Dünyanın diasporlaşması və Azərbaycan

Azərbaycanın hansı ölkədə səfirliyi və konsulluğu varsa, orada diasporla əlaqələr üzrə xüsusi nümayəndəlik olmalıdır

Qloballaşma düzənində dünya xalqlarının miqrasiya düzəni də öznün təbiəti etibarilə müxtəlif forma və xarakterə çevrilməkdədir. Bu fenomenin hansı nəticələrə səbəb ola biləcəyini isə kimsə proqnozlaşdıra bilməz. Elə dövlətlər var ki, indi orada yerli aborgien xalqlar miqrantlara görə az qala milli azlığa çevrilmək təhlükəsi ilə üz-üzə qalıblar. Bəzi dövlətlərdə tədricən assimliasiyaya uğraması səbəbindən miqrantlar yerli xalqın sosial mənada tərkib hissəsinə çevrilib.
İnkişaf etmiş dövlətlərdə durum bir qədər fərqli görünür. Müxtəlif xalqlara məxsus diaspor şəbəkələrinin vasitəsilə öz iqtisadi, sosial, humanitar və hətta ideoloji təlimlərini təmin etmək kimi hədəfləri çərçivəsində hərəkət edilir. Bütün bunlara rəğmən, miqrant axınları və yeni sosiallaşma düzəni sürətlə inkişaf etməkdədir.

Miqrant axınları

Diaspor və miqrasiya üzrə əksər sosioloqlar, araşdırmaçılar qeyd edirlər ki, son 50 ildə dünyada miqrantların axını üç dəfədən çox artmışdır. Qloballaşma prosesində insanlar öz maraq dairələrinə və dünya görüşlərinə görə başqa ölkələrə çox asanlıqla köçüb getməyi normal qəbul edirlər. 1960-cı ildə dünyada 75.5 milyon nəfər miqrant var idisə, 2000-ci ildə bu rəqəm 176.6 milyon nəfəra çatmışdır. 2009-cu ilin sonlarında isə miqrantların sayı 213.9 milyon nəfərə qədər artmışdır. BMT ekspertlərinin qeyd etdiklərinə görə, bunun əsas səbəbləri etnik münaqişlər, tektonik təhlükə mənbələri, səfalətli yaşam durumu, vətəndaş savaşları, totalitar rejimlərdəki dözülməz həyat tərzidir.
Miqrant axınlarının çoxalması bir yandan onları qəbul edən dövlətlər üçün yeni problemlər kimi də xarakterizə olunur. Bunun əsas səbəbi isə, miqrantlar arasında milli mənsubiyyətə görə konsolidasiyaya meylliyin artmasıdır. Köçkünlər mümkün qədər çalışırlar ki, bu prosesdə öz ənənələrini, dillərini və dinlərini qorusunlar. Təbii olaraq, miqrantlara yerli xalqlar o qədər də xoş üz göstərmək həvəsində deyillər. Beləcə miqrant və yerli əhali arasında xoşagəlməz durum yaşanılır.
Yerusəlim Universitetinin professoru H. Şefferin araşdırmalarına inansaq, indi dünyada diasporu təmsil edən xalqların sayına görə çinlilər ilk sırada dururlar. 35 milyon çinli, 9 milyon hindli, 8 milyonluq yəhudi və qaraçı, 5.5 milyonluq erməni, 4 milyonluq yunan, 2.5 milyonluq alman diasporu daha mütəşəkkil şəkildə fəaliyyət göstərir. Ən iri diaspor düzəni ABŞ-a məxsusdur. Bu dövlətdə müxtəlif xalqları təmsil edən miqrantların sayı 25 milyona yaxınlaşıb. Yeni miqrantların sayəsində formalaşan diaspor təşkilatları arasında kürd (14 milyon), irland (10 milyon), italyan (8 milyon), yapon (3 milyon), Livan xristianları (ərəb, 2.5 milyon) daha çox fəaldırlar. Bu xalqlara məxsus diaspor təşkilatları haqqında fərqli özümlülüyün olması ayrıca onları qəbul edən dövlətlərin strateji hədəfləri ilə uzlaşmış bir düzəndir. Öncələr sadəcə indvidual şəkildə miqrasiya axınları mövcud idisə, bu gün kollektiv şəkildə mühacirət anlayışı formalaşmaqdadır.
Diasporun inkişaf etməsi anlayışı məhz kollektiv köçlərin mütəhərrik olmasının başlıca səbəblərindən biri hesab edilir. Etnik və konfessional miqrasiyanın demoqrafik proseslərə təsiri isə özəlliklə incələnməkdədir. Avropa dövlətlərindəki miqrasiya düzəninə dolayı yolla diaspor kimi yanaşılması ilə yanaşı, burada əməkçi, yeni geneloji düzən, onların mənsub olduqları dövlətlə ümumi ortaq dəyərlər və hədəflər də mövcuddur. Buna həm də dinamizm kimi yanaşılır.               

