DTX-nın “reket jurnalistlər”ə qarşı əməliyyatı təqdir olunur – “Daha sərt addımların həyata keçirilməsinə ehtiyac var”

Aslan İsmayılov: “Hesab edirəm ki, daha sərt addımların həyata keçirilməsinə ehtiyac var”
Müşfiq Ələsgərli: “Mətbuat Şurası həmin qəzetin adını 2010-cu ildən “qara siyahı”ya daxil edib”
Mehman Əliyev: “Jurnalistləri pul alan yerdə tutublarsa, bu ciddi məsələdir”
Namizəd Səfərov: “DTX həqiqətən də cinayət törətmiş jurnalistlərə qarşı bu cür əməliyyat həyata keçirırsə, bu, normal haldır”
Yadigar Məmmədli: “Onlara qarşı sərt tədbirlərlə mübarizə aparmaq lazımdır”

Xəbər verildiyi kimi, ötən həftə “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərdiyi iddia olunan digər şəxslər müvafiq cinayətləri törətməkdə ittiham edilərək, cinayət məsuliyyətinə cəlb ediliblər. DTX-nın İctimai əlaqələr şöbəsindən verilən məlumata əsasən, Surxay Əliyev və digərləri zərərçəkmiş şəxslərə qarşı çoxsaylı cinayət əməlləri barədə ətraflı məlumatlar verib, onların hazırladıqları şantaj xarakterli materiallar, eləcə də ayrı-ayrı vətəndaşların intim münasibətlərinə dair gizli aparılmış videoçəkilişlər müəyyən edilib.
Maraqlıdır, DTX-nın “reket jurnalistlər” şəbəkəsinə qarşı keçirdiyi bu əməliyyat media nümayəndələri və hüquq müdafiəçiləri tərəfindən necə qarşılanır?

“Bu problemlərlə təkcə dövlət idarələri üzləşmir...”

“Hürriyyət” qəzetinin baş redaktoru Vüqar Məmmədov ilk olaraq diqqəti ölkədə “reket jurnalistlər”in sayının artmasına yönəltdi: “Təəssüf edirəm ki, ölkədə peşəkar saytların sayı barmaqla sayılacaq qədər olsa da, “reket saytlar”ın sayı yüzlərlədir. Mən hesab edirəm ki, ilk növbədə bu məsələyə diqqəti yönəltmək lazımdır. Bü cür adamlar əhalinin bügünkü ağır durmunda mətbuatda özləri üçün yeni qazanc mənbəyi tapıblar. 
Əlbəttə, DTX-nın “Bizim Dövr” qəzetinin baş redaktorunun həbs edilməsi ilə bağlı verdiyi məlumatdan əvvəl də bu cür hadisələrin şahidi olmuşuq. Onu da deyim ki, bu problemlərlə üzləşən təkcə dövlət idarələri, ayrı-ayrı müəssisə və şirkətlər deyil, elə biz özümüz də “reket saytlar”ın əlindən cana gəlmişik. Məsələn, bu “jurnalist”lərdən biri bizim adımızdan istifadə edərək “Hurriyet.az” domeni alıb və uzun müddət “reketçilik” fəaliyyəti ilə məşğul olur. Biz buna görə Daxili İşlər naziri cənab Ramil Usubova və DTX sədri cənab Mədət Quliyevə müracət etmişik ki, həmin adamlarla bağlı tədbirlər görülsün”.
V.Məmmədov hesab edir ki, bu məsələ ilə bağlı qanunda boşluq var: “Hesab edirəm ki, qəzetlər Ədliyyə Nazirliyində qeydiyyatdan keçirlərsə, saytlar da eyni qayda ilə qeydiyyata alınmalıdırlar. Mən bu işlə məğul olan aidiyyatı qurumlara müraciət edirəm ki, bu məsələni gündəmə gətirsinlər, hər bir sayt qeydiyyatdan keçirilsin. O zaman qəzet və sayt adları təkrar və başqa-başqa şəxslərə satılmaz, kimsə də kimsənin haqqını yeyə bilməz”. 
“Hürriyyət”in baş redaktoruna görə, əslində, “reket jurnalistlər”i rüşvətxor, korrupsioner məmurlar himayə edir: “Korrupsiya, rüşvətxorluğa bulaşmış dövlət məmurlarının böyük əksəriyyəti bu saytların şantajlarından qorxaraq, onların “bəslənməsi”ndə rol oynayırlar. Əslində, bir çox saytlar da məhz yüksək rütbəli məmurlar tərəfindən idarə olunur. Məmurlar bu saytların maliyyəsini təmin etməklə, onlardan bir-birinə qarşı şantaj vasitəsi kimi istifadə edirlər.
Bu baxımdan, bir daha qeyd edirəm ki, saytların qeydiyyata alınma məsələsi çox ciddi şəkidə və qısa müddətdə öz həllini tapmalı və internet resurslarının fəaliyyətinə nəzarət artırılmalıdır”. 

