Dünyanı dəyişən insan - HƏYAT HEKAYƏTİ

Stiv Cobs heç vaxt övladının anası ilə evlənməyə vaxt tapmadı...

Üç alma var ki, bəşəriyyəti dəyişib. Bunlardan biri Adəmin Həvvaya verdiyi almadır, ikincisi Nyutonun alması. Üçüncü alma isə Stiv Cobsun yaratdığı almadır. Dişlənilmiş alma...

 İKT.Lent.az dünyanın yüksək texnologiyalar sahəsində ən böyük dəyişikliyi edən, bütün dünyada sadəcə dişlənilmiş alma rəmzi ilə tanınan və hər kəsin məhsullarını sevərək istifadə etdiyi “Apple” şirkətinin qurucusu və sahibi Stiv Cobsun həyat və yaradıcılığına qısa bir nəzər yetirəcək.

Ailənin arzuolunmaz övladı

O, ailəsində arzuolunmaz uşaq idi. Anası Coanna Şibl hələ universitetin aspirantı olarkən hamilə qalır. Dünyaya gətirdikdən sonra isə o, balaca Stivi övladlığa verir.

1955-ci ilin fevralın 24-də ABŞ-ın San Fransisko şəhərində anadan olan Stiv Cobsu Pol və Klara Cobs qəyyumluğa götürürlər. Bundan sonra onlar balaca körpəni Stiven Pol Cobs adlandırıb. Onu övladlığa götürən analığı Klara bir mühasibatlıq ofisində çalışırdı. Atalığı Pol isə mexanik, maşın ustası işləyirdi.

Məktəb illərində hələ 12 yaşı olarkən Stiv “Hewlett-Packard” (HP) şirkətinin o zamankı prezidenti Uilyam Hyulettanın evinə zəng edir və elektrik qurğusu yığdığı üçün ona müəyyən avadanlıqların lazım olduğunu bildirir. Stivlə 20 dəqiqə telefonda həmsöhbət olan Hyuletta bu detalları göndərməyə razılıq verir və onu yay aylarında öz şirkətində işləməyə dəvət edir.

Yarımçıq qalan iki təhsil ocağı

İlk işində Stiv elə bir adamla tanış olur ki, bu şəxslə görüş onun gələcək həyatında böyük dönüş yaradır. Sonradan Stivin adaşı Stiven Voznyakla tanışlığı Kaliforniyanın Berkli Universitetinə daxil olmağa maraq yaradır. Amma sonradan o, Berkli Universitetindəki məşğələlərini yarımçıq tərk etməli olur və HP şirkətində işləməyə başlayır.

1972-ci ildə radiotexnikaya böyük marağı olan Cobs Portlenddəki Rid kollecinə daxil olur. Ancaq orada cəmi bircə rüb oxuyur. Orada da oxumamasının səbəbini Stiv bahalı kollec seçməsi və valideynlərinin topladıqları bütün var-dövlətini onun təhsilinə xərcləməsi ilə izah edirdi. Üstəlik, özü də bu kollecdə oxumağın heç bir mənasını görmürdü. Hətta etiraf edirdi ki, bu kollecdə təhsilini yarımçıq dayandırması onun həyatda atdığı ən düzgün addımlardan biri idi.

Kola şüşələrini satıb yemək alan hippi

Dərslərin əvəzinə o, sevdiyi işə daha çox vaxt və diqqət ayırmağa başlayır. Universitetdə oxuyarkən onun heç yataqxanada otağı da yox idi. Çox vaxt dostlarıgildə yerdə yatırdı. Hətta özünə yemək almaq üçün kola şüşələrini sataraq dolanırdı. Beləcə, Stivin həyatı bu axarda 18 ay davam edir və o, yenidən Kaliforniyaya qayıtmalı olur.

O, yenidən dostu, texnikanın bilicisi Stiven Voznyakla görüşür və “Atari” şirkətinə texnik vəzifəsində işə düzəlir. İş düzələrkən onun ambisiyalı planları, gələcək arzuları yox idi. O, sadəcə, pul qazanmaq istəyində idi.

 Stivin hippi submədəniyyətinə böyük marağı vardı. O, hər zaman Hindistanda olmaq arzusunda idi. Bununla birgə o elektronikanı da çox sevirdi. Dostu Voznyakla o, Palo-Alto Xoumbruyu kompüter kluba gedir ki, bu klub da gələcəkdə “Apple” korporasiyasının yaradılmasında mühüm rol oynayır.

Onun ilk kompüteri

İlk dəfə kompüter görəndə Stivin 20 yaşı vardı. Bu kompüteri də Voznyak özü üçün düzəltmişdi. Məhz elə o da Cobsu satış üçün kompüter istehsal etməyə başlamağı əmin edir.

