Ekspert kurrikulumun nəticələrini tənqid etdi: “Ana dilindən cəmi bir nəfər 100 bal toplaya bilib”

Baxış sayı:
8648

 “Dövlət İmtahan Mərkəzi (DİM) 2017-ci il üzrə buraxılış və qəbul imtahanlarının nəticələrinə dair yekun statistik analizini çap edib. Bu hesabatı media və təhsil sahəsi ilə maraqlanan ekspertlərə əvvəlki illərdən daha maraqlı edən vacib bir səbəb var: kurrikulum əsasında təhsil alan ilk şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə 1-ci dəfə keçirilən buraxılış imtahanlarının nəticələri barədə bütün məktəblər üzrə məlumatlar təqdim edilib”.
 
Muxalifət.az xəbər verir ki, bu barədə iqtisadçı ekspert Rövşən Ağayev bildirib.
 
Ekspert şərhində əvvəlcə Mərkəzin öz ekspertlərinin gəldiyi ilkin nəticələri təqdim edib: ümumtəhsil məktəblərində kurrikulumun tətbiqi çox zəifdir və şagirdlərə aşılanan bacarıq və vərdişlər lazım səviyyədə deyil.
 
“Rəqəmlərdən aydın olur ki, 2 mərhələnin yekununa görə, (imtahanlar 2 mərhələdə keçirilmişdi – red.) ötən il 9-cu sinfi bitirərək buraxılış imtahanlarında 108 min nəfər şagird iştirak edib. Hər 2 mərhələnin ümumi yekununa görə, Azərbaycan dilindən imtahan verən bütün şagirdlərin təxminən 57%-i 100 ballıq şkala ilə 50 baldan az toplayıb. Yekun nəticə üzrə şagirdlərin cəmi 7%-i maksimum intervalda (80-100 bal intervalı) bal toplaya bilib. Ana dilindən cəmi 1 nəfər 100 bal toplayıb”.
 
R. Ağayev daha sonra qeyd edib ki, hər 2 mərhələnin ümumi yekununa görə riyaziyyatdan imtahan verən bütün 9-cu sinif şagirdlərinin təxminən 70%-i 100 ballıq şkala ilə 50 baldan az toplayıb: “Yekun nəticə üzrə şagirdlərin cəmi 5.5%-i maksimum intervalda (80-100 bal intervalı) bal toplaya bilib. Riyaziyyat fənnindən 20 nəfər 100 bal toplayıb”.
 

Ekspertin sözlərinə görə, fərqlənmə attestatı almaq istəyən 27 min nəfərə yaxın şagird esse yazıb. Qaydalara görə, esse üzrə qiymət 10 ballıq şkala üzrə ən azı 7 bal olduğu halda 9-cu sinif şagirdləri fərqlənmə attestatı almaq şansı qazana bilir.
 
“Yekun statistikaya görə, esse yazmış şagirdlərin cəmi 23%-i (6.3 min nəfər) 7 və yüksək bal toplaya bilib. Öz növbəsində 21% (5.5 min nəfər) essedən 0-2 intervalında bal alıb” – deyə R.Ağayev vurğulayıb.