumunun gözlənildiyini, ermənilərin Umudlu kəndindən Talış kəndinə yol çəkdiyini bildirir və buna nəzarət edilib-edilmədiyini xəbər alır. Prezident sonra orduda nizam-intizam məsələsinə ciddi fikir verilməsi barədə tapşırıqlar verir. Milli təhlükəsizlik naziri Fəxrəddin Təhməzov iki aya yaxındır Füzulidə yerləşdirilmiş Sərhəd Qoşunlarını artıq əvəz etməyin lazım olduğunu bildirir. D.Rzayev məlumat verir ki, iyunun 15-də ehtiyat batalyonları hazır olacaq və o zaman Sərhəd Qoşunları əvəz ediləcək. Müdafiə naziri cəbhə xətti boyunca vəziyyət barədə məlumatlar verir, atılacaq və atılmalı addımlardan danışır. Sonra Surət Hüseynov məsələsi geniş müzakirə edilir. Elçibəy bildirir ki, Seyfəlidə Surətin bir hissəsi var. Verilən məlumata görə, orada atışmada 3 nəfər bir-birini öldürüb. Əli Kərimov isə məlumat verir ki, indi bəzi batalyon komandirləri Gəncədə Hərbi Birlik yaradıb imza atırlar ki, Surətə tabedirlər. Bu adamlar tezliklə ordudan təcrid olunmalıdır. A.Allahverdiyev “getdikcə nüfuzdan düşürük ki, niyə o hərbi hissə ilə bacarmırsınız. Son vaxtlar Surətə yaxın cinayətkar ünsürlər Hacıkəndə yığışırlar. Bu məsələni birdəfəlik qurtarmaq lazımdır” - deyə qeyd edir. Əli Kərimov isə bunların çoxunun komandirlər olduğunu deyərək həmin şəxslərin operativ şəkildə hərbi hissələrdən təcrid edilməli olduğunu qeyd edir. İsa Qəmbər “bayramdan sonra bu məsələ həll olunmalıdır” deyir. Ə.Elçibəy bəyan edir ki, Surət Hüseynovun dəstəsinin özbaşınalığı, törətdiyi cinayətlər Azərbaycan dövlətinə və onun nüfuzuna ciddi zərər verib. İndi də o həddə çatıblar ki, dövlət komissiyasını hərbi hissəyə buraxmırlar. Ona və onun ətrafındakı cinayət əməlləri ilə məşğul olanlara Azərbaycan dövlətinin qüdrəti göstərilməli və özbaşınalığa son verilməlidir: “Ordu vahid mərkəzdən idarə olunmalı, bütün hərbi hissələr Müdafiə Nazirliyinə tabe etdirilməlidir. Azərbaycan dövlətinin müstəqilliyinə qarşı çıxan şəxs doğma qardaşım olsa belə onu bağışlaya bilmərəm. 709-cu briqada dövlətə tabe etdirilməli, törətdiyi cinayətkar əməllərə və fəaliyyətinə görə Surət Hüseynov ya həbs edilməli, ya da məhv olunmalıdır”. P.Hüseynin bu cür mühüm sənədi 26 il sonra ictimaiyyətə açıqlaması böyük maraq və suallar doğurub. Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan P.Hüseyn bildirdi ki, sənədin yüz faiz mötəbər olduğu və əsli olduğu qənaətindədir: “Bir qayda olaraq o dövrdə Dövlət Müdafiə Komitəsinin sənədləri dövlət katibi olanda da, baş nazir olanda da mənə verilirdi, mənim tərəfimdən və sənədi tərtib eləyən katib tərəfindən imzalanırdı. Bu protokol Dövlət Müdafiə Komitəsinin axırıncı iclasınındır. Lakin imzalanmayıb. Mən Londondan qayıtdıqdan sonra imzalamaq üçün mənə təqdim olunmuşdu. Ancaq o vaxtkı hadisələr üzündən protokol imzalanmamışdı. Dövlət Müdafiə Komitəsinin iclaslarının həm protokolu tutulurdu, həm stenoqramı tutulurdu. Bu barədə daha müfəssəl məlumatları prezident Elçibəyin köməkçisi olmuş Oqtay Qasımovdan ala bilərsiniz. Son dövrlərdə Dövlət Müdafiə Komitəsinin iclaslarının protokol qeydlərini və sənəd halına salmağı prezident Oqtay Qasımova həvalə etmişdi. Dövlət Müdafiə Komitəsi prezident ölkədə olduğu dövrdə demək olar ki, hər gün toplanırdı, fasiləsiz fəaliyyət göstərən kollektiv orqan idi. Tarix üçün o dövrdə hakimiyyətdə vəzifə tutmuş bəzi yoldaşlarla məsləhətləşdim və bu sənədi yaymaq qərarını verdim". Bəs 26 may iclasından cəmi 8 gün sonra Surət Hüseynovun hakimiyyətə qarşı qiyamının başlayacağı gözlənilən idimi? Prezidentin göstərişi nə üçün yerinə yetirilmədi? Hansı faktorlar Surət Hüseynovu zərərsizləşdirməyə imkan vermədi və ya mane oldu? Pənah Hüseyn P.Hüseyn bildirdi ki, əslində qiyam aprelin əvvəllərindən başlamışdı