DYP əməkdaşlarının özbaşınalığından şikayət edən Şəki sakini döyüldü – ŞİKAYƏTİNƏ İSƏ BAXAN YOXDUR / Prezidentə müraciət

Baxış sayı:
1099

Şəki rayonun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürəhimov Sadiq Məmmədəli oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, Daxili İşlər naziri Vilayət Eyvazova, DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalova, eləcə də digər aidiyyətli qurumların rəhbərlərinə müraciət şikayətçi yazır:
“Cənab Prezident!
DYP işçiləri tərəfindən mənə qarşı törədilən təxribat, quldurluq və şantajların dayandırılmas üçün bir daha Sizə müraciət etmək zorunda qalmışam. Əvvəlcə ardıcıllıqla xatırlatmaq istəyirəm ki,   sentyabrın 23-də Qax şəhərinə çatmamış 822 nömrəli DYP avtomobilini idarə edənlərin göstərişi ilə naməlum DYP işçiləri  idarə etdiyim şəxsi avtomobilimi saxlamış və mənimlə mübahisəyə başlamışlar. Biri əl atıb qapını açır, digəri açarı almaq istəyir və s. anormal hərəkətlər edirdilər. Sonda təhlükəsizlik kəmərinindən istifadə etməməyə görə protokol tərtib etdilər, amma surətini vermədilər.
Səhəri günü gedib yazdıqları protokolu tələb edib, aldım(videosu təqdim edirəm). Və gördüm ki, protokola guya hadisənin Yevlax-Zaqtala yolunun 18-ci km-də olması barədə məlumatlar qeydə alınıb. Halbuki, mən Şəki-Qax yolunda saxlanılmışam. Mən cərimənin protokol nömrəsinə görə ödəmək məqsidlə bu sənədi onlardan alanda məlum oldu ki, DYP işçiləri əslində koordinat üzrə Yevlax-Zaqatal yolunda xidməti vəzifələrini həyata keçirməli idilər. Lakin həmin yolda əsaslı tikint-təmir işləri getdiyindən, bu şosseyə təhkim olunan 822 nömrəli DYP avtomobili 90 km kənarda xidmət göstərməli olan digər DYP avtomobili ilə gizli sövdələşmə aparıb. Belə ki, onları qanunsuz olaraq öz ərazisinə dəvət edib ki, iş yoldaşları “ac qalmasınlar” və 822-nin ərazisinə daxil olub, dolansınlar, qazancı da bölsünlər. 822 nömrəli DYP avtomobili isə həmin ərazidə fəaliyyətdə olan təxminən 800 avtomobillə gizli anlaşdığına (aylıq plan məsələsi) görə, onlara qarşı Azərbaycan qanunlarını tətbiq edə bilmir. Və əlacsız qalıb kənardan bu zonanın avtomobillərini “qarmağa” saldırmaq üçün belə metod seçib, pul qazanırlar.
Mən sentyabrın axırında bu dəstəni ifşa etdiyimə görə, xahiş-minnət etdilər və dərhal da özləri yazdıqları 40 manat cəriməni özləri əvəzimə ödədiklərini bildirdilər( amma ödəmədilər). Bu məsələnin heyfini məndən çıxmaq üçün oktyabrın 3-də günortadan sonra mənə bildirdilər ki, səni Şəki DYP əməkdaşları axtarır. Şəki DYP İdarəsinin radalar üzrə kompüter mütəxəssisi -  Aqşin adlı birisi telefonda mənə bildirdi ki, səni “zapravkanın” yanında gözləyirik. Mən Aşağı Göynük kəndindəki “Göynük petrol” yanacaqdoldurma stansiyasının yanında avtomobili saxlayıb, VAZ 2106 markalı, ağ rəngli, 10 DJ 106 nömrəli şəxsi avtomobillərində əyləşmiş iki nəfərlə görüşdüm. Biri mülkü formada, (sonradan öyrəndim ki, bu Aqşindir və gəldikləri avtomobil də dədəsinin adınadır), digəri polis formasında idi. Bu da Adamov Ramil idi. Dedilər ki, sənin 90 BX 213 nömrəli avtomobilinin 10 manat cəriməsi olub və sən onu ödəmədiyinə görə avtomobilini həbs edib aparmalıyıq, sürücülük vəsiqən də ləğv olunur. Mən bildirdim ki, axı mənim nə mobil telefonuma, nə də poçtla evimə protokol gəlməyib ki, mən bu 10 manatı dərhal ödəyim. Onlar yanımda olan Hümmətov Ziyəddin Kamal oğlunun yanında dedilər, ya 200 manat hörmət elə, biz sistemdən bu cəriməni silək, ya da avtomobili aparmalıyıq və “prava”n da ləğv olunacaq.
