"DÜNYA MÜHARİBƏSİ OLSA, NEFTİN QİYMƏTİ 150 DOLLAR OLACAQ"

Baxış sayı:
3340

İlham Şaban: “Neftin qiymətinin artmasının əsas səbəbi Yaxın Şərqdə vəziyyətin gərginləşməsidir”
 
Dünən “AzeriLight” markalı Azərbaycan neftinin 1 barelinin dəyəri 1,9 dollar və ya 2,62% artaraq 74,48 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə 0,18 dollar və ya 0,25% artaraq 72,24 dollar olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarını gedişində WTI neftinin qiyməti də 1 barelə görə 0,27 dollar və ya 0,40% artaraq 67,09 dollar təşkil edib.
Göründüyü kimi, dünya bazarlarında neftin qiyməti artmaqdadır. Halbuki, 1-2 ay öncə ekspertlər neftin qiymətinin ucuzlaşacağı ilə bağlı proqnozlar vermişdilər. Hətta tanınmış iqtisadçılardan biri öz “feysbuk” statusunda qeyd etmişdi ki, 1 ay neftin qiyməti barədə yazmayacaq, guya, bir aydan sonra neftin qiyməti ucuzlaşacaq və ondan sonra, yazacaq. Amma görünür ki, proqnozlar özünü doğrultumur. Artıq həmin statusun yazılmasından 1 yox, 2 aydan çox vaxt keçməsinə baxmayaraq, neft nəinki ucuzlaşmır, əksinə, bahalaşır. Deməli, bəzən ekspertlər də yanılırlar. Əslində, neftin qiymətinin azalıb-artmasına bazar qanunları, iqtisadi faktorlar təsir etsə də, neftin qiymətinin qalxmasının əsas səbəblərindən biri də siyasi faktorlardır. Şübhəsiz ki, Yaxın Şərqdəki münaqişə ocaqları, xüsusən də son günlər Suriyada baş verən proseslər neftin qiymətinə təsir etməyə bilməz. Görünür ki, ABŞ başda olmaqla, Qərb ölkələrinin Suriyanın şərqi Quta bölgəsinin Duma rayonunda kimyəvi hucum zamanı 80 nəfərin ölməsi, 1000-dən çox insanın ağır yaralanmasını bəhanə edərək Bəşər Əsəd hökumətini, əsasən də Rusiyanı hədəfə alması dünya neft bazarlarına da təsirsiz ötüşməyib.
ABŞ başda olmaqla, Qərb-Rusiya, eyni zamanda Qərb-Türkiyə qarşdurması regionda stabilliyi pozsa da, təbii ki, bu gərginlik Azərbaycan kimi dünya bazarına neft çıxaran ölkələr üçün əlverişli bir vəziyyətdir. Çünki dövlət büdcəsində neftin fiskal qiyməti 45 olduğu halda, indiki halda neftin 75 dollara satılması Azərbaycan üçün böyük gəlir deməkdir. Nəzərə alsaq ki, Azərbaycan gündəlik 650-700 min barel neft ixrac edir. Bu, o deməkdir ki, bir gündə 2 dollar artım Azərbaycana 130-140 milyon dollar, manat hesabı ilə isə 221-238 miyon gəlir gətirir.
Təbii ki, Yaxın Şəqrdə yaranmış durum neftin qiyməti baxımından Azərbaycan üçün əlverişli olsa, da, nə Azərbaycan, nə də heç bir vətəndaşı regionda və yaxud dünyada müharibə ocaqlarının alovlanmasını istəməz. Çünki bu, bəşəriyyətin faciəsinə sevinmək olardı ki, buna da heç kim sevinməz. Ona görə də yaxşı olar ki, neftin qiyməti siyasi amillərdən deyil, iqtsadi amillərdən asılı olaraq artsın və Yaxın Şərqdə, eləcə də dünyada əmin-amanlıq, stabillik olsun.
 
