​"DTK-nın arxivi açılsa, Azərbaycan vətəndaşları şoka düşər” – KEÇMİŞ MTN ƏMƏKDAŞI

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin ictimaiyyətə açıqladığı bir milyona yaxın məxfi sənəd dünya gündəminə bomba kimi düşdü. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da bu addım bir sıra məsələləri gündəmə gətirib.
Vaxtilə ölkəmizin tərkibində olduğu Azərbaycan SSRİ-nin Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) arxiv sənədlərinin açıqlanmasının vacib olması barədə fikirlər səslənir. Eyni zamanda müstəqil olduğumuz 25 ildən çox zaman kəsimində bu sənədlərin gizli saxlanılması suallar doğurur. Çoxları düşünür ki, KQB agentləri açıqlanarsa, ölkə daxilində ciddi qarşıdurmalar yaranar. Təhlükəsizlik ekspertlərinin əksəriyyəti bu sənədlərin açıqlanmasının əleyhinə olsa da, bunun əksini düşünənlər də var.
Yaranan müzakirələrin fonunda əsas diqqətçəkən məqamlardan biri də müstəqillik illəri ərzində Azərbaycana rəhbərlik etmiş üç müxtəlif iqtidarın heç birinin DTX-nin arxiv sənədlərinin üzə çıxarılmasına maraq göstərməməsidir.
Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl musavat.com-a bildirib ki, Mərkəzi Kəşfiyyat İdarəsi öz agentura şəbəkəsini açmır: “İdarə məxfi sənədləri açır. Bu sənədlərdə də agentura şəbəkəsi yoxdur. İstərdim ki, bunu birmənalı şəkildə oxucularımız bilsinlər. Agentura şəbəkəsinin siyahısı başqa, arxiv sənədləri başqa şeydir. Bu, Amerikada qanun şəklindədir. Müəyyən zaman keçəndən sonra məxfi sənədlər açıqlanır. Belə deyək ki, əməliyyat əhəmiyyətini itirir, amma tarixi əhəmiyyətini saxlayır. Tarixi əhəmiyyətinə görə də dövlətə heç bir zərər gətirmir. Komissiya yaradılır və sonra da dediyiniz kimi, bir milyona yaxın sənəd açılır. Biz də isə belə qanun yoxdur. Xüsusi xidmət orqanının daxilindəki əsasnaməyə əsasən, əməliyyat üçün tarixi əhəmiyyətə malik olmayan sənədlərin tamamilə məhvi var. Amma elə sənədlər də var ki, onlar qalırlar, onları da arxivlərlə işləyən bəzi mütəxəssislərə-bunu da hər mütəxəssisə vermirlər-xüsusi icazəsi olan şəxslərə verirlər. Əgər həmin sənədlər açılsa, ilk növbədə cəmiyyət üçün öz tarixini bilmək olacaq. Nəyin nə zaman baş verdiyində, bəzi şəxslərin bu gün ideoloq kimi görünməsində, yaxud ideal kimi təqdim olunmasında əks faktlar meydana çıxar. İndiyə qədər gördüyümüz çox yaxşılar pis, və ya əksinə, günahlandırdıqlarımız yaxşı ola bilər. Sovetin dövründə elə məsələlərə imkan verilib ki, cəmiyyət bilsə, şoka düşər, təəccüb içərisində olarlar. Sənədlər açıqlansa, daha yaxşıdır. İkinci Dünya müharibəsindən heç əvvəlki zamanı demirəm, sonrakı dövrdə nələrin olduğunu hər kəs bilər. 1937-ci ilin repressiyalarını belə biz sona qədər açıqlamadıq”.
Ekspert hakimiyyətlərin sənədlərin açılmasında maraqlı olmadıqlarını da qeyd etdi: “DTX-nin sənədlərinin açılmasında nə keçmiş, nə də ki indiki hakimiyyətlər maraqlı deyil. Bəzilərinin bunu etməyə vaxtları çatmayıb. Vaxtı çatanların da bu məsələlərin açıqlanmasına maraqları yoxdur, yaxud da özlərinin əleyhinə orada nələrin olduğunu bilib, bunları üzə çıxarmamaqda qətiyyətlidirlər. Mütəllibov və Elçibəy hakimiyyətinin bu arxivi açmağa elə də zamanları olmadı. Həm də o dövrdə müharibə gedirdi. Ukraynada bu işi etdilər, fikirləşdilər ki, hansısa sənədləri açmaq olar. Hətta o dərəcədə oldu ki, bəzi insanların qohum-əqrəbalarına kimlərsə satqınlıq edibsə, kimisə satıbsa, məlumat verildi. Bizdə isə bunlar yoxdur. İndiki iqtidar 23 ildir hakimiyyətdədir. Bununla bağlı qanun işləməyə kifayət qədər vaxtları olsa da, bunu hələ etməyiblər. Onsuz da bu sənədlərlə agentura şəbəkəsi açılmır. Amma Azərbaycan tarixində nələrin baş verdiyini təkcə tarixçilər deyil, cəmiyyətin özü də bilməlidir. Tutaq ki, 1988-ci ildə Qarabağ hadisələri başlayanda biz az qala baş verən hadisələri saatbasaat göndərirdik. Məsələn, məlumat verirdik ki, burada mitinq keçirilir, kimlər çıxış edir, tələb nədir və s. Bunlar 29 il əvvəl baş verib, mən və o hadisənin iştirakçıları bu barədə xəbərdarıq. Amma 28 yaşı olan şəxs bilmir ki, o anadan olanda nələr baş verib. Bu işlərin məxfi tərəfləri var. Hesab edirəm ki, müəyyən zaman seçilməlidir. Məsələn, 30 və ya 40 ildən sonra bəzi sənədlərin açılması. Bu daha çox cəmiyyəti tərbiyə edir. Cəmiyyətdən daha çox da məmurları, xüsusilə yüksək vəzifədə çalışanları tərbiyə edər ki, nə vaxtsa bu sənədlər açılacaq. Nəticədə düzgün, qanunla hərəkət edərlər”.