Mən dərhal 902 qaynar xəttinə zəng etdim. Bildirdilər ki, sənin cərimən olub və aktivdir, cəriməni ödə məsələ bitsin. Qaynar xəttdə mənə cavab verən şəxs yanımdakı polislə (Adamovla) da danışdı. Mən tanışımı yaxındakı aparat vasitəsilə cəriməni ödəməyə göndərdim. Bu zaman özlərini DYP işçiləri kimi təqdim edənlərdən biri  - Adamov avtomobilimə oturub Şəki istiqamətində sürməyə başladı, digəri, mülki geyimli Aqşin də atasına məxsus olan, lakin sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi 10 DJ 106 dövlət nişanlı VAZ 2106 avtomobillə onun arxasınca sürüb getdi. Onlar mənim ödədiyim qəbzi də nəzərə almadılar.
Bəli, bu mənə qarşı sifariş idi ki, gedin onu cəzalandırın, “ağlı başına gəlsin” ki, 23 sentyabr protokolunu niyə bizdən istəyib.  Avtomobilimin oğurlanması faktına görə dərhal DİN-nin 102 xidmətinə zəng edib, məlumat verdim. Qeydə alındı. Amma ayın 16-a kimi heç bir tədbir görülmədi.

Avtomobilimin  oğurlanması ilə bağlı yuxarı orqanlara etdiyim şikayətlərdən sonra Oğuz-Balakən şosse yolunun komandiri Əli müəllim, Şəki DYP Bölməsi rəisi məni telefonla görüşə dəvət etdilər. Qeyri-rəsmi çağırış olduğuna görə getmədim. Sonradan 16 oktyabr saat 11-00-da Şəki DYP rəisi rəsmi bildiriş göndərdi. Sonradan DİN-nin polkovniki cənab Ceyhun Əliyev telefonda mənimlə məsələni müzakirə etdi və ayın 16-da Şəkiyə gəlib izahat aldı. Elə Şəki Prokurorluğunda da ayın 23-də müstəntiq Turala izahat yazdım. Amma bunların hamısı izahatı çox qısa etməyimi istəyirdilər.
Bu gün də Ziyəddin Hümmətov Prokurorluqda yazdığı izahatında bir şahid kimi təsdiq etmişdir ki, DYP işçiləri olan mülki və polis formasındakı adamlar Sadiq Əbdürəhimovdan 1 il 2 ay əvvəl yazılmış 10 manatlıq cəriməni silmək üçün  200 manat pul istəmişlər, yoxsa avtomobili aparacaqlarını bildirmişlər. Sadıx pulu verməyəcəyini, cəriməni dərhal ödəyəcəyini bildirsə də, onlar NİVA-nı dedikləri kimi oğurlayıb apardılar. Niva avtomobilini mən yalnız 23 oktyabrda DYP-nin cərimə meydançasında götürdükdə təkərlərin hamısı boşalmış, yarasız vəziyyətə düşmüş, akkumulyator sıradan çıxmışdı. Vurduqları ziyandan isə danışmaq əvəzinə, DYP inspektoru R.Adamov yazdığı izahatında bildirib ki, guya mənim yazdıqlarımın hamısı böhtan xarakterli imiş. Halbuki, bu adam oktyabrın 11-də əmimoğlu Mehdinin 077 500 7005 mobil nömrəsinə gizli nömrədən zəng edərək, mənim gedib şikayət ərizəmi geri götürməyimi tələb etmiş, “bu günün sabahı da var” deyərək, təhdid mesajı yollamışdır. Və izahatında qəsdən yazmışdır ki, guya məni yolda hərəkətdə olan zaman saxlayıbmış. Halbuki, mənim qaynım Kamal onunla telefonda danışıb, Sadiqi niyə axtardıqlarını soruşduqda Adamov bildimişdir ki, cəriməsi var, tez gəlsin “zapravka”nın yanına. Soruşanda ki, nə qədər cəriməsi var? Cavab verir ki, nə dəxli var, gəlməlidir buraya.
