DTX reket jurnalistləri saxlayıb

Baxış sayı:
4903

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) "El həkimi" qəzeti və onun baş redaktoru, təsisiçisi Zöhrab Ağayevlə bağlı araşdırmaya başlayıb.
“Turan” xəbər verir ki, bu barədə DTX-nın avqustun 13-də yaydığı məlumatda deyilir.
" Z.Ağayevin tabeçiliyində olan Günel Cümşüdova və digərlərinin ölkə ərazisində müxtəlif hərbi hissələrin zabit və gizirlərini qanunsuz əməllərə təhrik edərək şantaj etmələri, bu barədə videoçəkilişləri mobil telefondan İnternetlə bir-birilərinə ötürmələri müəyyən olunub DTX- da araşdırma başlanıb", - məlumatda deyilir.
Bildirilir ki, keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Z.Ağayev hədə-qorxu yolu ilə tələb olunan pulu aldıqdan sonra idarə etdiyi "90-PF-742" dövlət qeydiyyat nişanlı avtomobilində cinayət başında saxlanılıb.
Əvvəlcədən üzəri xüsusi qaydada işarələnmiş pullar, əllərində isə həmin pulların üzərinə çəkilmiş xüsusi tozun izləri aşkar edilərək sənədləşdirilib.
Faktla bağlı başlanılmış cinayət işi üzrə davam edən araşdırmalarla həmin şəxslər məsuliyyətə cəlb olunublar. Onlar tərəfindən gizli qaydada informasiya alınması üçün texniki vasitələrdən istifadə etməklə insanların güdülməsi, gizli videoçəkilişlərin aparılması və s. kimi dəllilər götürülüb.
Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər cinayət əməlləri barədə ətraflı ifadələr veriblər. Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir, zərər çəkmiş şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalar aparılır.