Ekspertlər icbari tibbi sığortanın əhaliyə fayda verəcəyini düşünmürlər - “Bir qrup adam dövlətin pulu ilə varlanmaqda davam edəcək”

Baxış sayı:
7690

2019-cu ildə ölkə səhiyyəsinin pullu olacağı xəbəri son günlər mətbuatda ən çox müzakirə olunan mövzu oldu. Bu xəbər, xüsusən də çörək pulunu daşdan çıxaran sadə vətəndaşları çox narahat edib. Yaxın günlərdə isə söhbətin pullu səhiyyədən deyil, ölkə ərazisində tətbiq ediləcək icbari tibbi sığorta sistemindən getdiyi məlum oldu. Bəs icbari tibbi sığorta sistemi nədir və bu sistemin tətbiqi ölkə vətəndaşlarına nə vəd edir? Bu suala cavab tapmaq ümçün mütəxəssislərə müraciət etmişik. Onların fikirlərini sizə çatdırırırıq. “Artıq iki ilə yaxındır ki, üç rayonumuzda pilot layihə kimi icbari tibbi sığorta sistemi uğurla praktikadan keçirilir” Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov: “Xəstəxanalar publik, yəni hüquqi şəxs statusu alacaq. Bu proses 2019-cu ildən başlayacaq. Bu isə maliyyələşmə mexanizmindəki dəyişikliklərlə, yəni icbari tibbi sığortaya keçidlə bağlıdır. Bildiyiniz kimi, respublika prezidentinin sərəncamına əsasən, 2020-ci ildə bütün ölkə icbari tibbi sığorta sisteminə keçməlidir. Dediyim kimi, maliyyələşmə mexanizmi dəyişir. Belə ki, əgər əvvəllər xəstəxanalar dövlət büdcəsindən maliyyələşdirilirdisə, bundan sonra xəstəyə xidmət göstərən xəstəxana həmin xidmətin pulunu İcbari Tibbi Sığorta Agentliyi ödəyəcək. Maliyyə vəsaiti almaq üçün isə xəstəxana agentliklə müqavilə bağlamalıdır, bunun üçün də xəstəxana mütləq publik şəxs statusu almalıdır. Yalnız bundan sonra xəstə müalicə olunduğu istənilən xəstəxanaya icbari sığorta kartını təqdim edəcək və İcbari Sığorta Agentliyi həmin xəstənin müalicə haqqını xəstəxanaya köçürəcək. Çoxları bunu özəlləşmə ilə səhv salırlar, amma bu özəlləşmə deyil. Sadəcə, əgər İcbari Tibbi Sığorta Agentliyi vətəndaşın müalicə haqqını ödəyəcəksə, bu ödənişin həyata keçirilməsi üçün hər bir xəstəxananın öz bank hesabı olmalıdır. Yəni artıq qeyd etdiyim kimi, bütün xəstəxanalar publik şəxs olmalıdır. Artıq qeyd etdiyim kimi, 2020-ci ilə qədər Azərbaycandakı bütün tibb müəssisələri (xəstəxanalar, poliklinikalar, təcili tibbi yardım xidməti) publik şəxsə çevrilməlidir. İcbari tibbi sığortaya keçid xəstəxanalara daha çox sərbəslik verəcək. Bilirsiniz ki, Azərbaycanda bir sıra xarici şirkət fəaliyyət göstərir. Həmin şirkətlərin əməkdaşlarına yalnız özəl xəstəxanalarda xidmət göstərilir. Çünki dövlət klinikalarımızda hər cür lazımi şərait və avadanlıq olsa da, xarici vətəndaşlardan rəsmi qaydada müalicə haqqı almaq hüquqları yoxdur. Amma icbari tibbi sığorta sisteminə keçəndən sonra dövlət xəstəxanaları da agentliklə sərbəst müqavilə bağlayıb, əcnəbi vətəndaşlara xidmət göstərə və xidmət haqqını ala biləcəklər. Tibbi sığorta münasibətlərində üç tərəf iştirak