Çoxüfüqlü diaspor düzəni

Öz dövlətinin dışında yaşayan etnik qruplara “milli azlıq” statusu bəzən verilməsə də, onların diaspor şəklində fəaliyyəti heç zaman inkar edilməmişdir. Kornel Universitetinin (ABŞ) professoru Milton Esman diaspor düzəninin formalaşması və sosial stuktur kimi fəaliyyətini araşdıraraq qeyd etmişdir ki, “diaspor anlayışı emosinal xarakter daşısa da, bu faktora daim skeptik münasibətlə yanaşılmalıdır. Kreativ interpretasiya diaspora olan münasibətlərə həm də humanizm prinsiplərini gətirir. Bu transnasional şəbəkənin etnik düzəndə formalaşması təhlükəli deyil, onların miqrant kimi mövcud olduqları dövlətlə yaşamaq zorunda qaldıqları ölkə arasında uzlaşım düzənində sosial struktur kimi faydalı ola bilcəklərinə diqqət yetirilməlidir”.
Təbii ki, diaspor məsələsi zamanı toplumun sosial, siyasi və etnik məsubiyyətinə də diqqət yetirilir. Burada “struktur” və “destruktur” anlayışlarına özəlliklə həssaslıqla yanaşılmalıdır. Diaspor anlayışında yer alan fenomenliyə sadəcə mədəni faktorla yanaşı, həyati məsələlər qədər siyasi anlam kimi də yanaşılır. Fikrimizcə, dövlətin diaspor siyasətinə daxil olan prinsiplərin plürealizm şəraitində inkişaf etdirilməsi daha məqsədə uyğundur. Transnasional xarakter daşıyan diaspor siyasətinin elmi şəkildə inkişaf etdirilməsi həm də onun davamlılığının qorunması deməkdir. Sosial, iqtisadi və digər kataklizmlərə görə yaranan etnososial düzənə bağlı transnasional diaspor hədəfləri bəzən dövlətin mövcudluğuna böyük təkan verə bilir. Yunanıstan, İsrail, İtaliya, İrlandiya, Livan, Çin, Hindistan, Kuba, Ukrayna, İspaniya, Portuqaliya tipli ölkələrdə bunun böyük ənənəsi mövcuddur. Bu prosesdə həm diaspor, həm də dövlətin özü qazanclı şəkildə fəaliyyət göstərirlər. Transnasional diaspor siyasətində qarşlıqlı faydalı əmsalın xarakterik özəlliyinə professional səviyyədə yanaşıldıqda emiqrantlıq anlayışı artıq arxa planda qalır. Çünki iki mədəniyyətin daşıyıcısı olan diaspor asanlıqla tarixi vətəninə bağlılığını qoruyub saxlaya bilir. Bu, dövlətin dünyada baş verənlərə çevik şəkildə inteqrasiyasına həm də böyük bir dəstək deməkdir. Tarixi vətənlə diasporun lokal şəkildə referentlik missiyası qlobal metaforaların həlli yolunda ən asan vasitələrdən biri sayılır. Dünyada bunun “Afrika”, “Çin”, “İslam” və başqa düsturları son illərdə ən çox geniş yayılmış anlamlardan biridir. Mədəni və siyasi irsin inkişafı yönündə etnososial təcrübələr də bunu təsdiq edir. Diaspor transdövlət modeli çərçivəsində bu prosesə həm də böyük bir təkan verilməsində yaxından iştirak edir. Təbii şəkildə dövlətlərarası iqtisadi, sosial, mədəni və başqa sahələrin effektivliyini artırır. Hətta bəzi dövlətlər bu yöndə identik şəkildə kilsəni belə proseslərə səfərbər etmişlər. Bunun adı isə “milli və mədəni əlaqələrin diasporla uzlaşdırılması” düzəni kimi dəyərləndirilir.
Diasporun uzunmüddətli mövcudluğuna dəstək kimi elmi konsepsiyaları isə daim gündəmdə saxlayırlar. Diaspor siyasətinə önəm verən dövlətlərin hədəflərində yer alan tək hədəf assimliasiya proseslərinin qarşısının alınmasıdır. Transnasional diaspor hədəflərində yer alan hiptez baxışlara impulsiv yanaşım tərzi hədəflərə çatmağın və əldə ediləcək qələbələrin təməli deməkdir. Buna görə də müasir texnoloji innovasiyaların tətbiqinə mümkün qədər aydın şəkildə yanaşılmalıdır. Diasporu təmsil edən yaş kateqoriyalarına görə addımların atılması vacib şərtlərdən biridir. Diasporun monolitliyini qorumaq üçün, yeni nəslin öz ana dilini və mədəniyyətini, adət və ənənələrini bilməsi həmin şərtlərin ana hədəfinə çevrilməlidir. Belə olduğunda diasporun tarixi missiyasının ənənələri də inkişaf edir. Çoxüfüqlü dünya düzənində nəyin yalnış, nəyin doğru olduğu məhz bu faktora bağlıdır.   

