DÜNYA PUTİNİN BU VƏZİYYƏTİNDƏN QORXMALIDIR! – Populyarlığı kəskin düşən Rusiya lideri nə edəcək?

Baxış sayı:
9277

Hazırda Rusiyada Putinin populyarlığı çox sürətlə aşağı düşür. Dünya, bununla əlaqədar Putinin nə etməyə hazırlaşdığından bərk narahatdır. Ümumiyyətlə, liderlərin populyarlığının düşməsi dünyada sabitliyə yeni təhlükələrin yaranmasına yol açır.
Vladimir Putin 2000-ci ildə prezident postuna seçiləndə Rusiya xalqı ilə özünəməxsus müqavilə imzalamışdı. Amma son illər Putin müqavilənin şərtlərini pozdu.
Belə düşünülürdü ki, Putin ölkədə iqtisadi rifahı və sabitliyi təmin edəcək və bunun qarşılığında isə o, daha çox hakimiyyət və var-dövlət zəbt edə bilərdi. Son dövrlər rusiyalılar həyat səviyyələrinin necə düşməsini və məvaciblərinin azalmasını müşahidə edirlər. Eyni zamanda ərzaq və digər zəruri tələbat mallarının da qiyməti qalxır.
Nəyə görə Rusiya iqtisadiyyatı staqnasiyaya qərq olub? Bunun bir neçə səbəbi var. Rusiya iqtisadiyyatı tam şəkildə neft və qaz ixracından asılıdır, 2014-cü ildə neftin qiyməti düşdü və o vaxtdan indiyədək isə qiymətlər yalnız qismən bərpa olunub. Digər yandan Krımın ilhaqından sonra Rusiya Avropa və ABŞ-ın sərt iqtisadi sanksiyaları ilə üzləşib.

Pensiya yaşı artıb

Hərçənd, Krımın ilhaqının ilk başlarında Putinin populyarlıq reytinqi kəskin artmışdı, ancaq uzunmüddətli perspektivdə bu effekt əks istiqamətə doğru getdi. Ona görə ki, pul çatışmazlığı prezidenti pensiya yaşını qaldırmağa məcbur etdi. İndi pensiya yaşı qadınlar üçün 55-dən 60 yaşına, kişilər üçün isə 60-dan 65 yaşınadək qaldırılıb. Bu isə kişilərin orta yaş həddi 66 il olan ölkədə baş verir.
İctimai rəyin öyrənilməsi üzrə mərkəzin (Public Opinion Research Center) yeni araşdırmasına görə, hazırda rusiyalıların yalnız 33%-i Putinə etimad edir. Bu rəqəm 2015-ci ilin iyulundan indiyədək 35 faiz azalıb.
“Levada Mərkəz” isə etimad əvəzinə populyarlıq reytinqini ölçür. Putin üçün bu rəqəmlər 2015-ci ilin iyulundakı 89%-dən bu gün 63%-ə qədər aşağı düşüb.
Pensiya islahatı hədsiz qeyri-populyar tədbir oldu ki, nəticədə Putinin reytinqi kəskin aşağı yuvarlandı. Lakin görünür bundan da fundamental dəyişikliklər baş verib.

Putin günahlandırılır

Əvvəllər rusiyalılar Putinə korrupsiyalaşmış və səriştəsiz hakimiyyət aparatında qayda-qanun yaradacaq insan kimi baxırdılar. Ancaq hər şey bərbad hala düşəndən sonra, xalq baş verənlərdə elə Putini və onun ətrafını günahlandırır. Məsələ ondadır ki, bu gün əhalinin pul kisəsi boşalır və rusiyalılar buna görə şəxsən Putini ittiham edirlər.
Putin özünün populyarlığına çox böyük diqqət yetirir. Ona görə də yaranmış vəziyyətlə əlaqədar Putinin nə etmək istəməsi sualı meydana gəlir. Öncəki dövrlərdə ölkə sərhədlərindən xaricdə həyata keçirilən hərbi avantüralar və Rusiyanın fövqəldövlət obrazının bərpası Putinin əlində etibarlı kart idi. İndi rusiyalılar iqtisadi problemlərin səbəbini Ukrayna və Suriyadakı müharibədə görməyə başlayıblar. Görəsən Putin bunu anlayırmı və ya dünyanın yeni hərbi hoqqabazlıqlardan qorxmasının vaxtıdırmı?
Putinin sanksiylardan yaxa qurtarması və ölkəyə xarici investisiyalar cəlb etməsi üçün onun Qərblə apardığı davakar davranışları dayandırmağa cəhd göstərməsi də mümkündür. Amma hələ ki, bunun əlamətləri xeyli azdır.

Tramp ən qeyri-populyar liderdir

Rusiya prezidentini bu posta 2024-cü ilədək seçiblər. Sözsüz ki, əgər 2024-cü ilədək konstitusiyaya bir daha dəyişiklik etməsələr, onda Putin prezidentlikdən getməlidir. Putinin populyarlığının getdikcə azalması beynəlxlaq meylin bir hissəsidir. Hər il “Gellup International” müxtəlif ölkə liderlərinin populyarlıq reytinqini müəyyənləşdirir. Dünyanın mühüm liderlərinin hamısının populyarlığının aşağı düşməsi ilk dəfədir ki, baş verir. Hətta Roma papası Fransiskin də populyarlığı aşağı düşür. ”Gellup”ın rəhbəri Kanço Stoyçev “Deutsche Welle”-ə müsahibəsində deyib: “Dünyanın mühüm liderlərinin populyarlığı heç zaman indiki kimi eyni anda düşməyib. Mən fikirləşirəm ki, əsas problem – liderlərin dünyanın qarşılaşdığı problemləri həll etmək qabiliyyətində olmamasından qaynaqlanır. İkinci Dünya Müharibəsindən sonra müəyyənləşən bugünkü dünya nizam-intizam qaydası daha qeyri-sabit görünməyə başlayır. Biz indi çox qütblü dünyaya doğru hərəkət edirik, bu isə vəziyyəti mürəkkəbləşdirir”.
Putin sevinə bilər: bu gün dünyada ən qeyri-populyar lider – ABŞ prezidenti Donald Trampdır. Onu xüsusən Avropada və Rusiyada sevmirlər. Putin isə Avropa və ABŞ-da populyar deyil. ”Gellup” rəhbəri hesab edir ki, bu iki liderin sərtləşdirilmiş bəlağəti dünya siyasətinə sirayət edərək hər iki ölkə əhalisinin əhval-ruhiyyəsinə də təsir edib. Yəni amerikalılar və rusiyalılar arasındakı düşmənçilik artır. Bu xəbər dünyanın əmin-amanlığa doğru getmədiyini göstərir.

(“Aftonbladet”-İsveç)
Tərcümə “AzPolitika”nındır