Dünyada qlobal problemlər varkən, AĞ EVDƏ “İPLƏMƏ” YARIŞMASI

Prezident dövlət katibini "ipləmə mərcinə" çağırır
 
"The Independent" yazır ki, Donald Trump, o əgər prezident barəsində "ipləmə" deyibsə, dövlət katibi Rex Tillerson-u, "İQ testi yarışına" çağırmağa hazır olduğunu bildirib.
Prezident deyib ki, o əlbəttə dövlət katibinin onu "ipləmə" adlandırmasına inanmır və bunu "saxta xəbər" sayır, amma əgər ağıl yarışı keçirilsə, o, cənab Tillerson-a qalib gələr.
Prezident və dövlət katibi arasında münasibət gərginliyi ötən həftə ictimaiyyətə faş olub.
NBC telekanalının verilişlərindən birində xəbər yayılıb ki, sən demə vise-prezident Mike Pence dövlət katibini ötən yay istefa vermək firkindən zorla daşındırıb və Tillerson elə o vaxt prezident barəsində "ipləmədir" deyib.
Forbes jurnalına müsahibəsində Trump deyib: "Məncə bu saxta xəbərdir. Amma o doğrudan da belə bir söz deyibsə, mən onunla İQ testi keçirilməsini təklif edirəm. Mən bilirəm ki, bu yarışda kim qalib gələrdi".
Bu gün, oktyabrın 11-də cənab Tillerson cənab Trump və müdafiə naziri Jim Mattis-lə nahar yeməyində görüşməlidir. Ötən həftə o sözü gedən qalmaqalla bağlı təcili mətbuat konfransı keçirmişdi. Bu mətbuat konfransında Tillerson demişdi ki, heç vaxt vəzifəsini tərk etmək fikrində olmayıb.
Cənab Tillerson-un mətbuat katibi isə demişdi ki, dövlət katibi prezident barədə belə nalayiq söz işlətməyib.
Cənab Trump-ın özü isə növbəti tvitində yazmışdı: "Rex Tillerson heç vaxt istefa ilə hədələməyib. Bu yalnız @NBCNews-da qondarılmış saxta xəbərdir. Zəif xəbər və zəif standartlar. Mən belə şeyləri təsdiq etmirəm".
Lakin sonradan Las Vegas qurbanlarının qohumları ilə görüşdə prezidentin hələ də əsəbi olduğu görünürdü.
Bundan sonra MSNBC-nin aparıcısı Stephanie Ruhle bir daha çıxış edərək demişdi ki, Tillerson əslində sadəcə "ipləmə" deməyib və "ipləmə" sözündən əvvəl söyüş də işlədib.
Xəbər verilir ki, Tillerson prezident barədə aşağılayıcı ifadələri Pentaqonda keçirilən görüş zamanı işlədib.
O vaxt, iyul ayında Trump-ın Amerika gəncləri qarşısında həddən artıq siyasiləşdirilmiş çıxışından sonra bəzi qəzetlər prezidenti "sərxoş atalığa" bənzətmişdi.
Bəzi xəbərlərə görə, Amerikanın Boy Scouts təşkilatına əvvəllər dövlət katibi hamilik etmişdi və onların qarşısında çıxışı da onun edəcəyi gözlənilirdi. Amma Tillerson həmin vaxt Texasda oğlunun toyunda olduğundan gənclər toplanışına gedə bilməmişdi.
Ötən həftə keçirdiyi mətbuat konfransında Tillerson bu xəbərlərin "yanlış" olduğunu deyib və bildirib ki, prezidenti "çox ağlıllı" adam sayır.
"İpləmə" sözünü deyib-deməməsi barədə suallara Tillerson qəti cavab verməmişdi.