Diasporla uzlaşmanın yolları

Bizim fikrimizcə, Azərbaycanın bir dövlət olaraq, hansı ölkədə səfirliyi və konsulluğu varsa, orada diasporla əlaqələr üzrə xüsusi nümayəndəlik olmalıdır. Bu nümayəndəlik diasporla əlaqələrdə fərdlər üzərində deyil, diasporla uzlaşma düzənində fəaliyyət göstərməlidir. Diasporla birlikdə ortaq projelərə önəm verilməlidir. Belə olduğunda həm də diasporun özümlü şəkildə inkişaf yolları ortaya çıxır. Bu, dövlətin keçmiş vətəndaşına sahib çıxması deyil, dövlət və millətin ortaq hədəflər çərçivəsində inkişafı yoludur. Daxili və beynəlxalq konsolidasiyanın zamanla öz həllini tapması Azərbaycanın bir dövlət olaraq, ən mühüm strateji hədəflərindən birinə çevrilməlidir. Postsovet məkanı adına Rusiya, Gürcüstan, Litva, Latviya, Estoniya və Moldova proseslərdə böyük uğur qazanmışlar. Ermənistanda hakimiyyətdə olan “müharibə partiyası” özünün komprador maraqlarını hər şeydən üstün səviyyədə qurduğu üçün, beynəlxalq miqyasda erməni diasporu artıq 20 il öncəkindən fərqli olaraq, gərəkən addımları ata bilmir. Ukraynanın milli diasporla əlaqələrinə “çəhrayı inqilab”dan sonra maraqlar daha böyük həcmdə artmağa başlamışdır.
Azərbaycanın bir dövlət olaraq, diasporla əlaqələrinin çoxüfüqlü şəkildə inkişafı ilə bağlı təəssüflər olsun ki, problemlərin sayının hüdudu yoxdur. Çevik şəkildə diasporla əlaqə düzəni daha çox lokal xarakter daşıyır. Buna görə də, diaspor adına ölkəmizi təhdid edə biləcək proseslər də müşahidə olunur. Xüsusilə “beynəlxalq layihələr” adı altında fərqli bir siyasətdə yer alan, bununla da dövlətimizi çökdürmək kimi hədəflərin uzantılarına qədər yönlənən proseslərdə diasporumuzu təmsil edən bəzi vətəndaşların aktivləşməsi beləcə müşahidə edilməkdədir. Çünki xalqdan kənarda olan “lobbiçilik” siyasəti hələ ki, effektiv təsir bağışlamır. Fikrimizcə, lobbiçilik düzəninə ayrılan vəsaitlərin ən azından yarısının diasporun gücləndirilməsinə yönləndirilməsi daha geniş mənada effektiv təsir bağışlaya bilər. Unutmaq olmaz ki, “xalq diplomatiyası”nın təsir vasitələri çox zaman uğur paketi kimi də dəyərləndirilir. Qonşu Gürcüstan bir dövlət olaraq bu yöndə son illər böyük uğurlar əldə edib. Diasporun tarixi vətənlə münasibətlərinə skeptik yanaşım tərzi bu uğurun açarı sayılır. Rusiya, Ukrayna, Belorus, Qazaxıstan, Türkiyə, Almaniya və başqa ölkələrdə gürcülərə məxsus 112 teatr truppası, mahnı və rəqs kollektivi, milli dərnəklər məhz bu yolla inkişaf etmişdir. Onlar həm də qarşılıqlı olaraq, yaşadıqları ölkədə Gürcüstanın bir dövlət olaraq mənafelərinin lobbiçiliyini edirlər. Bu prosesə iş adamları, ziyalılar və ictimai xadimlər böyük bir təkan vermişlər. Bizim diaspor siyasəti məsələsində yanaşım tərzimiz “çal oynasın” düsturundan hələ ki, qurtula bilmir. Ona görə də dünyada inkişaf etməkdə olan diasporlaşma düzənində Azərbaycanın dövlət olaraq hədəflərinin irəli getməsi proseslərində yeni texnologiyaların tətbiq edilməsinə çox böyük mənada ehtiyac duyulur. Diasporun strukturlaşması prosesləri taleyin axarına buraxılmamalıdır. Əcdad kultunun prinsiplərinin genetik dəyərlərinin çağdaş düzənlə harmoniyasının tətbiqi bu prosesə möhtəşəmlik gətirə bilər. Neoloqizm qanunlarına burada yer olmamalıdır. Bu anlamlar yerində olmaması diasporun Azərbaycan dövlətinə gərəkən dəstəyi verə bilməməsi kimi başa düşülməlidir. Yaranmış vakkum transnasional diasporlaşma düzənində Azərbaycanın varlığını hətta inkaredici səmtə yönələ bilər. Bizlər bir millət və dövlət olaraq, diasporumuzun qayğısına qalmaqla vahid orqanizmə sahib çıxa bilərik.
Ə. Yusifoğlu