“Hüquq mühafizə orqanları onları zərərsizləşdirməlidir”

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev bildirdi ki, jurnalistikada bu peşədən cinayət əməlləri üçün istifadə edən böyük bir dəstə var: ““Reket jurnalistikası” adlanan bu bəla barədə söhət düşəndə hər dəfə tələb ortya qoyulub ki, hüquq mühafizə orqanları onlara jurnalist kimi yox, bu peşədən cinayət üçün istifadə edən qrup kmi baxmalı və onları zərərsizləşdirməlidir. Belə bir əməliyyatın keçirilməsini müsbət qəbul edirəm. Hesab edirəm ki, bu cür əməllərə hər yerdə belə münasibət göstərilməlidir”.
A.Əliyev vurğuladı ki, “reket jurnalistlər”ın böyük əksəriyyəti açıq şəkildə bir sıra dövlət orqanları tərəfindən himayə olunub: “İndiki halda da belədir. Onların himayədarı olduqları da üzə çıxır. Ikincisi, Kütləvi İnformasiya Vasitələrində hərəkət edən ayrı-ayrı qruplara yox, bütövlükdə bu problemə münasibət sərgilənməlidir. Yəni indiyə qədər olan qeyri-qanuni cinayətkar məqsədlərlə informasiyaların toplanması halları da eyni cür araşdırılmalıdır. Günahkarlar cəzalandırılmalıdır. Mən Xədicə İsmayıl və Qənimət Zahidlə bağlı məsələləri nəzərdə tuturam. Onların ciddi mətbuat orqanlarının nümayəndələri olmasına baxmayaraq, nəinki dövlət orqanları tərəfindən damğalanırdılar, əksinə dövlət orqanları o məlumatların yayılmasına şərait yaradırdılar”.
Arif Əliyev onu da dedi ki, əslində, “reket jurnalistikası” deyilən jurnalistika yoxdur: “Bunu uzun müddət təkrarlaya-təkrarlaya bizim beynimizə yeritdilər. Jurnalistikadan sırf cinayətkar məqsədlər üçün istifadə edən cinayətkar dəstələr var. Necə ki, hüquq mühafizə orqanlarının tərkibində də belə dəstələr var. Polis sənədi ilə gəzirlər, müxtəlif yerlərdən pullar toplayırlar, zaman-zaman da ifşa edilirlər. Jurnalistika adından istifadə edən və ona ləkə gətirən bu cür dəstələrə qarşı da mübarizə davam etməlidir. Bunların dövlət orqanlarında müəyyən səlahiyyətlərə malik himayədarları olmasa, eyni zamanda onlara qarşı qanunun tələb etdiyi şəkildə tədbirlər görülsə, o zaman jurnalist qurumlarının da bu sahədə fəaliyyəti uğurlu olar. Yoxsa, yalnız ictimai qınaqla bu problemin həlinə nail olmaq mümkün deyil”.

“Kimsə dələduzluqla məşğul olursa, həbs olunmalıdır”

