Dünyanın sonunu gətirəcək FƏLAKƏT SSENARİSİ qapıda: Buzlaqlar üzərində döyüşlər BAŞLAYIR

Baxış sayı:
1414

Dünya böyük təhlükə ilə üz-üzədir. Bir tərəfdən iqlim dəyişiklikləri, digər tərəfdən bu dəyişikliyi sürətləndirəcək Arktika müharibəsi hər keçən gün qızışır.
BMT-nin Hökumətlərarası İqlim Dəyişikliyi Panelinin (İPCC) yaydığı son hesabatda dünyada havaların 1 dərəcə isindiyi və kritik nöqtə olan 1,5 dərəcə isinməyə doğru irəlilədiyi qeyd olunur. Əgər bunun qarşısı alınmasa, dünya 2030-cu ildən etibarən böyük fəlakətlər dövrünə qədəm qoyacaq. Əgər bu isinmə 5 dərəcəyə qədər qalxarsa, 2100-cü ildə bəşəriyyətin sonu olacaq.
İPCC bu fəlakətin qarşısını almaq üçün dünyanın enerji istehsalından tutmuş turizm zonalarının bağlanmasına qədər ən müxtəlif tədbirlər görməsinin vacibliyini vurğulayır.
Ən təhlükəlisi isə dünya siyasətçilərinin qlobal istiləşməyə ideologiya olaraq baxmasıdır. Halbuki, mütəxəssislər vəziyyətin ciddi olduğunu deyir. Hazırda qlobal istiləşməyə görə, hər il dünyada 400 min insan ölür. Belə davam edərsə, 2030-cu ildə bu rəqəm 600 minə çatacaq.
Türkiyəli mütəxəssis Cem Gürdenizin fikrincə, bu gün qlobal istiləşmə nəticəsində əriməyə məcbur qalan Arktika bölgəsi qlobal geosiyasi qarşıdurmanın da mərkəzinə çevrilib.
Orada iki cəbhə var: bir tərəfində Rusiya və Çin, digər tərəfində isə ABŞ və İngiltərə.
İngiltərə xarici işlər naziri Ceremi Hant Rusiyanı bölgəni hərbiləşdirməkdə ittiham edir.
Arktika bölgəsində haqq sahibi olan 8 ölkə var: Kanada, Danimarka, İsveç, Rusiya, İslandiya, Finlandiya, ABŞ və Norveç. İngiltərənin burada payı yoxdur, lakin ciddi iddialar irəli sürür. 8 ölkə Arktikada buzların əriməyinə qarşı birgə addım atmağa hazır olduqlarını deyirlər, lakin İngiltərə ABŞ-ı da yanına alaraq, bu prosesi pozur.
İngiltərənin İslandiyaya RAF Tayfun döyüş təyyarələrini göndərməyə hazırlaşması da bundan xəbər verir. Ötən həftə isə İngiltərə hökuməti Norveçdə Rusiyaya qarşı amerikalı və hollandiyalı əsgərlərlə yanaşı, 800 ingilis komandosunun da yerləşdiriləcəyini açıqladı.
İngiltərə parlamentinin müdafiə komitəsi “İncə Buz üzərində: Arktikada ingilis müdafiəsi” adlı hesabat hazılayıb. Bu hesabatda deyilir ki, Rusiya Arktikada ciddi müharibə təhlükəsi yaradıb, buna görə də NATO oyuna daxil edilməlidir.
NATO 25 oktyabr-7 noyabr tarixlərində Norveç sahillərində “Trident Juncture -2018” adlı təlimlər keçirməyə hazırlaşır. Bu, “soyuq müharibə”dən indiyə kimi NATO-nun keçirdiyi ən böyük təlimlər olacaq. Təlimə 30 ölkədən 50 min əsgər, 70 döyüş gəmisi və 150 döyüş təyyarəsi qatılacaq. Ssenariyə görə, Norveç “xəyali düşmən” tərəfindən işğal edilir və bu ölkənin azad edilməsi üçün NATO hərəkətə keçir. Ekspertlər “xəyali düşmən” adı altında əslində Rusiyanın nəzərdə tutulduğunu hesab edirlər. Ehtimallara görə, ABŞ, İngiltərə və NATO Suriya və Ukraynadan sonra Rusiyaya qarşı Arktikada yeni cəbhə açmağı planlaşdırır. Hətta ABŞ “Arktika ordusu” yaratmağa hazırlaşır.
Mütəxəssislərin fikrincə, bütün bu hərbi gərginlik qlobal istiləşmə nəticəsində Arktika buzlarının əriməsini sürətləndirir. İPCC-nın hesabatına görə, qlobal istiləşmə 1,5 dərəcəyə qədər artarsa, qarşıdakı 100 ildə Arktika buzları tamamilə əriyəcək. İstiləşmə 2 dərəcə olarsa, buzların əriməsi üçün cəmi 10 il vaxt bəs edir./Publika.az/