İlk əvvəl onlar çap sxemlərini yaratmağı planlaşdırırdılar. Amma sonda kompüter yığmağa qərar verirlər. 1976-cı ildə həyat yoldaşı Lorenlə bu işə çertyoj çəkən Ronald adlı şəxs də əl qoyur. Beləcə, 3 nəfər aprelin 1-də tərəfdaşlıq formasında “Apple Computer Co.” şirkətini yaradırlar. Stiv olan-olmaz və atasının ona hədiyyə etmiş mikroavtobusunu, Voznyak isə proqramlaşdıran kalkulyatorunu satır və beləcə, onlar 1 300 dollar toplaya bilirlər.

Artıq yerli elektronika mağazasından ilk sifariş də qəbul olunmuşdu. Təbii ki, 50 ədəd kompüteri istehsal etmək üçün komandanın vəsaiti yox idi. Onlar da elə ilk istehsalın pulunu düzəltmək üçün 30 gün müddətinə kredit götürür və on gündən sonra artıq mağazaya ilk sifariş göndərilir...

İlk kompüter “Apple 1” adlandırılır və onun dəyəri 666,66 dollar idi. Məhz bundan sonra bütün dünyada ilk kütləvi kompüterlərin satışına başlanılır. Amma Voznyak “Apple 11” üzərində işlərini davam etdirirdi. Cobs bu zaman reklam kampaniyası və loqotip vurulmuş qəşəng qutu üzərində çalışırdı. Zaman keçdikcə onların düzəltdikləri kompüterlər 5 milyon nüsxə ilə bütün dünyaya satılırdı. Artıq 25 yaşında Stiv Cobs milyonçu idi.

Qurduğu şirkətdən gedən rəhbər

1979-cu ildə Stiv və “Apple” şirkətinin əməkdaşları “Xerox” (XRX) təhlil mərkəzində olandan sonra Stiv Cobs “Alto” kompüterini görür. Məhz bundan sonra onda kursorla idarə olunan interfeysli kompüterin yaradılması ideyası yaranır. Elə bu ideya ona “Lisa” adlı kompüter yaratmaq stimulu verir. Yaradılan ilk kursorla idarə olunan interfeysli kompüterini də qızını şərəfinə “Liza” adlandırır.

1980-ci ildə artıq tanınan S.Cobs “Xerox” analoqu olan layihəyə başçılıq etmək niyyətində olur. Ancaq sonda o, yeni “Macintosh” adlı kompüter yaradır və bu layihəyə başçılıq etməyə başlayır.

Artıq iki layihə arasında rəqabət, ədavət yaranmağa başlayır. Çünki “Macintosh” layihəsi daha uğurlu və rəqabətə davamlı olur. Bu da Cobs və “Apple”nin qurucularından biri olan Con Skalli arasında mübahisələrə səbəb olur. Nəticədə Cobs “Apple” şirkətindən getməli olar. 1985-ci ildə “Apple”dən dostu Stiven Voznyak da gedir. Həmin an isə Stiv “NeXT” adlı şirkət qururdu və avadanlıq təchizatı ilə məşğul olacaqdı.

1996-cı ildə Stiv “Pixar” animasiya studiyasını qurur. Bu studiya “Oyuncaqların əhvalatı” kimi bir çox tanınmış cizgi filmləri çəkir. Amma buna baxmayaraq, 2006-cı ildə öz “övladı”nı “Walt Disney”ə satır, ancaq şirkətin Direktorlar Şurasında qalır. Eyni zamanda o, “Walt Disney”in səhmlərinin 7 faizinə sahib olur.

Ginnesin Rekordlar Kitabına düşən maaş

Stiv Cobsun Con Skalli ilə rəqabətinin və hətta ədavətinin davam etdiyi bir vaxtda “Apple” şirkəti “NeXT”ə də yiyələnmək istəyir. Bu zaman Stiv Korporasiyanın Direktorlar Şurasına namizədliyini verir və şirkətin rəhbəri vəzifəsinə təyin olunur.

2000-ci o, Ginnesin Rekordlar Kitabına düşür. Buna səbəb isə Stivin olduqca “böyük” maaşının olması idi. Rəsmi sənədlərə görə, Stiv Cobsun maaşı cəmi 1 dollar təşkil edirdi. 2001-ci ildə Cobs “iPod” adlanan pleyer icad edir. Sonradan bu məhsulun satışı şirkətin gəlirlərini dəfələrlə artırır. Üstündən 5 il keçdikdən sonra isə “Apple” şirkəti özünün internet şəbəkəsi ilə multimedialı pleyeri olan “Apple TV”sini yaradır.