Şikayətimdə göstərilən faktlar üzrə Şəki rayon Prokurorluğunda müstəntiq Tural tərəfindən araşdırma aparıldı. Və bu arada hadisənin baş verdiyi “Göynük petrol” yanacaqdoldurma stansiyasının kamera görüntüləri Adamov tərəfindən dərhal  silinmişdir. Mən bu görüntülərə şəxsən baxdım və hadisələr 10 metr məsafədə ağacın üstündə yerləşən kamera vasitəsilə qeydə alınsa da, mənə verməkdən imtina etdilər.
Beləliklə, 24 noyabrda Şəki İH tərəfindən verilən cavabdan aydın olur ki, 24 oktyabrda Şəki rayon prokurorluğunda şikayətim əsasında aparılan araşdırmaya əsasən, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Mənə isə hələ də 1 aydır ki, əsassız və saxta qərarın surəti göndərilmir. Elə ona görə müstəntiq Tural izahatı yazanda mənə təzyiq edirdi ki, qısa yaz, çox yazma. İndi aydın olur ki, müstəntiq niyə Aqşini və Yevlax şossesinə nəzarət edən və mənə saxta protokol yazan digər DYP işçilərini araşdırmaya nə üçün cəlb etməmişdir. O, yalnız Adamovla bağlı epizodu “araşdırmış” və işi onun xeyrinə yekunlaşdırmışdır.
Oğurladıqları avtomobili, 10 amantlıq cəriməni silmək üçün şahid yanında istənilən 200 manat tələb edilən rüşvət haqqında, cərimənin ödəmə qəbzinin nəzərə alınmaması, radar cərimələrini yoxlayan və hər bir kənd üzrə belə sürücüləri araşdırıb tapdıqdan sonra onların evinə dədəsinin 10 DJ 106 nömrəli avtomobili ilə DYP işçisi Adamovla birlikdə gedib dələduzluqla məşğul olan bu dəstəyə hüquqi qiymət vermək əvəzinə, formal tərtib etdikləri araşdırmanın nəticəsinə görə “cinayət işinin rədd edilməsi” barədə əsassız QƏRAR qəbul edilmişdir. Elə DİN-ndən rayonumuza mənim şikayətim əsasında təşrif buyurmuş polis polkovnik-leytenantı Ceyhun Əliyev də öz paqon yoldaşları ilə həmfikir olmuşdur.
Cənab Prezident!
Mən Şəki Prokurorluğunun belə primitiv saxta araşdırmasına və general Ramiz Zeynalovun mənə yazdığı formal cavab məktubuna, doğrusu, cavab vermək və şikayətimi davam etdirmək fikrim yox idi. Amma mənim vəhşicəsinə döyülməyimlə bağlı sifariş olmasaydı. Belə ki, 19 noyabrda qonşum məni Şəki şəhərindəki şadlıq evinə toya dəvət etmişdi. Toyun ortasında digər qonşum mənə sözü olduğunu və həyətə çıxmağımı istədi. Elə ki, həyətə çıxan kimi məni dəvət edən və digər yekəpər yoldaşı heç bir söz demədən başladılar məni vəhşicəsinə, amansızlıqla döyməyə. Səs-küyə qaynım gələndə bu iki killer dərhal sürətlə hadisə yerindən qaçdılar. Onlar mənim əsas sifət nahiyəmi hədəfə alıb, zərbələr endirmişlər. Çoxlu qan itirdim. Anam DİN-nin 102 xidmətinə zəng etdi. Şəki Polis İdarəsindən polkovnik-leytenant gəlib məndən izahat aldı. Şikayətimdən sonra bu cavanların valideynləri, qohumları gecə-gündüz evimizə minnətə gəldilər ki, şikayətimi geri götürüm. Mən isə sadəcə soruşdum ki, bu hadisə niyə baş verdi? Bu şəxslərə qarşı mənim hardasa bir səhvim, borcum, inciklik və s. olubmu? “Xeyr” dedilər. Cavab verdilər ki, bəs sərxoş olmuşuq, bilməmişik…

