Düşmən törətdiyi hərbi cinayətləri ört-basdır etmək üçün “əsirlərin güllələnməsini” səhnələşdirir

Baxış sayı:
394

Ötən gün sosial şəbəkələrin Azərbaycan seqmentində ildırım sürəti ilə “azərbaycanlı hərbçilərin erməni hərbi əsirləri güllələməsi” videosu yayıldı. Müdafiə Nazirliyi, hüquq-mühafizə orqanları həmin videonun qurama olduğunu tezliklə müəyyən etdilər, çünki səhnə çox primitiv düşünülmüşdü və “əsirlərin güllələnməsinin” əslində qurama olduğunu mütəxəssis olmayanlar da asanlıqla müəyyən edə bilərdi.

Buna baxmayaraq həmin video sayılı dəqiqələr keçməmiş Ermənistan tərəfinin “əlinə keçdi” və dərhal böyük hay-küy qaldırıldı. Ermənistan ombudsmanı “azərbaycanlı hərbçilərin hərbi cinayət törətdiyinə dair təkzibedilməz dəlillər əldə etdiyini” açıqladı və təbii ki, bu dəlillərlə bağlı beynəlxalq təşkilatlara müraciət edəcəklərini dedi.

Maraqlıdır ki, bu qurama videonun sosial şəbəkələrə ötürülməsi xirtdəyinə qədər hərbi cinayətlərə bulaşan düşmən ölkənin və onun işğalçı ordusunun Azərbaycanın mülki yaşayış məntəqələrinə, dinc sakinlərə, qadınlara və körpələrə qarşı hərbi əməliyyatların başlamasından bəri hər gün törətdiyi cinayətlərdən daha birinə əl atmasından-Tərtərdə qəbiristanlıqda dəfn mərasiminə toplaşanların artilleriya atəşinə tutulmasından az sonraya təsadüf etmişdi.

Dinindən, irqindən, milliyətindən asılı olmayaraq ölən şəxsin dəfn mərasiminə hörmət bəşəriyyətin yazılmamış qanunlarından biridir. Lakin Ermənistan və onun işğalçı ordusu bu qanunu da tapdaladı, Tərtərdə dəfn mərasiminə toplaşanlara artilleriya atəşi açdı və 4 dinc sakinin həlak olmasına səbəb oldu. Hansı ki, həmin qəbiristanlıqdan nəinki yaxınlıqda, heç kilometrlərlə uzaqda da Azərbaycan ordusunun döyüş mövqeyi, hansısa hərbi infrastrukturu mövcud deyildi. Amma Ermənistan ordusu növbəti hərbi cinayət törədərək qəbiristanlığı hədəfə aldı.

Tərtərdə dəfn mərasiminə toplaşanların atəşə tutulması,  mülki şəxslərin həlak olması, qəbirlərin dağıdılması barədə video-foto sübutların xarici KİV-lər tərəfindən də yayılmağa başladığı saatlarda “əsirlərin güllələnməsi” videokadrları ortaya çıxdı. Bu təsadüf idimi? Əlbətdə, təsadüf deyildi və görünür Gəncədə gecə saatlarında, insanların öz evlərində yatdıqları bir vaxtda yaşayış binalarına “Skad” ballistik raketinin atılması kimi dəhşətli müharibə cinayətinin ardınca dəfn mərasiminin atəşə tutulması görüntülərinin beynəlxalq ictimai rəydə yaradacağı rezonansı hesablayan Ermənistan xüsusi xidmət orqanları bu kadrların yayılmasını təşkil etmişdi.

Bəs həmin görüntülərin qurama olduğunu necə müəyyən etmək olardı? Ermənistan xüsusi xidmət orqanlarının rejissorları və montajçıları harada tələskənliyə yol vermişdilər?

