DÜNYANIN 3 İLDİR İNTİZARLA GÖZLƏDİYİ HESABAT BİTDİ: Tramp xilas oldu, yoxsa fırtına hələ indi başlayır? - TƏHLİL

Baxış sayı:
4843

Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 25 mart 2019-cu il

Xüsusi səlahiyyətli prokuror Robert Müller üç ilə yaxındır ABŞ-da və bütün dünyada maraqla gözlənən hesabatını tamamladı və cümə günü saat 17.30-a yaxın tabe olduğu Ədliyyə Nazirliyinə verdi.

Hesabatın içində olanları yalnız onu yazan Müllerlə indiyədək tək oxuyucusu olan Ədliyyə naziri bilir. Bu üzdən mən, bu məsələni yaxından izləməyimə rəğmən, bəlkə hesabat açıqlanar deyə, gözlədim və bu yazını qələmə aldığım bazar günü, Türkiyə vaxtı ilə saat 17.30-da da hələ bir açıqlama verilməmişdi.

Prosedur belə işləyir

Hesabatı alan Ədliyyə naziri ilk öncə Konqresin ədliyyə və kəşfiyyat komissiyalarının rəhbərlərinə məktub göndərdi və hesabatın qaydalara uyğun olaraq bitmiş olduğunu, onlara ən yaxın zamanda hesabatın içindəkilər və gəlinən nəticə haqqında məlumat verəcəyini söylədi.

Bu anadək məlumat verilməyib, nə zaman veriləcəyi də aydın deyil.

Konqres “Hesabat tam açıqlansın” deyir

Konqres hesabatın ictimaiyyətə tam açıqlanmasını istəyir. Ədliyyə Nazirliyi bunu rədd edərsə, Konqres dinləməyə dəvət göndərərək, Müllerdən hesabatı gətirməsini də istəyə bilər.

Ağ Ev hesabatda gizli qalmalı olan sadəcə prezidentin səlahiyyəti çərçivəsində olan bölümlər olduğunu söyləyərək, buna qarşı çıxır.

Bəziləri Ağ Evin bu davranışına görə hesabatın bəzi bölümlərindən çəkindiyini söyləməyə başladılar.

Tramp Mayamiyə çəkildi

Bütün bunlar Vaşinqtonda baş verəkən, Prezident Tramp Mayamidəki evində idi. Hadisələrin inkişafını oradan izləyir.Prezidentə yaxın qaynaqlar Trampın hesabatın onu təmizə çıxardığını düşünsə də, sənədin içindəkiləri tam görmədən rahatlana bilməyəcəyini bildirirlər.

Ruslarla əməkdaşlıq haqqında dəlil yoxdur

Onu bilməlisiniz ki, bu hesabatla bağlı prezident haqqında hər hansı bir təhqiqatın açılması ehtimalı yoxdur. Çünki Müllerin vəzifəsi prezidentin ruslarla əməkdaşlıq edərək, seçki prosesinə təsir edib-etmədiyini araşdırmaq idi.

Bu anadək sızan məlumatlara görə, belə bir əməkdaşlığın olması yönündə hər hansı bir dəlil tapıla bilmədi.

Digər prokurorlar dövrədə

Ancaq Müller bu məsələni araşdırarkən başqa bir çox sahədə korrupsiya, vəzifədən sui-istifadə halları də təsbit etdi. Bugünədək məhkəməyə verilən və haqqında iş açılan onlarla şəxs də belə yaxalandı. İndi deyilir ki, Müllerin hesabatı bu halda Trampı ittiham etməsə də, digər məhkəmələr hesabatda yer alan bəzi xüsuslarla bağlı iş aça bilərlər.

Həqiqətən, Nyu Yorkun cənub prokurorluğu bir neçə iş açmağa hazırlanır. Vaşinqtonda da yeni işlər üçün bəzi hazırlıqlar var.

Konqres davamlı olaraq prezidenti təqib edir

Bu, bir konstitusiya diskussiyası da başlatdı. Çünki vəzifədə olan bir prezident haqqında istintaq işinin açılması səlahiyyətinin olmadığı da məlumdur. Ancaq Konqres istintaq işi açmadan, bəzi məsələləri təhqiq etmək səlahiyyətinə sahibdir və demokratların da prezident əleyhinə bu səlahiyyətdən istifadə edəcəyi söylənilir.

İndi deyilir ki, hesabat tam açıqlandıqda Prezident Tramp bunu bir qələbə olaraq şərh edəcək, lakin iş bununla bitməyəcək və yəqin, Konqresdə bir çox sərt siyasi diskussiyalar olacaq.

Tərcümə Strateq.az-ındır