“DTX-nın nəfsi doymayan icra başçıları ilə işi hələ uzun çəkəcək” – DEPUTAT

Baxış sayı:
2572

“Görünən odur ki, ölkə başçısının xəbərdarlıqlarından nəticə çıxarmayıb öz çirkin əməllərini davam etdirən icra başçıları çoxdur. Ona görə də Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkar əməkdaşlarının işinin hələ uzun çəkəcəyi şübhəsizdir”.

Muxalifet.az xəbər verir ki, bunu modern.az-a açqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyevin həbsilə bağlı danışarkən bildirib.

V.Əhmədov təəssüflə həbs edilənlərin kifayət qədər təcrübəli insanlar olduğunu diqqətə çatdırıb:

“Dünyanın çətin sınaq qarşısında qaldığı bir dövrdə, insanların koronavirus pandemiyası ilə can çəkişdiyi bir vaxtda, həmrəylik, mərhəmət nümayiş etdirmək əvəzinə, vətəndaşların ehtiyacı olan vəsaitini, onlara ayrılan ərzaq yardımını mənimsəmək nə insanlığa sığır, nə vicdana. Neftin qiyməti kəskin düşüb, Azərbaycanın dövlət başçısı durmadan çağırışlar edir, insanları çətin durumdan xilas etmək üçün bütün resursları səfərbər edib, bunlar kimi nəfsi doymayan icra başçıları da öz çirkin əməllərindən qalmırlar.

Belə bir vəziyyətdə icra başçısı yenə də bu işlərlə məşğuldursa, adam artıq deməyə söz də tapmır. Dəfələrlə xəbərdarlıq edilib, mətbuatda açıqlamalar verilib. Prezident “şəffaflığı təmin edək” dedikcə, rəhbərlikdə təmsil olunanbu cür adamlar vəziyyətdən sui-istifadə etməyə çalışırlar”.

Deputat qeyd edib ki, bu, yanlız bir-iki nəfərlə bitməyəcək:

“Gedişat göstərir ki, əksər rayon İcra Hakimiyyətlərinin rəhbərləri bu cür işləyir. Ona görə də necə deyərlər, bu xəmirin hələ çox su aparacağı gözlənilir. Amma bunun bir sonu da olacaq.

Bu gün Milli Məclisdə yeni Baş prokuror təyin edilməsinə razılıq verəcəyik. Bütün bu sistem elə işləməlidir ki, korrupsiya halları aradan qaldırılsın. Hesablama Palatasının hesabatı, həmçinin mənim korrupsiya ilə əlaqdar təkliflərim olacaq. Nə qədər korrupsiya ilə məşğul olmaq olar, nə qədər büdcəni talamaq olar, nə qədər bunlara xəbərdarlıq etmək olar?! Görünür nəfslərinə qalib gələ bilmirlər. O gün bir yaxşı ifadə işlətdilər ki, “bunların mədəsi o qədər böyükdür ki, onu doldura bilmirlər”.

Hər şey bir  tərəfə, indiki pandemiya dövründə Prezident büdcədən bu qədər vəsait ayırır ki, insanlar nisbətən təminatlı olsunlar, bu tərəfdən də icra başçısı çapıb-talayır. Bu hansı insanlığa sığır?! İnsanların başına olmazın oyununu gətirirlər. Neçə rayonda plastik kart məsələsi üzə çıxıb, hələ də davam edir. Bu proses 1-2 rayonla bitən deyil. Əksər rayonlar bu vəziyyətdədir. Ona görə də prosesi daha da aktivləşdirmək lazımdır. Mən Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Əli Nağıyevə, bütün əməkdaşlarına təşəkkür edirəm ki, çevik və yerində addımlar atırlar. Korrupsiya, insanların haqqı yemək ciddi məsələ olduğu üçün ictimaiyyətin bütün nümayəndələri fikir bildirməlidir, ictimai qınaq olmalıdır”