edir. Sifarişçi, yəni İcbari Tibbi Sığorta agentliyi, icraçı, yəni Səhiyyə Nazirliyi və tabeliyində olan xəstəxanalar və istifadəçi, yəni vətənsdaşlar: siz və biz. Odur ki, siz, yaxud biz xəstəyiksə, hər hansı müalicəyə ehtiyacımız varsa, bizə tibbi xidmət göstəriləcək, sadəcə olaraq, əvvəl müalicə haqqı dövlət büdcəsi hesabına ödənilirdisə, indi İcbari Tibbi Sığorta Agentliyi tərəfindən ödəniləcək. Baxın, əgər bu gün Azərbaycana gələn və tibbi sığortası olmayan xarici vətəndaşın ayağı sınırsa, biz onun ayağını gipsə qoyuruq, amma bu xidmətimizə görə ondan haqq ala bilmirik. Çünki dövlət xəstəxanalarında xəstədən pul alma mexanizmi yoxdur. Amma bundan sonra əgər tutaq ki, ayağı sınan xarici vətəndaşın sığortası varsa, onun müalicə haqqını sığorta şirkəti ödəyəcək, yox əgər sığortası yoxdursa, xəstəxana onun qarşısına hesab qəbzi qoyacaq, o da həmin hesabı ödəyəcək. Azərbaycan vətəndaşları isə hamısı bir nəfər kimi sığortalanacaq və İcbari Tibbi Sığorta Agentliyi xəstəxanaların vətəndaşlara göstərdiyi xidmətin haqqını ödəyəcək. Onu da qeyd edim ki, artıq iki ilə yaxındır üç rayonumuzda pilot layihə kimi icbari tibbi sığorta sistemi uğurla praktikadan keçirilir. Bunlar Yevlax, Mingəçevir və Ağdaş rayonlarıdır. Tədricən isə bütün ölkə səhiyyəsi bu sistemlə işləyəcək”. “Ölkəmizdə səhiyyə ödənişli ola bilməz, bu konstitusion normanın pozulması demək olardı. Çünki Konstitusiyada deyilir ki, əhalinin sağlamlığını dövlət öz üzərinə götürür” ADP sədrinin müavini, həkim Həsrət Rüstəmov: “Mətbuatda səhiyyə xidmətlərinin ödənişli olacağı ilə bağlı yayılan məlumatlar jurnalist səhlənkarlığının nəticəsidir. Əslində heç Səhiyyə Nazirliyi də bu məlumatı təkzib etməyə, məsələ ilə bağlı xalqa doğru-dürüst izahat verməyə çox da həvəsli olmadı. O üzdən bir müddət sögügedən mövzu gündəmdə qaldı. Əslində isə söhbət həqiqətən də ödənişli səhiyyədən getmir, çünki ölkəmizdə səhiyyə ödənişli ola bilməz, bu konstitusion normanın pozulması demək olardı. Çünki Konstitusiyada deyilir ki, əhalinin sağlamlığını dövlət öz üzərinə götürür. Bütün sivil dünya dövlətlərində insanların sağlamlığı sığorta olunur. İşləyən vətəndaşların sağlamlığı işəgötürən tərəfindən, iş qabiliyyəti olmayanların - əlil və qocaların, eləcə də uşaqların sağlamlığı isə dövlətin müəyyən bir strukturu tərəfindən sığortalanır, göstərilən tibbi xidmət də məhz müvafiq sığorta qurumları tərəfindən ödənilir. Əslində, bizim ölkəmizdə də vətəndaşların sağlamlığının sığortalanması haqqında qanun 1999-cu ildən mövcuddur. Amma təəssüf ki, həmin qanun işləmir. Qanunun işləməməsi səbəblərindən biri də odur ki, işçilərin böyük bir hissəsi əmək müqaviləsi olmadan çalışır özəl sektorda, bu da təbii ki, vergilərdən yayınmaq məqsədilə edilir. Dövlət sektorunda çalışanların isə əmək haqları o qədər aşağıdır ki, onlardan səhiyyə xidmətləri