​DTX-nın tutduğu REDAKTOR: "Mən pul alanda 50 manat almıram..."

Baxış sayı:
7912

“Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onu müavini Hikmət Nəcəfli, eləcə də Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahmud Ağalarovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən Maarif Abbasov ifadə verib.
O deyib ki, istintaqda Surxay Əliyevlə üzləşmək istəsə də, müstəntiq bunu etməyib:
"Rəna xaricə qaçmışdı, mən onunla üzləşmək istədim, etmədilər. Bircə Hikmətlə üzləşmişəm, o da əli qandallı gəlmişdi. Mən dedim, Hikmət nə deyibsə odu. Çingiz İbadov və Rasim Hüseynovla da üzləşmək istədim, etmədilər. Hamısı xaricə qaçırılıb".
Maarif Abbasov masaj salonu epizodu üzrə də danışıb:
"Mən qəzet redaktoruyam, materiallar mənə göndərilib. Turalla, Şahinlə tanışam, çörək yemişik. Pul istəsəydim, onlardan alardım. Masaj salonunda çəkiliş etməmişəm, çəkilişdə iştirak da etməmişəm. Sadəcə çəkiliş olunub, o materiallar mənə verilib. Bu gün o salon fəaliyyət göstərmir. Həmin adamların çəkiliş etməkdə məqsədləri o idi ki, jurnalistlərin ayağı oradan çəkilsin. 10-a yaxın jurnalist ora gedib, yeyib-içib pul vermirdilər".
Maarif Abbasov bütün epizodlar üzrə özünü təqsirli bilmədiyini deyib:
"Biz istintaqda istənilən ifadəyə qol çəkirdik ki, oradan çıxaq. Çünki burdakı kimi sərbəstlik yox idi. İndi də bunun izahını veririk. İstintaqa verdiyim ifadəmi təsdiq etmirəm. Heç kimi hədələməmişəm, mətbuatda rüsvay edəcəyimi deməmişəm. Orda yazılıb ki, həkim Orxan Abbaslıdan 50 manat almışam. Bu işlə bağlı Yasamal polisində şikayət olmuşdu, xitam verilmişdi. DTX-nın müstəntiqi ora zəng edib işi yenilədiyini dedi. Mən pul alanda 50 manat almıram. Mən burada içimdəki sözləri dedim, bundan sonra nə cəza versəniz "çox sağ olun" deyəcəm".
Daha sonra məhkəmə istintaqı tamamlanıb, prokuror cəza istəməyə hazır olmadığını bildirib və vaxt istəyib.
Növbəti proses mayın 3-də davam edəcək.
İttihama görə, ölkədə insanları şantaj edən media orqanları rəhbərləri və əməkdaşları ilə bağlı Dövlət Təhlükəsizlik Xidməti tərəfindən aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində cinayəti başlanıb.
Aparılan araşdırmalarla "Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs olunub.
İstintaq araşdırması zamanı digər təqsirləndirilən Gülbəniz Əliyeva, İlahə Qasımova, Sevinc Məmmədsalayeva və Maarif Abbasovun Surxay Əliyevlə cinayət əlaqəsinə girdikləri məlum olub. Sevinc Məmmədsalayeva isə daha əvvəl hədə-qorxu ilə tələb etmədə təqsirləndirilərək 6 il müddətinə azadlıqdan məhrum edilib. O, hazırda 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir.