​Dərs saatı azaldılan müəllimlər etiraz aksiyası keçirdi – MALİYYƏ NAZİRLİYİNİN QƏRARINA ETİRAZ

Maliyyə Nazirliyinin bütün Uşaq Musiqi Məktəblərinin rəhbərlərinə müəllimlərin dərs saatlarının azaldılması ilə bağlı göstəriş verdiyi haqda oxucularımıza dünən məlumat vermişdik. Qeyd etmişdik ki, yanvardan etibarən maaşları 7 faiz artırılan təhsil işçilərinin dərs yükü azaldıldığından, onların aylıq gəliri nəinki artıb, əvvəlkindən də aşağı düşüb. Yəni Maliyyə Nazirliyinin “qayğısı ilə” müəllimlərin maaşı təxminən 20-30 faiz azalıb.
Xatırladaq ki, 2017-ci ilin yanvar ayında müəyyən qrup təhsil işçiləri ilə yanaşı, Uşaq Musiqi Məktəblərinin müəllimlərinin də əmək haqqı artırıldı. Həmin dönəmdə Maliyyə Nazirliyi bu 7 faizlik artımı “təhsil işçilərinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində atılmış addım” kimi təqdim etdi.
Redaksiyamızı bilgiləndirən mənbə isə iddia edir ki, nazirliyin bu açıqlaması heç də həqiqəti əks etdirmir və bu artım Uşaq Musiqi Məktəblərinin müəllimlərinin sosial durumunun yaxşılaşdırılmasına xidmət etməyib, əksinə, onların maaşı daha da azaldılıb.
Bu gün əldə etdiyimiz yeni məlumata əsasən, fevralın 10-da Bakıdakı bütün Uşaq Musiqi Məktəblərinin direktorları Mədəniyyət və Turizm Nazirliyinə dəvət olunub. Nazirliyin müvafiq idarəsində direktorlara şifahi olaraq tapşırıq verilib ki, büdcəyə qənaət etmək məqsədilə bütün müəllimlərin dərs yükü azaldılsın. Lakin bununla bağlı heç bir yazılı göstəriş olmayıb, sadəcə bildirilib ki, bu Maliyyə Nazirlyinin tələbidir. Nəticədə məktəb direktorları nazirliyin göstərişi əsasında müəllimlərin dərs yükünü təxminən 3-6 saat azaltmaq məcburiyyətində qalıb. Onlara isə deyilib ki, nazirlik ixtisar aparılmasına qarşı olduğundan, müəllimlərin könüllü olaraq, dərs saatlarının azaldılması üçün yazılı müraciət etmələri məqsədəuyğun hesab edilib. Bütün bunlar isə, təbii olaraq müəllimlərin ciddi etirazına səbəb olub. Çünki yeni dəyişiklik onların əmək haqqının faktiki olaraq 20-30 faiz azalması ilə nəticələnib. Hansı ki, bu azalma fevral ayından etibarən onların maaşında özünü göstərəcək.
Əldə etdiyimiz başqa bir məlumata əsaəsn, bu qərara etiraz edən Bakının 30 saylı Uşaq Musiqi Məktəbinin kollektivi Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət İdarəsi qarşısında piket keçirərək, rəhbərliyə öz etirazlarını çatdırıblar.  
Hurriyyet.org
P.S. Sözsüz ki, Maliyyə Nazirliyinin bu addımı müəllimlər arasında ciddi etiraza səbəb olmalı idi. Axı, onsuz da ölkədə müəllimlərin maaşı minimum əmək haqqı səviyyəsinə yaxındır. Buna paralel olaraq, manatın da getdikcə dəyərdən düşdüyü, qiymətlərin sürətlə bahalaşmağa üz tutduğu bir dönəmdə Maliyyə Nazirliyinin bu qərarı təhsil işçilərinin məhvinə yönəlmiş bir addım deyilmi?! Hər halda bu və digər suallara Maliyyə Nazirliyinin özü cavab versə, yaxşı olar.
P.P.S. Qeyd edək ki, məsələ ilə bağlı Maliyyə Nazirliyi və Mədəniyyət və Turizm Nazirliyinə rəsmi sorğu göndərmişik. Gün ərzində hər iki qurumun mövqeyini öyrənməyə çalışacağıq. Ümumilikdə isə, mövzu ilə bağlı araşdırmamız davam edir.