üçün pul tutulsa, gərək ac qalsınlar. Heç kəs üçün sirr deyil ki, səhiyyə xidmətləri bütün dünyada ən bahalı xidmətlər siyahısındadır, yəni müayinə, müalicə xərclərini qəpik-quruşla qarşılamaq mümkün deyil. Üstəlik, xəstəxanaların avadanlığı, böyük işçi ştatı, kommunal xərcləri və s. böyük məbləğdə maddi vəsait tələb edir. İcbari tibbi sığorta sisteminə keçən ölkələrdə dövlət bu məsrəflərin heç birini qarşılamır. Dövlət maliyyəsi səhiyyə üzrə konkret proqramlara və məmurların əmək haqlarının ödənilməsinə ayrılır, qalan xərclər isə səhiyyə obyektləri, daha doğrusu, sığorta şirkətləri tərəfindən ödənilir. Artıq qeyd etdiyim kimi, bizim cüzi əmək haqlarından bu xərcləri ödəyə biləcək sığorta haqqı tutmaq mümkün deyil. Buna görə də sığorta haqqında qanun bu illər ərzində işləmirdi. Amma bir müddətdir ki, ölkəmizin üç rayonunda həmin qanun guya pilot layihə kimi tətbiq olunur. Məndə olan məlumata görə, adıçəkilən qanunun bütün respublikada tətbiqi əlverişli sayılmayıb. Bu səhiyyə sistemini daha acınacaqlı, hətta iflic durma sala bilər. Çünki il ərzində bir nəfər üçün cəmi 120 manat məbləğində (aya cəmi 10 manat düşür) nəzərdə tutulan sığorta pulu çox gülməli bir rəqəmdir, sığorta sistemi isə bundan da aşağı bir rəqəm gətirib çıxaracaq ortaya. Belə bir iqtisadi göstəriciyə də rast gəlimişdim ki, dövlətin bu günədək səhiyyəyə ayırdığı pul adambaşına 36 dollar idi. Dünya ölkələri ilə müqayisədə bu olduqca aşağı bir rəqəmdir. Müqayisə üçün deyim ki, səhiyyəsi bütünlüklə sığortalı təbabətə əsaslanan Almaniyada və digər Avropa ölkələrində adambaşına ayrılan illik səhiyyə xərci 4-5 min dollar civarındadır. Bütün bunları nəzərə alaraq, icbari sığorta sisteminə keçidlə bağlı səhiyyədə aparılan islahatlar barədə deyilənlər, məncə, həqiqətə uyğun deyil və hazırkı vəziyyətdə sistem işləməyəcək. Elə adıçəkilən rayonlarda da həkimlər icbari sığorta sisteminin işindən çox narazıdırlar. Həddən çox xəstə müayinə və müalicə edirlər, amma hər xəstədən cəmi 50 qəpik, 1 manat civarında pul çıxır. Düzdür, həkimlik tək pulla ölçülən peşə deyil. Amma həkim də insandır, onun da ehtiyacları var, o da ailəsi üçün çörək pulu qazanmalıdır. Dedikləri həmin o publik şəxs məsələsi budur. Artıq qey etdiyim kimi, inanmıram ki, icbari sığorta sistemi indiki şəraitdə işləsin. Fikrimi yekunlaşdırıb bir cümlə ilə tamamlamaq istəyirəm: əgər ölkəmizin iqtisadi və siyasi (idarəetmə) sektorunda islahatlar aparılmasa, tək səhiyyədə aparılan bu islahat heç bir nəticə verə bilməz, bütün idarəetmə sistemi yenilənməlidir və islahatlar təkcə səhiyyədə deyil, bütün ictimai sektorlarda aparılmalıdır, əks təqdirdə heç bir müsbət nəticə gözləmirəm. Sövetlər dönəmində belə bir bir lətifə vardı. Deyirdilər ki, “Brejnevin dövründə qatarı silkələyirdilər ki, guya gedir. Bu gün icbari sığorta sisteminə keçidlə