Ekspert avtobuslara aksiz vergisi tətbiq edilməsinə etiraz etdi - "MƏNFİ TƏSİR EDƏCƏK"

Baxış sayı:
172

Yol hərəkəti qaydaları üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov gələn ildən Azərbaycana gətiriləcək avtobuslara da aksiz vergisinin tətbiq edilməsi barədə yayılan məlumatlara münasibət bildirib və buna etiraz edib.
Avtosfer.az xəbər verir ki, təfərrüatlar məlum olmasa da (layihə tam ictimailəşdirilməyib), Ərşad Hüseynov bunu yanlış addım sayır:

“1. Ölkəmizdə ciddi avtobus çatışmazlığı var. Paytaxtda və bölgələrdə şəhərdaxili, şəhərlərarası və rayondaxili (rayon mərkəzindən kəndlərə) sərnişin daşımalarında istifadə edilən avtobusların xeylisi istismara çoxdan yararsızdır. Avtobus parkının yenilənməməsinin əsas səblərindən biri də yeni avtobusların bahalığıdır. Bu vergi tətbiq olunarsa, qiymətlər daha da artacaq.

2. Statistika göstərir ki, hətta indiki vergi və rüsumlarla ölkəyə çox az sayda avtobus gətirilir. Məsələn, elə bu həftə ictimailəşən məlumata əsasən, bu ilin ilk 10 ayı ərzində ölkəyə cəmi 179 ədəd 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş avtomobil (yəni avtobus) gətirilib. Bunların da yəqin ki, əksəriyyəti mikroavtobuslardır. Belə olan halda dövlət büdcəsi aksiz vergisinin tətbiqindən nə qazanacaq ki? Sözsüz ki, qəpik-quruş.

3. Aksiz vergisinin təklif olunan dərəcələrinə baxanda görürük ki, mühərrikin iş həcmi artıqca vergi dərəcəsi də artır. Bu da o deməkdir ki, daha iritutumlu avtobusa dah çox aksiz vergisi hesablanacaq. Ölkəmizdə, xüsusən də paytaxtda iritutumlu avtobusa tələbatın yüksək olduğu indiki şəraitdə bu da öz mənfi təsirini göstərəcək”.

Hüquqşünas hesab edir ki, avtobuslara aksiz vergisi tətbiq edilməməli, hətta əksinə müasir avtobus idxalı üçün güzəştli kredit və başqa mexanizmlər tətbiq edilməlidir: “Əks təqdirdə yollarımızdakı avtoxlamı hələ uzun müddət görəsi olacağıq”.