"Dəstəklədiyimiz dəyərlər görməməzliyə vurulur" - ƏHMƏD DAVUDOĞLU

Baxış sayı:
7700

Ədalət və İnkişaf Partiyasında bir narahatlıq var. AKP ədalət, düşüncə, ifadə azadlığı mövzusunda önə çıxırdı. Amma son 3 ildə gördüyüm odur ki, həyatımız boyu dəstəklədiyimiz dəyərlər görməməzliyə vurulur. Bu sözləri “Financial Times” qəzetinə müsahibəsində Türkiyənin sabiq xarici işlər və baş naziri Əhməd Davudoğlu deyib. Sabiq baş nazir Türkiyədəki təşkilatların zəiflədiyini bildirib, habelə prezidentlik sisteminin fundamental əsaslara zərər verdiyini dilə gətirib. Davudoğlu Ədalət və İnkişaf Partiyasında islahatlara başlamaq üçün bir məsuliyyət hiss etdiyini, amma bunun baş verəcəyinə ümidi olmadığını da qeyd edib. Sabiq baş nazir xatırladıb ki, bir çox jurnalisti müdafiə edib: “Mən fikirlərə və ifadə azadlığına hörmətlə yanaşılmasının vacibliyini söyləmişəm. Səlahəddin Dəmirtaş mən vəzifədən getdikdən 6 ay sonra həbsxanaya düşdü, yəni buna görə mən məsuliyyət daşımıram. Bu, siyasi prosesdir və bu mövzuda mən heç nə edə bilmərəm. Mənim məqsədim yeni bir siyasi ortam yaratmaqdır. Başqa sözlə, şəffaflığın, açıqlığın, sərbəstliyin və qorxusuz danışmağın təməli olduğu yeni bir psixologiya yaratmaqdır”. Açıqlama vermək istəyərkən əsas medianın onu qəbul etmədiyini xatırladan Davudoğlu deyib ki, “Sputnik”ə danışdıqdan az sonra ondan müsahibə alan jurnalist işdən qovulub. Əhməd Davudoğlu daha sonra qeyd edib ki, sabiq baş nazir kimi qorxaqlıq nümayiş etdirsə, vətəndaş ümumiyyətlə danışmaz: “Əgər danışmaqdan və düşünməkdən çəkinərsənsə bir həll yolu olmaz”./teleqraf