Dubay şahzadəsi Hacıqabulda ov edir - FOTOLAR

Dubay şeyxi Məhəmməd bin Rəşid əl-Məktumun 19 övladından biri - Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid martın 23-dən Azərbaycanda səfərdədir.

Əshabələri ilə Bakının görməli yerlərini gəzən şeyx martın 24-də paytaxtdan Hacıqabul rayonuna ova gedib.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, ərəb zənginləri Hacıqabulun Qarasu və Muğan kəndlərində şahin  və bəzgək quşları ovlayırlar. Daha dəqiq desək, onlar bu gündən ova çıxacaqlar. Hacıqabuldakı mənbələrdən əldə etdiyimiz məlumata görə, ov hazırlıqları artıq başa çatıb.

Qeyd edək ki, düzənlikdə alıcı quşlarla ov etmək ərəb zənginlərinin ən sevimli məşğuliyyətindən biridir. Onların heç bir dərə-təpənin olmadığı Hacıqabul zonasının çöllüklərini seçməsi də bununla bağlıdır. Bu yerlər ərəblərə ənənəvi səhralıqdakı ovdanları xatırladır. Üstəlik ərəblər ova maşınlarla çıxmağı sevirlər. Hacıqabuldakı çöllük ərazi isə o qədər hamar və hərəkət üçün əlverişlidir ki, ov zamanı avtomobili saatda hətta 100 km sürətlə idarə etmək də çətinlik yaratmır.

Amma son günlər yağmış aramsız yağışlar ərəb zənginlərinin işini bir az çətinləşdirib. Ov ediləcək çöllər palçıqdan keçilməz olub. Ona görə də şahzadə və əshabələri ovu bir günlüyə təxirə salıb. Üstəlik ovçular bataqlığı xatırladan düzənlikdə çadır qurmağa və gecəni orada qalmağa da tərəddüd ediblər. Buna görə də müvəqqəti olaraq ev kirayələməyə məcbur olublar. Onların bu gündən çöllüyə köçəcəyi deyilir.

Xatırladaq ki, Dubay şahzadəsi Həmdan bin Məhəmməd bin Rəşid boş vaxtlarında “Fazza” ləqəbi ilə şerlər də yazır. Gənc oğlan 18 milyard dollarlıq var-dövlətə malikdir.