və onun açıq hərbi müstəviyə keçməsi hər an gözlənilirdi: “Surət Hüseynovun məhv edilməsi ifadəsi müxtəlif cür şərh oluna bilər. Əslində söhbət hüquqi çərçivələr şəklində gedirdi. Çünki Surət Hüseynovun tabeliyində olan qeyri-qanuni hərbi dəstə və onun fəaliyyəti barədə Baş Prokurorluq aprel ayından iş aparırdı, hərbi əks kəşfiyyatın məlumatları var idi. Dövlətə, qanuni hakimiyyətə qarşı qiyam hərəkətləri açıq şəkildə ortada idi. Hətta prezidentə ultimatum da vermişdilər ki, mayın sonuna qədər tələbləri yerinə yetirilməsə ölkədə idarəetmə səlahiyyətini öz üzərlərinə götürəcəklər. Prezident də bütün bunları nəzərə alaraq Surət Hüseynov barəsində sərt hüquqi tədbir görülməsi göstərişini vermişdi. Lakin nəzərə alsaq ki, bizim qarşımızda zirehli maşınlarla, hərbi qüvvələrlə silahlanmış hərbçilər durmuşdu və onları bəzi xarici dövlətlər müdafiə edirdi, onları yönləndirirdilər, o zaman görəcəksiniz ki, məsələ elə də asan məsələ deyildi. Təəssüf ki, Surət Hüseynovun nə həbsinə, nə də məhvinə nail olmaq mümkün olmadı. Elçibəyin qanuni hakimiyyətini qoruyub saxlaya bilməmək komandanın birbaşa subyektiv səhvi idi. Bu işə cəlb olunmuş şəxslərin, o cümlədən mənim üzərimdədir məsuliyyət. Əlbəttə ki, Surət zərərsizləşdirilə, qiyam yatırıla və Azərbaycan bu taleni yaşamaya bilərdi”. Oqtay Qasımov Prezident Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov isə “Yeni Müsavat”a açıqlamasında Pənah Hüseynə sözügedən sənədi ictimaiyyətə açıqladığı üçün təşəkkür etdi: “Pənah bəy sağ olsun ki, gec də olsa o sənədi Azərbaycan xalqı ilə paylaşdı. Həmin protokolun həqiqəti əks etdirdiyini təsdiqləyirəm. Bu sənədin cəmiyyətə təqdim olunmasının müsbət tərəfi odur ki, cəmiyyətdə uzun müddətdən bəri formalaşmış müəyyən fikirlərin yanlış təbliğat nəticəsində formalaşdığını ortaya qoydu. Cəmiyyətdə formalaşmış bir fikir var idi ki, Elçibəy iqtidarındakıların dövlətçilikdən xəbəri yox idi, heç bir iş görə bilmirdilər, hər şey başıpozuq vəziyyətdəydi, prezident Elçibəyin baş verənlərdən xəbərsiz idi, Elçibəy qətiyyət göstərmirdi və sair. Cəmiyyət Pənah Hüseynin yaydığı həmin protokoldakı çıxışlara, təkliflərə, suallara nəzər salanda görəcək ki, prezident Elçibəy məsələlər barədə detallarına qədər məlumatlıdır, Surət Hüseynov barədə də ən ciddi tədbir görülməsinə qədər göstəriş verib. Əbülfəz Elçibəyin Surət Hüseynov məsələsi ilə bağlı mövqeyi 26 maydan əvvəl də birmənalı idi. Elçibəy təbiət etibarilə insan kimi nə qədər humanist olsa da dövlət məsələsində, Azərbaycanın taleyi ilə bağlı məsələlərdə o qədər sərt olub. Ona görə də Surət Hüseynova və onun ətrafındakı cinayətkar qruplaşmalara, Rusiya tərəfindən idarə olunan hərbi briqadaya qarşı Elçibəyin münasibəti son dərəcə kəskin idi. Prezident lazımi göstərişini vermişdi. Bu göstərişin sona qədər yerinə yetirilməməsinə o zaman güc strukturlarının rəhbərliyindəki bəzi şəxslərin səriştəsizliyi, qətiyyətsizliyi öz təsirini göstərdi. Bəzi şəxslərin isə Azərbaycan dövlətinə və onun başçısına xəyanətinin rolu oldu ki, Surət zərərsizləşdirilmədi. Təbii ki, Surət Hüseynovun arxasında Rusiya dayanmışdı, Rusiya hərbi kəşfiyyatı prosesi idarə edirdi. Rusiyanın arxasında durduğu qiyamı yatırmalı olan güc strukturları, onlara rəhbərlik edən şəxslər qarşılarındakı qüvvədən daha zəif və qətiyyətsiz çıxdı. Bir hissəsi isə xəyanət elədi. Ona görə də həyata keçirilməli olan əməliyyat uğursuzluğa düçar oldu. Xüsusilə də Müdafiə Nazirliyi, onun başında dayanan şəxs prezidentə xəyanət eləməklə Azərbaycan dövlətinə də xəyanət eləmək yolunu tutdu. Güc strukturları öz vəzifələrinin öhdəsindən gələ bilmədilər. Bəziləri hətta silahlarını Surətin adamlarına verib Gəncəni tərk eləmişdilər”./Musavat.com