Tanınmış hüquqşünas Aslan İsmayılov bildirdi ki, “reket jurnalistlər”ə qarşı bü cür tədbirlərin keçirilməsini birmənalı olaraq dəstəkləyir: “Mən adını “jurnalist” qoyub, reketçiliklə məşğul olanlara qarşı əməliyyat keçirir deyə, Dövlət Təhlükəsizlik Xidmətinin əleyhinə çıxış edə bilmərəm. Əksinə, Eldar Mahmudovun dövründə onlarla qəzet MTN-ə işləyib, insanların evini yıxırdı. Mən daim mətbuatda çıxış etdim ki, əgər bu adamlar tutulmayacaqlarsa, demək, bunlardan MTN özü istidadə edir. Mən bilmirəm tutulan jurnalistlər kimlərdir, həmin jurnalistlərə aiddir, yoxsa yox. Ancaq bildiyim odur ki, MTN dövründə xüsusi bir dəstə var idi. Hansı ki, əvvəlcə kiminsə barəsində olan materialı jurnalistlərə ötürürdülər, sonra həmin adamları məhv edirdlər. Həmin jurnalistlər də o işlərdən yararlanırdı. Yəni həmin o reket dəstəsinin bir üzvü də bunlar idi. Əgər bunlar da həmin jurnlistlərdəndilərsə, düz edib tutublar. Bü cür tədbirlərin “reket jurnalistlər”ə qarşı keçirilməsini birmənalı dəstəkləyirəm. Jurnalist olmur, kim olur-olsun, əgər kimsə qanunu pozub, dələduzluqla məşğul olursa, həbs olunmalıdır. Hesab edirəm ki, daha sərt addımların həyata keçirilməsinə ehtiyac var. Əgər o sərt adımmları atmayacaqlarsa, demək, bu “işverən” jurnalistlərdən özləri istifadə edir”. 

“DTX-nın bu əməliyyatı gecikmiş, amma zəruri addımdır”

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli dedi ki, Dövlət Təhlükəsizlik Xidmətinin “reket jurnalistlər”ə qarşı keçirdiyi əməliyyatı çox müsbət dəyərləndirir: “Amma bir az geçikmiş əməldir. Azərbaycan Mətbuat Şurası həmin qəzetin adını 2010-cu ildən “qara siyahı”ya daxil edib. Buna baxmayaraq, bunlar əməllərini davam etdiriblər, icimai qınaqdan çəkinməyblər. Mətbuat Şurası onların adını ikinci dəfə 2016-cı ildə “qara siyahı”ya əlavə etməyi vacib bilib və cəmiyyəti xəbərdar edib. Təəssüf ki, onlara qarşı həmin vaxt xüsusi bir əməllər həyata keçirilməyib. Demək olar ki, bu qəzetə qarşı cəmiyyətin bütün ictimai təbəqələrindən Mətbuat Şurasına şikayətlər daxil olub. Bunlar şantaj, hədə, pulalma, yəni bütün neqativ əməllərlə məşğul olurdular. Hətta indi məlum olur ki, bunlar xüsusi dinləmə qurğularından istifadə ediblər. Hansı ki, bu cür qurğulardan əməliyyat axtarış tədbiri aparmayan orqanların istifadəsi qadağandır. 
DTX-nın bu əməliyyatı gecikmiş, amma zəruri addımdır. Çünki bu cür şəxslər həm jurnalist, həm media adına “qara ləkə” gətirirlər, həm də Azərbaycan cəmiyyətində jurnalistlərə qarşı etimadın itməsinə səbəb olurlar. Bunlara biz jurnalist deyə bilmərik. Bunların fəaliyyətinin jurnalistikaya heç bir aidiyyatı yoxdur. Buraxdıqları qəzet də plagiatlıq yolu ilə formalaşdırılırdı. Çoxsaylı digər qəzetlərdən götürülmüş informasiyalar olurdu. Mənə belə gəlir ki, bunların fəaliyyəti jurnalist fəaliyyəti ilə yox, qanunvericiliyi pozan mütəşəkkil dəstə kimi qiymətləndirilməlidir. Fəaliyyətlərinə də hüquqi qiymət verilməlidir ki, bu fəaliyyətlə məşğul olanlara da bir nümunə, örnək olsun”.
M.Ələsgəli onu da dedi ki, əslində, onlar düzgün yol seçsəydilər, Mətbuat Şurasının qınağı onlar üçün kifayət olardı: “Mətbuat Şurasının “qara siyahı”sında yüzlərlə bu cür qəzetin adı olur. Onlar yol verdikləri neqativ əməllərə görə, adları “qara siyahı”ya düşür. Amma Məbuat Şurasının onlara qarşı çıxardığı qərarlar, rəylər, ictimai qınaq formasını daşıyır. Kimlər ki, bu ictimai qınaqdan nəticə çıxarırlar, fəaliyyətlərində dönüş edirlər və normal fəaliyyətlərini davam etdirirlər. Amma elələri də var ki, içtimai qınağa əhəmiyyət vermirlər, bundan nəticə çxarmırlar, neqativ əməllərini davam etdirirlər. Deməli, belələri haqqında artıq hüquqi müstəvidə ölçü götürülməlidir ki, digəriləri də bundan nəticə çıxrtsın”.

