Dünyanı sarsıdan SÜNİ ZƏLZƏLƏLƏR...

Biz təbiətdən şübhələnirik, gerçəkdə isə Rusiya ilə Amerikanın silahları və...
Son bir həftədə cəmiyyətdə daha çox zəlzələ mövzusu müzakirə olunur. İran-İraq sərhədində baş verən 7,2 ballıq zəlzələnin təkanlarının Azərbaycanda da hiss olunması ilə əhali arasında çaşqınlıq da artıb. Amma bununla paralel ilginc iddialar da səslənməyə başlayıb. Bunlardan birincisi o zəlzələnin süni şəkildə yaradılması ilə bağlıdır.
 
Süni zəlzələlər...
Muxalifət.az
 xəbər verir ki, Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov mediaya açıqlamasında bildirib ki, zəlzələ təbii proses olsa da, bəzən süni şəkildə də yaradılır. Onun dediyinə görə, zəlzələni canlı aləm hiss etmirsə, deməli, bu, tektonik, süni üsulla yaradılıb. Ev heyvanları bir neçə gün öncə zəlzələnin olacağını hiss edib həmin yeri tərk edirlər. Hər hansı bir dövlətə qarşı əks siyasət yeridildikdə bu cür üsullardan istifadə edilir. Məqsəd də budur. Ekspert eyni zamanda deyib ki, dünyanın iki nəhəng dövləti olan Rusiya və Amerikanın elə silahları var ki, bu təkanları süni surətdə gücləndirə bilir. Bu yolla digər dövlətləri qorxudur, onları yürütdüyü siyasətdən çəkindirmək üçün hədələyirlər.
 
Zəlzələ ocağı olmasa, süni zəlzələ yaratmaq olmaz
“Yeni Müsavat” isə mövzunun aktuallığını nəzərə alıb, süni zəlzələlərlə bağlı dosye hazırlayıb. Elmdəki adı tektonik zəlzələ olan bu zəlzələ növü necə və hansı tezlikdə yaradıla bilir? Tarixdə neçə dəfə belə zəlzələlər yaşanıb?
 
Öncə ondan başlayaq ki, Yer üzündə yaranan zəlzələlərin 90%-i tektonik zəlzələlərdir. Yer qabığını təşkil edən layların bir-birinə təzyiq göstərməsi və bir-birilərini hərəkət etdirməsi nəticəsində yaranan zəlzələ növüdür. Azərbaycanda baş verən zəlzələlərin böyük hissəsi tektonik zəlzələlər qrupundadır. Belə bir praktika dünyada mövcuddur. Bu, tektonik silah adlanır. Amma süni zəlzələ yaratmaq üçün onun ocağı olmalıdır. Yəni zəlzələ ocağı olmasa, süni zəlzələni yaratmaq çətindir. Ocağı isə təbiət yaradır. Vulkan prosesləri buna səbəb ola bilər.  Yer qabığında qırışıqların və çatların əmələ gəlməsi ilə əlaqədar olan bu növ zəlzələlər yayıldığı sahənin böyüklüyü, əmələ gəldiyi parçalanma və pozulmaların böyük ölçüdə olması, əhəmiyyətli məsafədə zərbələrin eyni zamanda baş verməsi, bu zəlzələnin mərkəzinin müxtəlif, bəzən böyük dərinlikdə olması ilə fərqlənir.
 
