​“Elat bayramı yüksək səviyyədə baş tutub” - ƏLİ BABAYEV

“Gürcüstan azərbaycanlılarını parçalamaqla bağlı cəhdlər heç bir nəticə verməyəcək”

İyulun 26-da Gürcüstanın Dmanisi rayonunda Borçalı türklərinin ənənəvi Elat bayramı keçirilib. Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin (GAMK) sədri Əli Babayevin sözlərinə görə, bayram rayon rəhbərliyinin dəstəyi ilə yüksək səviyyədə baş tutub. “Bayramda bir sıra xarici ölkələrdən gələn türklər iştirak edib. Həmçinin Türkiyənin “Qarapapaqlılar” cəmiyyətinin nümayəndələri də bayrama qatılıb”, - o deyib. Əli Babayev əlavə edib ki, “Borçalı” cəmiyyətinin keçmiş rəhbərliyi Elat bayramının kütləvi şəkildə baş tutmaması üçün bir sıra cəhdlər edib. “Borçalı” cəmiyyətinə heç bir aidiyyatı olmayan Zəlimxan Məmmədli Gürcüstan azərbaycanlılarının birliyini pozmağa çalışırdı. Zəlimxan Məmmədli Elat bayramında kütləviliyin olmaması üçün pozuculuq fəaliyyəti göstərərək tərəfdarlarına ultimatum göndərib. Lakin onun bütün bu cəhdləri nəticəsiz qaldı. Elat bayramına çoxsaylı iştirakçılar qatıldı və bütün iştirakçılar bayramın təşkilatçılığından razı qaldılar”, - Əli Babayev deyib.

GAMK sədri bildirib ki, Zəlimxan Məmmədlinin “Borçalı” cəmiyyətində artıq heç bir hüquqi statusa malik deyil və onun Gürcüstan azərbaycanlılarının işlərinə qarışmağa heç bir ixtiyarı yoxdur. “Gürcüstan azərbaycanlıları hər zaman özləri öz dil, din, mədəniyyət və adət-ənənələrini qoruyub saxlayıblar. Zəlimxan Məmmədli kimilərin Gürcüstan azərbaycanlılarını parçalamaqla bağlı cəhdlər heç bir nəticə verməyəcək”, - GAMK sədri əlavə edib.