Əvvəla kadrlarda yol kənarındakı binalardan birinin (erməni tərəfi kadrların Hadruta çəkildiyini iddia edir) divarına iri qırmızı hərflərlə hərbi hissənin nömrəsi (088) və “Qarabağ Azərbaycan” şüarı yazılıb. Bu detallar kadra “əsirləri güllələyənlərin” Azərbaycan hərbçiləri olmasının “sübutu” kimi daxil ediblər. Sual yaranır: qızğın döyüşlərin getdiyi bir vaxtda hansı əsgər çantasında divara şüar yazmaq üçün sprey-boya gəzdirir?

Yaxud növbəti “sübut” olaraq “əsirlərdən” birinin üzərinə qondarma “dqr bayrağı”, digərində isə Ermənistan bayrağı qoyulub. Başqa sözlə, erməni rejissorları bununla “əsirlərin” erməni olduqlarını sübut etmək istəyirlər. Bayraqlar isə təzədir, az qala qatı da açılmayıb və növbəti sual yaranır: hərbçilər həmin təzə bayraqları tez-tələsik haradan tapdılar? Axı hadisələr Hadrut küçələrində baş verirdisə elə erməni tərəfinin də həmin günlərdə bildirdiyinə görə, qəsəbədə qızğın atışmalar gedirdi və köməyə gələn Ermənistan xüsusi təyinatlıları Hadruta daxil olmağa fürsət tapmış hansısa “xarici muzdlular, yaxud türk komandosları” ilə aramsız döyüşlər aparırdı?

Daha sonrakı səhnə-kadr arxasından kimsə Azərbaycan dilində “başına atəş aç” əmri verir, amma nədənsə güllələrdən heç biri “əsirlərin” başına dəymir. Hansı ki, “əsirlərin tutulması” barədə digər videokadrlardan görünür ki, biri yaşlı, biri gənc olmaqla iki silahlı ermənini əsir götürən hərbçilər iriçaplı atıcı silahlarla silahlanıblar. Və belə silahdan yaxın məsafədən açılan atəşlə həmin “əsirlərin” başı sadəcə olaraq parçalanardı.

Amma “əsirlər” başları tamamilə salamat halda, qanları axmadan arxaya deyil, fizika qanunlarına zidd olaraq qabağa yıxılır, ardınca onların “güllələnməsi” davam edir. Lakin nədənsə bu dəfə də atılan güllələrdən “əsirlərin” köynəyində nə deşiklər, nə qan izləri yaranmır.

Həm “əsirləri” tutanların, həm onların güllələnməsini səhnələşdirənlərin əslində erməni əsgərləri olduqlarına dəlalət edən detal isə gözdən qaçıb-videonun 1:43 və 1:44 saniyələrində silahlı erməni əsgəri kadra düşür və belə görünür ki, Ermənistan xüsusi xidmət orqanları bu kadrı silməyi yaddan çıxarıblar.

 

Və indi bu qurama səhnələr əsasında Azərbaycan hərbçilərini hərbi cinayətdə ittiham etməyə çalışanlar əslində özlərinin boğaza qədər müharibə cinayətlərinə bulaşmasından diqqəti yayındırmaq istəyirlər. Hansı ki, məhz erməni hərbçilərinin törətdiyi hərbi cinayətlər barədə elə onların özləri tərəfindən sosial şəbəkələrdə çoxsaylı videosübutlar yayılır. Azərbaycan tərəfinin bu sübutları sənədləşdirib müvafiq beynəlxalq strukturlara təqdim edəcəyinə şübhə yoxdur.

Müharibə qanunlarından, beynəlxalq humanitar normalardan bəhs edən və növbəti dəfə özünün “yazıq, əzabkeş” obrazını formalaşdırmaq üçün bütün çirkin təbliğat metodlarını işə salan düşmən tərəf  Xocalıda törətdiyi insanlıq cinayətini, barbarlığı, indi də davam etdirdiyi digər çoxsaylı hərbi cinayətləri unudub?/virtualaz.org