bağlı söhbətlər mənə həmin lətifəni xatırlatdı”. “Heç kəs üçün sirr deyil ki, Azərbaycanda heç vaxt pulsuz səhiyyə olmayıb” İqtisadçı, keçmiş millət vəkili Nazim Bəydəmirli: “Birincisi, xəstəxanaların bəzilərinin publik şəxs formasına keçməsi əslində dövlətin idarəetmə xərclərini azaltmaq məqsədi daşıyır. Bir də ki, heç kəs üçün sirr deyil ki, Azərbaycanda heç vaxt pulsuz səhiyyə olmayıb. Dövlət adını pulsuz qoysa da, vətəndaşlar onlara göstərilən tibbi xidmətin haqqını ödəyiblər, maddi vəsait hesabına. Bu günədək Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiq olunmaması acınacaqlı haldır. Qanun mövcud olsa da, Nazirlər Kabineti onun mexanizmlərini işləyib həyata keçirmirdi. Bu da əslində dövlət səhiyyə sistemində olan inhisarçılıqla bağlıdır. Hesab edirəm ki, dövlət xəstəxanaları həm dövlətdən, həm vətəndaşlardan vəsait almaqla, əslində, hər zaman kommersiya fəaliyyəti göstərib, bu yolla toplanan maddi vəsait guya cari ehtyaclarına (təmirə və.s.) “xərcləyərək” həm də vergidən yayınıblar. Özəl tibbi fəaliyyətə qarşı da qara piar aparılırdı. Səhiyyə sahəsindəki monopoliya, inhisarçılıq elə bir vəziyyətə gətirib çıxardı ki, axırda dövlət icbari tibbi sığorta sisteminə keçməyə məcbur oldu. Amma tibbi sığorta da yenə sığorta şirkətlərinin vasitəsilə müxtəlif məmurlara, oliqarxlara, yaxud ayrı-ayrı qruplara məxsus xəstəxanalara tibbi sığortadan da öz xeyirlərinə istifadə etmək imkanı verir. Beləliklə, dövlət vəsaiti hesabına bir qrup yüksək rütbəli məmura, işbaza məxsus klinikalar bu və ya digər formada əlavə gəlirlə təmin ediləcək. Əgər vətəndaş sığortalıdırsa və tutaq ki, 8-ci kilometrdə yaşayırsa, nə üçün sığortalı müalicə almaq məqsədilə “Neftçilər” xəstəxanasına getməlidir? Neft Şirkətinin əməkdaşlarını icbari tibbi sığorta edilmişdi və Sığorta Şirkəti onlara konkret klinikaların siyahısını vermişdi ki, ancaq bu klinikalardan yararlana bilərsiniz. Yəni, icbari tibbi sığorta tətbiq olunursa, vətəndaşa seçim imkanı verilməlidir ki, istədiyi yerdə, etibar edib inandığı həkimlərin çalışdığı daha ucuz, daha məsləhətli klinikalarda müalicə ala bilsin. Müqayisə üçün deyim ki, özəl klinikalarda qiyməti 500 manat olan bir əməliyyat inhisarçı klinikalarda haradasa 2000-3000 manata başa gəlir. Odur ki, ölkədə, özəlliklə də səhiyyədə inhisarçılıq tam aradan qaldırılmayanadək, dövlət xəstəxanalarında menecment dəyişdirilməyənə qədər, vəziyyət olduğu kimi qalacaq. Yəni bir qrup adam dövlətin pulu ilə varlanmaqda davam edəcək. Mən bunu həm də səhiyyə obyektinin sahibi olduğum üçün bu proseslərin pərdəarxasından xəbərdar bir insan kimi deyirəm. Çox təəssüf edirəm ki, Azərbaycanda islahatlar xalqın mənafeyi naminə deyil, bir qrup insanın (idarəçinin) mənfəəti üçün aparılır. Dediyim odur ki, ölkədə şəffaflıq olmadığı üçün səhiyyədə aparılan adıçəkilən islahatın