DÜŞMƏN GƏNCƏNİ RAKET ATƏŞİNƏ TUTUB - Sakinlər arasında ölənlər və yaralananlar var / Yenilənib - 3

Baxış sayı:
1547

Ermənistan silahlı qüvvələrinin humanitar atəşkəs rejiminin tələblərini pozaraq, 11.10.2020-ci il tarixdə gecə saatlarında müharibə zonasından 100 km-dən artıq məsafədə yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzində çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 7 nəfər həlak olub, 28 nəfər yaralanmış, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Bu barədə Ombudsman Aparatından bildirilib.

Qeyd edilir ki, hal-hazırda hadisə yerində dağıntılar altında qalan insanların xilas edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir, bu baxımdan ölənlərin və yaralananların sayında artım ola bilər.

Gəncədə dağıntılar altından 17 nəfər çıxarılıb
 
Humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusu 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni raket atəşinə tutub.
 
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, nəticədə, yaşayış binasına düşən raket binanı tamamilə dağıdıb, bina sakinləri dağıntılar altında qalıb.
 
Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən, ilkin məlumata əsasən, dağıntılar altından xəsarət almış 17 nəfər və 5 nəfərin cəsədi çıxarılıb.
 
Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.
 
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

***

Ermənistanın Gəncəni atəşə tutması nəticəsində 5 nəfər həlak olub

İşğalçı Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 10 oktyabr 2020-ci il tarixdə saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.

Bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı açıqlamada bildirilib.

Açıqlamada qeyd olunub ki, düşmənin silahlı qüvvələrinin 11.10.2020-ci il tarixdə gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çox mənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində 5 nəfər həlak olub, 28 nəfər yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırda hadisə yerində olan prokurorluq əməkdaşları tərəfindən zərərçəkmiş şəxslərin və zərər dəymiş mülki infrastruktur obyektlərin siyahısının dəqiqləşdirilməsi ilə bağlı istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
İctimaiyyətə yaxın vaxtlarda ətraflı məlumat veriləcəkdir.

***

Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub.

“Report”un  verdiyi məlumata görə, Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı yaşayış binalarına düşüb.

Nəticədə bir neçə sakin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, infrastruktura külli miqdarda ziyan dəyib. Ölənlərin olduğu bildirilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Hazırda dağıntılar altında qalan insanların çıxarılması tədbirləri davam edir.