Zəlzələlərin ancaq əhəmiyyətsiz hissəsi vulkanizm, mağara tavanlarının uçması, şaxtalarda uçqunların baş verməsi ilə əlaqədardır. Demək olar ki, zəlzələlərin hamısı tektonik zəlzələlərdir. Planetimizin daxilində təsir edən daxili qüvvələr tədricən toplanır və hər hansı bir yerdə süxurların müqavimətetmə qabiliyyətindən artıq olduqda, həmin süxurların birdən-birə parçalanması və ya çatlaması baş verir. Parçalanma, hər tərəfə yayılmaqda olan və öz yolunda rast gələn maddələri rəqsi hərəkətə gətirən elastik dalğalar yaradır. Süxurların ilk parçalanma yeri zəlzələnin mərkəzi olur. Mərkəzdə zəlzələ həmişə qısa müddətli olur. Ən güclü təkanlar da belə bir neçə saniyə davam edir. Yalnız Çilidə olan zəlzələlər bir neçə on saniyə davam edir. Toplanmış enerjinin azad olması sürətlə baş verir: enmə, qalxma, üfiqi istiqamətdə sürüşmə və ya mürəkkəb hərəkətlə parçalanma müstəvisi boyu uzunu yayılır.
 
Çanaqqala zəlzələsi süni olaraq yaradılıb
Bu mövzu zaman-zaman Türkiyə mediasında da gündəmə gəlib. Məsələn, bu ilin fevralında Ankara bələdiyyəsinin sabiq rəhbəri Melih Gökçək bildirib ki, Türkiyədə baş verən son zəlzələlər süni şəkildə yaradılıb: “Çanaqqalada ciddi zəlzələ oldu. Araşdırdım. Onun yaxınlarında seysmik araşdırmalar aparan gəmi var. Bu gəminin nə araşdırdığı və hansı ölkəyə aid olması ciddi şəkildə müəyyən edilməlidir. Kimin nə deməyindən asılı olmayaraq bu zəlzələnin süni olaraq yaradıldığına inanıram. Mütləq araşdırılıb, ictimaiyyətə təqdim edilməlidir. Əsas istək odur ki, İstanbul yaxınlarında zəlzələ törətməklə Türkiyəni iqtisadi çöküşə məcbur etsinlər. İstanbul, Mərmərə və Çanaqqaladakı bütün gəmilər nəzarət altında saxlanılmalıdır”.
Melih Gökçək ABŞ-ın FETÖ-yə Gölcükdə olduğu kimi zəlzələ törətmək barədə söz verdiyini də bildirmişdi.
  

Zəlzələni yaradan hidrogen bombası
Təxminən 10 ildir bu sahədə sınaqlar həyata keçirən Şimali Koreya da hidrogen bombası partladıb. Bombanın təsiri ilə zəlzələ baş verib. Şimali Koreyaya qonşu olan ölkələrin verdiyi məlumata əsasən, baş verən zəlzələnin nüvə bombasının partlaması ilə əlaqəli olduğu qeyd olundu. Yaponiya zəlzələnin şəhər mərkəzindən uzağda lakin çox güclü olduğunu, ABŞ isə zəlzələnin Punggye-ri-də nüvə təsislərinin yaxınlığında olduğunu bəyan etdi. Şimali Koreya ilk dəfə nüvə sınağını 2013-cü ildə şəhər mərkəzindən 40 kilometr uzağda reallaşdırmışdı. İlk hidrogen bombası sınağının isə 2016-cı ildə həyata keçirildiyini elan edən Koreya bu vəziyyətə rəsmiyyət qazandırdı. Şimali Koreyanın bu hərəkətinin böyük ölçüdə öz hərbi gücünü göz dağı olaraq digər ölkələrə göstərmək üçün olduğu təxmin edilir. Daha əvvəl keçirilən sınaqlarda isə müvafiq olaraq 4.3 4.7 5.1 bal gücündə zəlzələlər müşahidə olunmuşdu.
 