2007-ci ildə hər kəsin arzusu olan “iPhone” mobil telefonu satışa çıxarılır. Bir il sonra isə şirkət özünün dünyanın ən nazik noutbuku olan “MacBook” məhsulunu ictimaiyyətə təqdim edir.

Nakam ailə həyatı

 Bəzi mənbələr deyir ki, 1977-ci ildə başı yeni icadlara və ixtiralara qarışan Stivin qızı Liza anadan olur. Hətta uşağın anası, həyat yoldaşı Lorenlə də rəsmən nikaha girməmişdi. Balaca qızı Liza da anası ilə atasından ayrı yaşayırdı. Deyilənə görə, vaxtın qıtlığından və işlərin çoxluğundan Stiv həyat yoldaşı Lorenlə evlanməyə vaxt tapa bilmirdi. Hər dəfə təyin olunan toyun vaxtı qeyri-müəyyən səbəblərə görə təxirə salınmalı olurdu. Bu səbəbdən də Stiv qızı Liza ilə dünyaya gələndən bir il sonra görüşməyə başlamışdı. Onun həyat yoldaşı Lorenlə rəsmən evlənməsinə isə bir ömür yetmədi...

Siyasi və dini baxışları

O, demokrat idi və ABŞ-da Demokrat Partiyasını dəstəkləyirdi. Hətta 1985-ci ildə “Apple” şirkətindən getdikdən sonra dəfələrlə Stiv namizədliyini Kaliforniya ştatının qubernatoru postuna vermək istəyində olub. Amma sonda bu fikrindən vaz keçib. Bununla belə, prezident Klinton tərəfindən qəbul edilib. Hətta Klintonlar ailəlikcə onun Palo-Altodakı evində olublar.

 Cobsun dini baxışları hələ də mübahisə mövzusudur. Bəzi deyirlər ki, o, ömrünün sonunda buddizmi qəbul edib. Bunu onun Hindistana, Yaponiyaya və dogər Şərq ölkələrinə olan marağı ilə izah edirlər. Digərləri isə bununla razılaşmır, onun xristian olaraq qaldığını və xristian olaraq da dünyadan köçdüyünü əminliklə söyləyirlər.

Amma bununla belə, Stivin hər zaman monax olmaq istəyi, arzusu olub. Hətta bəzən Yaponiyaya, Hindistana köçüb gedib, monax həyatı yaşamaq həvəsi də oyanıb. Amma onu bu fikirdən elə yaponiyalı dostu, inanc baxımından buddist olan Kobun Çino Otoqava daşındırıb. Bununla belə, onun hər zaman buddizmə böyük marağının olduğunu və buddizm təlimini öyrəndiyi deyilir.

Bütün dünyanı gəzən Stiv Cobs üçün dünyada ən sevdiyi yer Silikon Vadisi idi. Stiv musiqini də çox sevirdi. Onun ən sevdiyi musiqiçi Bob Dilan idi. “The Beatles” və “Grateful Dead” musiqi qruplarını çox bəyənirdi. Hətta dostları ilə öz şeirlərinə yazdığı musiqini gitarası ilə ifa edirdi. Görünür, elə bu maraq gələcəkdə onun səs texnikası avadanlıqlarını və pleyerini icad etməsinə səbəb olur. Varlanandan sonra evinə aldığı ən bahalı yeganə mebeli qiyməti 100 000 dollar olan stereo sistemidir.

Dahilər də ölür...

Siv Cobs ömrünün 55-ci ilində - 2011-ci ilin oktyabrın 5-də dünya ilə vidalaşdı. Onun ölümünə səbəb mədəaltı vəzin xərçəngi idi. Çoxları hələ də təəccüblənir ki, o, özünün xərçəngdən əziyyət çəkdiyini bilsə də, hər zaman həyata ümidlə baxırdı. Həmişə yeni ideyalar, yeni təşəbbüslərlə çıxış edirdi. Xərçəng xəstəsi olmasına baxmayaraq, hər zaman şirkətinin yeni məhsullarının təqdimatını özü edərdi. Çox vaxt da təqdimatlarını zarafatla başlayıb, zarafatlarla da yekunlaşdırardı.

Çoxları düşünür ki, Stivin ölümü ilə bəlkə də bir çox yeni ideyalar da ölüb. Axı o, bir çox ideyalarını özü ilə o dünyaya apardı. Ancaq o, bizlərə bir almanı - “Apple”ni yadigar qoydu. Bu alma yaşadıqca, Stiv Cobsun adı və xatirəsi əbədi yaşayacaq...

Aqşin RAFİQOĞLU