“Dünya həm siyasi, həm iqtisadi cəhətdən çox narahat günlərini yaşayacaq” - Politoloq

Tanınmış politoloq deyir ki, “Trampa ”dərin dövlət"in təsiri getdikcə daha da güclənəcək...
 
ABŞ-ın “dərin dövlət”inin Donald Trampın əli ilə dünyanı daha da qarışdırmaqda olduğu barədə ekspertlərin iddiaları artmaqdadır. Bu fikirdə olan siyasi təhlilçilərin fikrincə, yeni prezidentin siyasəti dərindən bilməyən şəxs olması Amerikadakı güclərin əlini-qolunu daha da açıb. Əgər prezident Hillari Klinton olsaydı, ona Trampa edilən təsir qədər təsir göstərmək mümkün olmazdı və sair.
Politoloq Qabil Hüseynli bu tipli şərhləri qismən bölüşür. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ABŞ-da prezidentlər dəyişir, amma ənənəvi siyasət demək olar ki, dəyişmir. Amerikanın fundamental xarici siyasət xətti var. O xarici siyasət xəttində hədsiz bir mühafizəkarlıq var. Burada hər hansı bir dəyişkənlik yalnız ciddi səylər nəticəsində mümkün olur. Bu da bir adamın iradəsi ilə yox, prezident və “dərin dövlət”in birgə səyləri ilə baş verə bilər: “Tramp bu gün Amerika siyasi həyatına təsir edə biləcək bir fiqur deyil. Bunu hamı başa düşür.
Amma Trampın komandası bütövlükdə nə dərəcədə səriştəlidir və Amerikanın maraqlarını nə dərəcədə qoruya bilər?
Bu suala da birmənalı cavab vermək çox da asan deyil. Düzdür, bəzən vurğulayırlar ki, Trampdan fərqli olaraq onun komandası güclü komandadır. Ancaq hər halda, Trampın nə özü, nə də komandası bu dövrdə siyasət aləminə konseptual xarakterli bir şey gətirməyib. Dünya düzəninə cavabdeh olan ABŞ bu dünya düzəninin qorunub-saxlanmasına hələ ki elə bir ciddi töhfə verməyib. Dünyada sabitləşmə prosesi getmək əvəzinə, vəziyyətin daha da mürəkkəbləşməsi, gərginləşməsi xəttini görürük”.
Politoloq qeyd etdi ki, ABŞ prezidentləri “dərin dövlət”in drektivlərini həyata keçirir. Bu göstərişlərə müəyyən subyektiv mülahizələr prezident tərəfindən əlavə edilə bilər. Amma böyük çapda siyasət həmin siyasətdir, bundan kənara çıxmaq mümkün deyil: “Bütün bunları nəzərə alaraq qeyd etmək mümkündür ki, ABŞ-ın indiki siyasəti daha çox müdaxilə etməklə özünü büruzə verməyə başlayıb. Ümumiyyətlə, Respublikaçılar hakimiyyətdə olanda onlar həmişə xarici siyasətdə aqressiv olurlar və başqa dövlətlərin işinə müdaxilə siyasətini gücləndirirlər. Bu da iri neft maqnatlarının maraqlarından irəli gəlir. İri neft maqnatları da dövlət siyasətinə təsir edən rıçaqlardan biridir”.
Q.Hüseynli hesab edir ki, hakimiyyətə Tramp yox, Demokratlar Partiyasının namizədi Hillari Klinton gəlsəydi, sözsüz ki, onların siyasətində “dərin dövlət”in, neft maqnatlarının təsiri respublikaçılara olan təsir qədər olmayacaqdı: “Düzdür, xanım Klinton da prezident olsaydı, ABŞ-ın bugünkü siyasətindən çox da kəskin fərqlənən siyasi xətt olmayacaqdı. Ola bilsin ki, bir az maskalanmış formada həyata keçirilən xarici siyasət yürüdüləcəkdi, Rusiya ilə münasibətlər dərhal kəskin qarşıdurma xətti üzrə start götürəcəkdi. Klintonun başı Rusiya ilə haqq-hesab çəkməyə daha çox qarışacaqdı. Klinton Rusiyanı ABŞ-ın bir nömrəli düşməni hesab edirdi və ”dərin dövlət"i də, komandasını da buna inandıra biləcəkdi və dəstək alacaqdı. Amma yenə də Amerikanın maraqlarının həyata keçirilməsi yeridilən siyasətin ana xəttini təşkil edəcəkdi. Bu amili də vurğulamaq lazımdır ki, Trampdan fərqli olaraq Hillari Klinton siyasətdə bişmiş siyasi xadimdir. Məlumdur ki, əgər prezident siyasəti dərindən bilirsə, “dərin dövlət” deyilən anlayışın müxtəlif elementləri arasında məharətlə manevr etməyi bacara bilir və onları bəlli bir cizgilər daxilində saxlamağı bacara bilir və “dərin dövlət” bir çox hallarda bu cür prezidentin siyasətinə ciddi mane ola, onu diktə edə bilmir. Tramp tərəfindən isə buna nail olmaq mümkün deyil. Çünki Tramp siyasətdə bişmiş lider deyil. Ona görə də Trampa “dərin dövlət”in təsiri getdikcə daha da güclənəcək və dünyada xaosun artmasının şahidi olmaqdayıq. Başlanan bu prosesin qarşısını almaq çox çətin olacaq. Ramazan ayından sonra müsəlman coğrafiyasındakı qarşıdurma daha da aktiv fazaya keçəcək. Burada qarşı duran tərəflərdən birinə ABŞ, o birinə Rusiya rəhbərlik edir. Ramazan ayı bitdikdən sonra bu bölgədəki proseslər bəlli maraqların düzüb-qoşduğu konsepsiya çərçivəsində gedəcək. Dünyamız həm siyasi, həm iqtisadi cəhətdən özünün çox narahat günlərini yaşayacaq".