​DTX Milli Şuraya cavab verdi: “Siyasi görüşündən aslı olmayaraq bütün Azərbaycan vətəndaşları qorunur"

Dövlət Təhlükəsizlik Xidməti Milli Şuranın oktyabrın 28-də keçiriləcək mitinqi zamanı terror cəhdinin qarşısını alması barədə bəyanatına şübhə ilə yanaşan müxalifət rəhbərlərinin KİV-ə açıqlamalarına reaksiya verib.
Muxalifət.az-ın məlumatına görə, DTX-dan BBC radiosunun bu barədə sorğusuna cavab olaraq bildirilib ki, "mitinq təşkilatçılarının bu yanaşmasını yalnış hesab edirlər" və ölkədə baş verəcə biləcək "bütün mümkün təhlükələrə qarşı" tədbirlər görülür: "Siyasi görüşündən, dinindən aslı olmayaraq bütün Azərbaycan vətəndaşları qorunur",  -deyə qurum nümayəndəsi bildirib.
Qeyd edək ki,  Dövlət Təhlükəsizliyi Xidməti çərşənbə günü yaydığı bəyanatda bildirir ki, Milli Şuranın şənbə günü baş tutacaq mitinqində "terror aktı törətməyi planlaşdıran dini ekstremist qrupun üzvlərini məhv edib". Milli Şuranın  şənbə gününə planlaşdırılan mitinqin təşkilatçıları nümayiş aksiyasında terror aktı ola biləcəyini şübhə ilə qarşılayıblar. Milli Şuranın üzvü, Azərbaycan Xalq Cəbhəsi partiyasının (AXCP) sədri Əli Kərimli də bu məlumata inanmadığını deyib: "Bu məqsədli şəkildə mitinqə gələn insanları çəkindirmək məqsədi daşıyır. Mitinq dövlətin təhlükəsizliyinə zəmanət verdiyi yerdə baş tutur", – deyə o vurğulayıb.