“Ağır tipli neftlər var ki, 10 dollar ucuzdur”
 
“AzeriLight” markalı Azərbaycan neftinin 1 barelinin qiymətinin 1,9 dollar artması ilə bağlı Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Hürriyyət”ə bildirdi ki, Azərbaycan nefti keyfiyyət parametrlərinə görə digər neft markalarını üstələyir: “Azərbyacan nefti daha yüngül neftdir. Azərbaycan neftini şirkətlər alır, onu neftayırma zavodlarında yanacağa çevirəndə, ona daha az enerji sərf edirlər. Məhz bu parametrinə görə “AzeriLight” markalı neft baha satılır. Onun tərkibində kükürdün miqdarı, yüngüllük dərəcəsinin çox yüksək səviyyədə olması qısa müddətdə ondan yanacaq almasına köməklik edir. Ona görə də bizim neftimiz “Brend” markalı neftdən 1,5, bəzən də 1,8-2 dollar baha olur, o bazardakı tələbdən asılı olaraq “Brend” markalı nefti üstələyir Ancaq ağır tipli neftlər var ki, 10 dollar ucuzdur. Nəyə görə ucudur? Çünki həmin ağır nefti neftayırma zavodları yanacağa çevimək üçün cox xərc çəkir”.
 
“Dünya gözləyir ki, qısa müddətdə hərbi qarşıdurma yarana bilər”
 
İ. Şaban dedi ki, hazırda neftin qiymətinin artmasının 3 səbəbi var: “ Birinci səbəb Yaxın Şərqdə geosiyasi vəziyyətin həddindən artıq gərginləşməsidir. Yəni dünya gözləyir ki, qısa müddətdə hərbi qarşıdurma yarana bilər. Bu, nə qədər davam edəcək və bunun fəsadları necə ola bilər? Bununla bağlı çox dumanlı təsəvvürlər var. Ona görə də daha çox neft ehtiyaları toplanılır və neftə tələbat yaranıb. İkincisi, OPEK-in OPEK+ ölkələri ilə görüşüdür. Bu görüş ərəfəsində neft hasilatının indiki göstəricilər səviyyəsində 2019-cu ildə hansı müddətdə saxlanılması ilə bağlı bir fikir mübadiləsi ortaya qoyulacaq. Bax, bu da bazar iştirakçılarına böyük təsir edir. Üçüncü səbəb də odur ki, mediada bu cür xəbərlər yer alır ki, may ayında ABŞ-ın yenidən İrana sanksiyaları tətbiq oluna bilər ki, bu da bazarda neftə olan tələbatda özünü göstərə bilər. Bu kimi məsələlər neft kimi dünyada bir nömrəli əmtəənin qiymətinə təsir göstərir və o aprel ayının birnici dekadasından başlayaraq öz qiymətlərini artıma doğru dəyişdirir”.
 “Təbii ki, dünya müharibəsi olsa, neftin qiyməti artacaq, 150 dollar olacaq”,-dedi ekspert
 
“Neftin indiki qiyməti real qiymət deyil”
 
“Belə çıxır ki, nefin qiyməti iqtisadi amillrdən çox siyasi amillərdən asılıdır” fikrinə İ.Şaban belə cavab verdi: “Yox, iqtisadi amillərdən də asılıdır, ancaq neftin indiki qiyməti real qiymət deyil, yəni tələb təkliflə əlaqəli qiymət deyil, o bazarda özünü spekulyativ qiymətlərlə göstərən amillərdir, stabil qiymətini əks etdirmir”.
 
“Biz gün yarıma 1 tanker yola salırıq”
 
İ. Şaban onu da diqqətə çatdırdı ki, hazırda Azərbaycan təqrbən gündəlik 800 min barel neft ixrac edir: “Əgər siz Energetika Nazilriyinin saytına baxsanız gündəlik ixracı görə bilərsiniz, mart ayı üçün təqribən 650-660 min barel ətrafındadır. Bir gündə neftin qiyməti 1 dollar dəyişəndə 650-660 min dollar edir. Amma 1 tanker 1 milyon barel götürür. Yəni gün yarıma biz 1 tanker yola salırıq. Ona görə də biz hər gün bazara neft çıxarmırıq ki, deyək ki, biz bundan bu qədər qazanc əldə edirik”.