“Belə bir fakt baş veribsə, bu problemdir”

“Turan” İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev bildirdi ki, DTX əməkdaşları sözügedən jurnalistləri pul alan yerdə tutublarsa, bu ciddi məsələdir: “Belə bir fakt baş veribsə, bu problemdir. Onda mən jurnalistləri pisləyirəm. Ancaq jurnalistləri hardansa tutub aparıblarsa, onda Dövlət Təhlükəsizlik Xidmətinin bu əməlini pisləyirəm. Bu, düzgün deyil. Ona görə də mən konkret bilmək istəyirəm ki, jurnalistlər hansı şəraitdə, harada tutulublar. Düzdür, informasiya var. Ancaq informasiyada daha konkret göstərilməlidir ki, pul alan zaman qeydə alınmış nömrələr, əl izləri olub, ya yox”.

““Reket jurnalistlər”ə qarşı istintaq aparmaq olar…”

Hüquqşünas Namizəd Səfərov hesab edir ki, Dövlət Təhlükəsizlik Xidməti həqiqətən də cinayət törətmiş, bu və ya başqa güclü cinayətlərdə əli olan jurnalistlərə qarşı bu cür əməliyyat həyata keçirırsə, bu, normal haldır:“Lakin son zamanlar MTN-də baş verən hadisələr göstərdi ki, burada məqsəd başqadır. Düzdür, “reket jurnalistikası” bizdə geniş yayılıb. “Reket jurnalistlər”ə qarşı istintaq aparmaq olar. Lakin, bu, Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətinə və araşdırılma dairəsinə aid olan məsələ deyil. Əgər jurnalistdən şikayətçi varsa, bunu Daxili İşlər Nazirliyi araşdırmalıdır”.

“DTX-nın bu əməliyatını alqışlayırıq”

Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli də bu fikirdədir ki, Azərbaycanda jurnalistika fəaliyyəti ilə məşğul olmayan xeyli sayda KİV var: “Onlar həm qəzetlər, həm də saytlardır. Bununla bağlı canlı olaraq Mətbuat Şurasına da şikayətlər daxil olub, məsələlərə baxmışıq. O kontekstdə təbii ki, biz bunu normal dəyərləndiririk. Jurnalistikaya aid olmayan, jurnalist prinsiplərinə əməl etməyən insanların qeyri-qanuni əməlləri təqdir oluna bilməz. Onlar qanun qarşısında cavab verməlidirlər. Bu baxımdan, DTX-nın bu əməliyatını təbii ki, alqışlayırıq. Amma söhbət bunun başqa bir formada təqdimatından gedirsə, yəni normal jurnalistika işinə müdaxiləsini qəbul etmək omaz. Jurnalistika çox ciddi bir sahədir. Jurnalistika ilə məşğul olan insanlar, yəni biz özümüz bilirik ki, Azərbaycanda bununla bağlı çoxlu problemlər var. Biz, jurnalistlər ilkin mənbədən məlumat almaqda çətinliklərlə rastlaşırıq. İş elə gətirib ki, biz jurnalistkanın professional problemlərini həll etmək əvəzinə, jurnalist qurumlarını tamam başqa problemlərlə məşğul olmağa məcbur ediblər.
Söhbət əsl jurnalistdən gedirsə, ona qarşı heç bir addım atılmamalıdır. “Reket jurnalistikası” ifadəsi uğurlu ifadə deyil. Reket elə reketdir. Reket fəaliyyəti ilə məşğul olan istənilən şəxs qanun qarşısnda cavab verməlidir. Bu insanlar jurnalistika ilə məşğul deyillər. Bunlar həm bizim adımızı ləkələyir, həm də insanlar arasında çaşqınlıq yaradırlar. Jurnalist deyəndə insanların gözü qarşısında qapı-qapı pul dilənib gəzən insanlar canlanır. Təbii ki, bu normal deyil. Onlara qarşı sərt tədbirlərlə mübarizə aparmaq lazımdır”.

Hurriyyet.org