DTX-nın həbs etdiyi Zakir Sultanov öz adına bahalı konyak istehsal etdiribmiş… - DÖVLƏTDƏN OĞURLANAN PULLAR BU CÜR “HAVAYA SOVRULURMUŞ” / FOTO

Baxış sayı:
5927

Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşlarının bir neçə rayonun ardınca, Azərbaycan Mədəniyyət Nazirliyində də əməliyyat keçirməsi cəmiyyətdə böyük rezonansa səbəb olub.
Muxalifet.az
xəbər verir ki, bəzi icra başçıları və rəhbər vəzifələrdə çalışan şəxslərin həbs olunmasından sonra DTX-nın nazirliyə də “əl gəzdirməsi” vətəndaşlar arasında bu əməliyyatların davamlı olacağına inamı artırıb. Təsadüfi deyil ki, artıq nəinki ayrı-ayrı rayonlardan, hətta paytaxtın özündə belə, vətəndaşlar DTX maskalılarını müxtəlif idarələrə dəvət edirlər...
Qeyd edək ki, bu əməliyyatlar zamanı imkansız ailələrə çatmalı olan yardımların rayon rəhbərlərinin qohum-əqrabası arasında bölüşdürülməsi, icra başçılarının seyfində vətəndaşlara aid yüzlərlə bank kartının və milyonlarla manat vəsaitin aşkarlanması və s. sakinlərin daha çox qəzəbinə səbəb olan faktlardır. Çünki bu pulların hamısı məhz rayon sakinlərinə çatmalı olan vəsaitlər, yaxud da onlardan rüşvət olaraq əldə olunan pullardır.
Mədəniyyət Nazirliyində həyata keçirilən əməliyyatın səbəbi də, demək olar ki, oxşar qanunsuzluqların mövcud olması ilə bağlıdır. Yəni burada da söhbət rüşvət və korrupsiyadan gedir. Hansı ki, məhz bu səbəbdən də bu axşam Səbail Rayon Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Onların hər ikisinə qarşı Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərini aşma) və 179-cu (mənimsəmə)  maddələri ilə ittiham irəli sürülüb. Nəticədə hakim Şahin Abdullayevin sədrlik etdiyi iclasda hər iki şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məlumat üçün bildirək ki, bu məmurlardan xüsusən də Zakir Sultanovun həbsi medianın daha çox diqqətini cəlb edib. Məsələn, bu gün Haqqın.az saytında “Tarixi satdı və bir neçə milyon dollara kafe aldı… – ZAKİR SULTANOVUN HƏBSİNƏ SÖZARDI” sərlövhəli yazı dərc olunub ki, bu məqalədə ximdət rəisinin bir çox qanunsuz əməlləri sadalanmaqdadır.
Muxalifet.az-ın Zakir Sultanovla bağlı əldə etdiyi bir məlumat isə tamamilə fərqli istiqamətdədir. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə Z.Sultanovun bahalı içkilərin həvəskarı olduğunu və bu yolda böyük pullar xərclədiyini bildirir. Ən maraqlısı isə odur ki, onun külli miqdarda vəsait hesabına özünün adına olan xüsusi növ konyak sifariş etdirdiyi bildirilir. Deyilənə görə, Z.Sultanov süfrəsinin başından oturan ən əziz qonaqlarına yalnız öz adını daşıyan konyakdan süzərmiş…
Muxalifet.az həmin bahalı konyakın fotosunu oxucularına təqdim edir:

Xatırladaq ki, ötən il Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının keçmiş sədri Rüfət Aslanlının da öz adına 1 şüşəsinin qiyməti 5 min dollardan bahalı olan “Maison d' Aslanli” şərabı istehsal etdirdiyi haqda faktlar ortaya çıxarılmışdı. Bütün bunlar onu göstərir ki, Azərbaycanda dövlət əmlakını talayan məmurların öz adlarına içkilər sifariş etdirməsi zəngin olmalarının nümayişi olmaqla yanaşı, getdikcə “dəb” halına çevrilməkdədir…

Muxalifet.az