gələcəyinə ümidlə baxmıram, bu layihənin uğuruna inanmıram. Azərbaycanda yalnız 1 milyon 600 mini muzdla işləyən insan var. Əhalinin sayı isə 10 milyonu aşıb, bunların arasında pensiyaçılar, həddi-buluğa çatmamış uşaq və yeniyetmələr var. Bəs bu insanların sağlamlığını dövlət nədən sığorta etmir? Bəs ölkənin işsiz vətəndaşlarını kim sığorta edəcək? Göründüyü kimi, suallar çoxdur, cabavlar isə hələ ki, yoxdur. Uzağa getməyə ehtiyac yoxdur. Qonşu Gürcüstanda il ərzində bir vətəndaşa dövlət büdcəsindən təqribən 4-5 min dollar civarında vəsait ayrılır və vətəndaşa həmin vəsaitdən istədiyi səhiyyə ocağında istifadə etmək hüququ verilir. Cərrahi əməliyyatın 10 faizini vətəndaş, qalan 90 faizini isə dövlət ödəyir həmin ölkədə. Bizdə isə üç rayonda pilot layihə həyata keçirilir. Amma bu layihə ilə bağlı kifayət qədər cavabsız suallar var. Bu günədək bu eksperimentin nəticələri cəmiyyətə açıqlanmayıb. Sözügedən pilot layihənin tətbiq edildiyi bölgələrdə vətəndaşlar kifayət qədər keyfiyyətli müalicə ala bilməsə də, arada yenə də dövlətin pulu xərcləndi. Statistika üzrə 10 nəfərdən biri ildə bir dəfə xəstələnir, yəni yuvarlaq götürsək, 10 milyon vətəndaşın 1 milyonu ildə bir dəfə xəstələnir. Heç kəs üçün sirr deyil ki, Azərbaycanda xəstəsi olan ailə böyük maddi yükün altına girməli olur, ciddi xəstəliksə ölümə bərabərdir. Çünki Azərbaycanda nə tibbi sığorta sistemi işləyir, nə də ki, dövlət xəstəxanaları əhaliyə pulsuz xidmət göstərir. Dövlət xəstəxanaları dövlət büdcəsi hesabına tikilir, müasir texnika ilə təmn olunur, təmir edilir, hər dövlət qurumu üçün bir xəstəxana inşa edilir, özəl səhiyyənin inkişafının qarşısı alınır, bütün bunlar davam etdikcə, heç bir müsbət dəyişiklik haqda danışmağa dəyməz. Dövlət əslində imkansızların, sosial müavinət alanların, sosial ehtiyacı olanların səhiyyə xərclərini də qarşılamalıdır. Sosial dövlət bu deməkdir. Təbii ki, özəl sektorda çalışan vətəndaş özünü icbari tibbi sığorta elətdirməlidir. İşəgötürən həmin şəxsin səhiyyə xərclərini qarşılamalıdır, çünki işçisinin sağlam olması, vaxtlı-vaxtında işə çıxması, iş qabiliyyətinin yüksək olması onun marağındadır. Dövlət də həmçinin vətəndaşların sağlamlığının qorunmasında maraqlı olmalıdır. Bir zamanlar uzunömürlülər diyarı kimi tanınan Azərbaycan çox təəssüf ki, bu gün orta ömür müddətinə görə bir çox ölkələrdən geridə qalır. Əfsuslar olsun ki, pensiya yaşına çatmamış dünyadan köçən soydaşlarımızın sayı da gündən-günə artır. Həqiqətən çox acınacaqlı vəziyyətdir. Sonda bir daha qeyd etmək istərdim ki, bu islahatlardan müsbət heç nə gözləmirəm, çünki bu islahatları işləyib hazırlayan insanlar səhiyyənin idarəedilməsindən çox uzaqdırlar. İcbari tibbi sığortanın uğurlu tətbiqinə nail olmaq istəyirlərsə, artıq vurğuladığım kimi, Gürcüstan təcrübəsindən yararlanmalıdırlar”./hurriyyet.org