​"Elə planlayıram ki, maaşım ay ərzində mənə çatsın" — Deputatdan maaş artımı məsələsinə REAKSİYA

Baxış sayı:
628

"Əgər bu gün bizim Qarabağ kimi problemimiz varsa, sıravi azərbaycanlıdan tutmuş deputata qədər hamı bu barədə düşünməlidir. Daha maaşın azlığı, çoxluğu bizim üçün əsas məsələ olmamalıdır".
Bu fikirləri "Ölkə.Az"-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov bildirib. 
Deputat deyib ki, indi Azərbaycan hökuməti Qarabağla bağlı görülən işlərə böyük vəsaitlər xərcləyir:
"Əgər bu problem həll olunsa, inanın ki, büdcədən Qarabağ məsələsinə ayrılan pulların hamısı insanlarımızın sosial rifahının yaxşılaşdırılmasına sərf olunar. Onun üçün də gərək biz indiki vəziyyətə dözək".    
H.Mirələmov qeyd edib ki, maaşın miqdarı nisbi məsələdir:
"Pul nə qədər çox olsa, yenə də insana bəs etmir. Amma bir həqiqət var ki, əgər imkan olarsa, Dövlət Büdcəsinin imkanları buna yol verərsə, möhtərəm Prezidentimiz deputatların da maaşını artıracaq. Mən buna inanıram. Görünür ki, hələlik deputatların maaşlarının artırılmasına imkan yoxdur. Hesab edirəm ki, imkan olan zaman deputatların maaşlarının artırılması barədə də düşünəcəklər. 
Ataların yaxşı misalı var: çox varsa çox, az varsa az yeyirik. Allaha şükürlər olsun ki, birtəhər dolanırıq. Şəxsən mən maaşımdan narazı deyiləm. Şəxsən mənim əmək haqqım özümə bəs edir. Yenə deyirəm ki, maaşın miqdarı nisbi məsələlərdir. Əgər biz ağına, bozuna baxmadan pul xərcləsək, əlbəttə ki, maaş çatmaz. Gərək qənaətlə xərcləyəsən. Mən maaşımı qənaətlə işlədirəm. Mən elə planlayıram ki, maaşım ay ərzində mənə çatsın. Gələcəkdə büdcəmizin imkanları olsa, mən inanıram ki, cənab Prezidentimiz bununla bağlı da addımlar atacaq. Ona görə də biz indiki vəziyyətlə razı olmalıyıq".