Okeanın dibində  partladılan atom silahı və zəlzələ
Mütəxəssislər eyni zamanda israrla bildirirlər ki, süni zəlzələ yaratmaq mümkün olsa da, bu zaman həmin zəlzələnin yaradılacağı ölkənin relyefi də əlverişli olmalıdır. Bəzi ölkələrdə süni zəlzələ törətmək üçün tektonik silahların olduğu bildirilsə də, bu silahlardan istifadə o qədər də asan məsələ deyil. Ən güclü dövlətlər belə süni zəlzələ yaratmağa qadir tektonik silahlara malik olduqlarını bəyan etmirlər. 
Yaponiyadakı zəlzələ, sunami və "Fukusimo-1" AES-dəki qəzadır. Qeyd edək ki, bir müddət əvvəl adları açıqlanmayan çinli ekspertlər Yaponiyadakı zəlzələnin süni şəkildə törədildiyini  bildirmişdilər. Onların fikrincə, zəlzələ okeanın dibində aparılan məxfi atom silahının partladılması nəticəsində yaranıb. Buna sübut kimi zəlzələdən sonra okeanda yaranan nəhəng su burulğanı göstərilir. Bu burulğanı dünyanın bir çox telekanalları göstərib və onu İnternetdən də izləmək mümkündür. Burulğanın partlayışdan sonra okeanın dibində yaranan nəhəng dəlik səbəbindən meydana çıxdığı qeyd olunur.
 

Zəlzələ balları və insanların onu hiss etmə qabiliyyəti
Zəlzələ ocaqları müxtəlif dərinliklərdə  yerləşir. Onların əksəriyyəti yer qabığında 20-30 km dərinlikdədir. Bununla belə, dərinliyi 700 km-ə çatan ocaqların da varlığı inkar edilmir. Belə ocaqlarla əlaqədar zəlzələlər dərin fokuslu adlanır. Zəlzələnin intensivliyi yer səthində titrəyişin dərəcəsini göstərir və balla ölçülür. Ölkəmizdə 12 bala bölünmüş seysmik cədvəldən (şkaladan) istifadə olunur. Bu cədvələ görə, zəif zəlzələlərin intensivliyi 2-3 bal, güclü zəlzələlərinki 5-6 bal, çox güclülərinki 7 bal, dağıdıcı zəlzələlərinki 8 bal, viranedici zəlzələlərinki 9-10 bal, katastrofik zəlzələlərinki 11-12 bal sayılır. Daha dəqiq desək, 1 bal-hiss olunmayan, 2 bal-çox zəif, 3 bal-zəif, 4 bal-orta, mülayim, 5 bal-nisbətən güclü, 7-bal çox güclü, 8 bal-dağıdıcı, 9 bal-viranedici, 10 bal-məhvedici, 11 bal katostrafik, 12 bal-dəhşətli katostrofik zəlzələ sayılır. 
1 bal gücündə zəlzələni insanlar hiss etmir, ancaq seysmik cihazlar qeyd edir. 2 bal gücündə zəlzələni adi şəraitdə bəzi adamlar hiss edir. 3 bal zəlzələni hərəkətdə olan adamlar hiss etmir. Əhalinin ancaq sakit şəraitdə olan qismi hiss edir. 4 ballıq zəlzələdə qab-qacaq, pəncərə şüşələri silkələnir, qapılar cırıldayır. 5 balda binalar tərpənir, mebel hərəkətə gəlir, pəncərə şüşələri, divarların malası çatlayır, yatanlar oyanır. 6 balda titrəyişləri hamı hiss edir, divarlardan asılmış şəkillər və malalar qopur yerə düşür, binalar zədələnir. 7 balda daş binaların divarları çartlayır, antiseysmik və taxta binalar zədələnmir. 8 balda dağların iti yamacları çatlayır, heykəllər aşır və ya başqa yerə sürüşür, binalar möhkəm zədələnir. 9 balda daş binalar bərk zədələnir və ya uçub dağılır. 10 balda torpaqda iri çatlar, yarıqlar əmələ gəlir, sürüşmə və uçqunlar baş verir, daş binalar dağılır, dəmir yollarında relslər əyilir. 11 balda yer üzərində enli yarıqlar aşılır, çoxlu sürüşmə, uçqun hadisələri baş verir, daş binalar tam dağılır. 12 balda torpaq son dərəcə parçalanır, çoxlu çatlar,  sürüşmələr, uçqunlar baş verir, şəlalələr əmələ gəlir, çay dərələrinin qabağı kəsilir, göllər yaranır, çayların məcrası dəyişir. Bütün binalar uçub dağılır