Qohumları gecə-gündüz bilmədən evdə oturmağa qoymadıqları üçün mən şikayət ərizəmi geri götürdüm. Əslində bu şəxslər məni əlil də etsələr, günahı bunlarda görmürəm. Çünki bu adamlarla mənim heç bir düşmənçiliyim və ya aramızda hər hansı bir incilik belə olmamışdır. Amma qəti olaraq bilmək istəyirəm ki, bu muzdurlara məni vəhşicəsinə döyməyi və ağır xəsarət yetirməyi kim sifariş verib? Amma o da faktdır ki, general Ramiz Zeynalovun Şəki DYP işçisi Adamovu yüngülcə inzibatı məsuliyyətə cəlb etməsi, Şəki Prokurorluğunun  Adamovun dəstəsini ifşa etməməsi, faktiki qanunsuz hərəkətlərini ört-basdır etmək üçün Bakıdan gələn DİN-nin polisi C.Əliyevi “yola salmaq” və sonda işini itirməmək üçün külli-miqdarda zərərə düşmüşdür. Və araşdırmaların davam etdiyi bir zaman doğma əmim oğlu Mehdiyə elə həmin Adamov tərəfindən gizli nömrədən zəng edərək hədə-qorxu gəlmişdir ki, Sadiq şikayətini geri götürsün, yoxsa sonrası pis olar”.
Bəli, deyilən kimi də oldu. Sonrası, noyabrın 19-da həqiqətən mənim üçün çox pis oldu. Yəni mən xəbərdarlığımı 20-22 gün əvvəl əmioğlu vasitəsilə Adamovdan almışdım. Məni bu cür başqa heç kim hədələməmişdir. Amma bu gün də deyə bilmərəm ki, məni fiziki cəzalandırmaq, məhv etmək istəyən sifarişçi qəti olaraq kimdir. Bu, istintaq araşdırmasında müzdlüları sorğu-suala çəkməklə,məntiqlə sübuta yetirilə bilər. Və onu da qəti olaraq bildirirəm ki, bu günə qədər mənim heç kimlə bir düşmənçiliyim olmayıb və başqa heç kimdən də şübhələnmirəm.Təkcə məni hədləyən Adamovdan başqa.
Mən adi bir avtomobil elektrikiyəm, kasıbçılıqla dolanıram. Şəhid ailəsi olsam da son 25 ildə dövlət tərəfindən ailəmizə hər hansı yardım və ya köməklik olmayıb( Nə bir ev, torpaq, pul yardımı, avtomobil, və s.) Nə də biz qurumuza sığışdırıb heç nə ummamışıq.
Onu da bir daha diqqətə çatdırmaq istəyirəm ki, Şəki DYP işçisi Adamovun mənə hədə-qorxu gəlməsindən sonra, oktyabrın 25-də cənab daxili işlər nazirindən xahiş etmişdim ki, mənim və ailəmin təhlükəsizliyini təmin olunmasına göstəriş versin. Bu da nəticəsi.
Cənab Prezident!
Şəki prokurorluğunun 24 oktyabr 2019-cu il tarixli qərarından  məlum oldu ki, mülkü formada DYP adı altında quldurluqla məşğul olanlar müəyyənləşsə də, sonda cəzasız qaldılar. Ona görə də Sizdən xahiş edirəm ki, Şəki Prokurorluğunun 24 oktyabr tarixli əsassız qərarının ləğv edilməsinə və bu məsələnin Qax rayon Prokurorluğunda vicdanlı və peşəkar müstəntiqlər tərəfindən araşdırılmasına, mənim qəddarcasına döyülməyimə sifariş verən cinayətkarın tezliklə tapılaraq cəzalandırılmasına göstəriş verəsiniz”.
Muxalifet.az
Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.