​Ekspert deputatları, ziyalıları, siyasətçiləri, ictimai fəalları QINADI: “Effektli işləmirlər”

Baxış sayı:
7654

“Tanınmış insanlar, cəmiyyətə maraqlı olan ictimai şəxslərin əksəriyyəti sosial şəbəkələrdən faydalı istifadə edə bilmir”.
Muxalifet.az xəbər verir ki, bunu modern.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz söyləyib. O qeyd edib ki, faydalı informasiya daşıyıcısı olan xeyli siyasətçi, millət vəkili, ictimai xadimlər sosial mediada deyillər:
“Olsalar belə, onlar formal səhifə yaradıblar. Cəmiyyət üçün faydalı, əhəmiyyətli informasiyaları paylaşmırlar. Ona görə də, ilk diqqəti informasiya daşıyıcısı olan şəxslərin sosial mediada fəaliyyətinə yönəltməliyik. Bu gün hər kəs şikayət edir ki, sosial mediada zərərli, mənasız informasiyalar çox yayılır. Yaranmış vəziyyətin səbəbini bilmək üçün sosial mediada lazımlı, faydalı insanların necə təmsil olunduğunu araşdırmalıyıq. Məhz cəmiyyətə faydalı olan, informasiya daşıyıcısı şəxslər sosial mediada az olduğundan zərərli məqamlar daha tez yayılır”.
O. Gündüz hesab edir ki, deputatlar, siyasətçilər, ictimai faydalı insanlar sosial media resurslarından effektiv faydalanmalıdırlar:
“Onlar profil yaradarkən formallıqdan qaçmalı, cəmiyyətə faydalı ola biləcək yanaşmalar paylaşmalıdırlar. Sosial mediada aktiv olan ictimai adamlar gündəmi də izləyərək, hadisələrə maarifləndirici formada reaksiya versələr, bu qədər zərərli paylaşımların şahidi olmarıq. Tanınmış ictimai şəxsin yanaşmasının cəmiyyəti zərərli informasiyalardan yayındıracağını düşünürəm.
Ən yaxşı halda tanınmışlar informasiyanın əldə olunması, açıqlanması, yayılması üçün vətəndaşlarla, media ilə əlaqə saxlaya bilərlər. Bu məsələdə sosial medianın gücündən istifadə etsələr, daha yaxşı daha effektiv və çevik fəaliyyət qura bilərlər”.