Dünyanın qorxusu röyası - nüvə müharibəsi...

Baxış sayı:
2362

Elçin Mirzəbəyli: “Belə bir ehtimal nəzərə çarpmır”; Əziz Əlibəyli: “Nüvə müharibəsi üçün ciddi səbəb yoxdur”

Nüvə silahına sahib ölkələrdən bəzilərinin bir-biriləri ilə münasibətlərinin soyuq olması hər zaman dünyanın qorxulu röyasıdır. Bu səbəbdən nüvə müharibəsinin ola biləcəyi ehtimalları daim dilə gətirilir.

Xüsusilə, nüvə silahına sahib dövlətlərdən Amerika və Rusiya arasında gərginliklərin yaşanması bu ehtimalları daha da gücləndirir. Hər iki ölkənin rəhbərləri tərəfindən zaman-zaman nüvə təhdidlərinin səslənməsi müharibə riskini saxlayır.

Pakistan-Hindistan, ABŞ-Şimali Koreya, Çin-Amerika münasibətlərindəki gərginlik də nüvə müharibəsi barədə müzakirələrin səngiməsinə imkan vermir. Doğrudur, ekspertlərin tam əksəriyyəti belə bir müharibənin olmayacağını düşünürlər.

Politoloq Elçin Mirzəbəyli hesab edir ki, nüvə silahı daha çox nüvə ölkələrinin təhlükəsizliyinin təminatçısı və çəkindirici amil rolunu oynayır: “Hazırda dünyada 9 nüvə dövləti var: ABŞ, Rusiya, Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan, Şimali Koreya və İsrail. Şimali Koreya nüvə sınağını 2006-cı ildə keçirib və hələlik “nüvə klubu”na daxil olan ən son dövlət sayılır. İsrail isə bu günədək nüvə silahına sahib olduğunu təsdiqləməyib. Nə “hə” deyib, nə də “yox”. Beynəlxalq Atom Agentliyi də bununla bağlı heç bir təkzibedici fakt yaymayıb, araşdırma aparmayıb. Nüvə müharibəsinə gəldikdə isə, düşünürəm ki, hazırda Şimali Koreya, Hindistan və Pakistan istisna olmaqla digər dövlətlərin hansısa təhlükəyə qarşı nüvə silahlarından istifadə etmələrinə ehtiyac yoxdur. Onların arsenalında nüvə silahından heç də az dağıdıcı qüvvəyə malik olmayan silahlar var. Bütün hallarda bu məsələ haqqında mütəxəssislərin rəy bildirməsi daha doğru olar. Mən məsələyə siyasi və geosiyasi konteksdən yanaşa bilərəm. Geosiyasi amilləri, dövlətçilik və hərb ənənələrini, idarəetmə sistemlərini nəzərə alsaq, düşünürəm ki, Hindistan, Pakistan və Şimali Koreyanın bu və ya digər təhlükəyə, yaxud müdaxiləyə qarşı nüvə silahından istifadə etmək ehtimalı var. Amma bunun da ehtimaldan uzağa gedəcəyini düşünmürəm. Hazırda belə bir ehtimal nəzərə çarpmır.

Картинки по запросу Politoloq Elçin Mirzəbəyli

Nüvə dövlətlərindən bəzilərinin maraqları kəskin şəkildə toqquşsa da, bu, hələ hətta hərbi qarşıdurma həddinə çatmayıb. 1987-ci ildə SSRİ və ABŞ arasında nüvə silahını istehsal etməmək, sınaqdan keçirməmək və tədricən məhv etmək barədə razılaşma imzalanmışdı. Amma bu gün bəlli olur ki, razılaşma qismən həyata keçirilib. 1993-cü ildə Rusiya ilə ABŞ arasında raketlərə aşılan başlıqların yerləşdirilməsini yasaqlayan müqavilə imzalansa da ratifikasiya olunmadı. 2002-ci ildə imzalanan müqavilədə isə hər iki tərəfin 2013-cü ilədək 2200 nüvə başlığını məhv etməsi nəzərdə tutulurdu. Bu gün həm ABŞ, həm də Rusiya tərəfi qarşılıqlı ittihamlarla çıxış edir və müqavilənin şərtlərinin yerinə yetirilmədiyini bildirirlər. Daha öncə də qeyd etdiyim kimi, nüvə dövlətləri nüvə silahını çəkindirici və öz təhlükəsizlikləri üçün əsas amil kimi qiymətləndirirlər. Bu baxımdan, yaxın 50 il ərzində nüvə dövlətlərinin qarşılıqlı razılaşma əsasında bu dağıdıcı silahdan imtina edəcəkləri az inandırıcı görünür”.

Картинки по запросу Əziz Əlibəyli

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli: “Nüvə ilə bağlı problem həmişə aktualdır. Xüsusilə indiki güc diplomatiyasının işlədiyi dünyada nüvə silahı özünü sığortalamaq missiyası daşıyır. Bu silaha malik olanlar ölkələr ən başda Rusiya və ABŞ olmaqla bütün dünyanı qorxuda saxlayırlar. Ən əsası istəmirlər ki, özlərindən başqa bir dövlət buna sahib olsun. Məsələn, Şimali Koreya, İran ətrafında baş verənlər bu qəbildəndir. Ona görə də qərara gəldilər və nüvə sazişi bağladılar ki, nüvə silahlarının yayılmasına qarşı mübarizəni birgə apara bilsinlər. Amma bu cür əməkdaşlığın da qurbanı İraq, Əfqanıstan kimi ölkələr oldu.

Hazırda dövlətlərin yox, dövlətdən də güclü beynəlxalq terror şəbəkəsinin əlinə bu vasitə düşsə, istənilən ölkəni və dünyanı böyük bəla gözləyir. Dövlətlər arasında inam mühiti yoxdur. Nüvə başlıqlarının ixtisarı ilə bağlı əməkdaşlıq öz bəhrəsini vermədi. Bu gün təkcə Rusiya və ABŞ-da 40 minə qədər başlıq mövcuddur. Bunun özü belə indiki halda Yer kürəsinin təhdiddə olduğundan xəbər verir. Hesab edirəm ki, Karib böhranından sonra elə bir nüvə müharibəsi üçün ciddi səbəb yoxdur. Nüvə silahlarının ləğvi ilə bağlı isə mexanizm olsa da, dünya birinciliyinə iddialı ölkələr bunu istəmirlər. Ona görə belə bir şey mümkün deyil”.