“DƏRİN DÖVLƏT” HƏSƏN RUHANİNİ DEVİRMƏK İSTƏYİR - İran islahatçılarının günbəgün artan əndişəsi - MÜSAHİBƏ

Baxış sayı:
7491

Ehsan Ənsari
 
“Arman” qəzeti (İran)
 
ABŞ-ın nüvə sazişindən çıxması mühafizəkarlar üçün münbit bir zəmin yaradıb. Halbuki “5+1” razılaşması siyasi sistemin ümumi qərarı idi və sistemin bütün əsas təsisatları sazişin öhdəliklərinin yerinə yetirilməsində iştirak edirdi.
 
Bununla belə, Birləşmiş Ştatların nüvə sazişindən çıxmasından sonra mühafizəkar arasında gerçəkliyə əsaslanmayan inkarçı mövqe və şadyanalıq yaranıb. Şübhəsiz, razılaşma milli maraqlara zidd olsaydı, qərarvericilər onun şərtləri ilə razılaşaraq bu seçimi qəbul etməzdilər. Lakin indi mühafizəkarların xoşhallığı onun göstəricisidir ki, onlar ta əvvəldən milli yox, öz güruh və partiyalarının maraqlarını güdürmüşlər.
 
Hüccətül-islam Hadi Qəffari Birləşmiş Ştatların sazişdən çıxmasından sonra mühafizəkarların ritorikası və davranışlarını “Arman” qəzeti üçün şərh edib.
 
– ABŞ-ın müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtinasından sonra sərt siyasət tərəfdarlarının davranışını necə izah edərdiniz? Mühafizəkarlar həqiqətən, Həsən Ruhani hökumətini devirmək üçün bu hadisənin baş verməsini gözləyirdilərmi?
 
– Bu barədə fars ədəbiyyatında bir zərb-məsəl var: “Əqrəb ona görə sancmır ki, neştəri var, sancmaq onun təbiətindən irəli gəlir” (Azərbaycan türkcəsinə tərcümədə təxminən – “Pişik yeyəni aslan qusdura bilməz” tərc.). Bu zərb-məsəl mühafizəkarların davranışlarını izah edir. Belə görünür ki, mühafizəkar cərəyan cəmiyyətdə islahat fikrini əks etdirən istənilən fikri qınayır və rədd edir. Məsələn, əgər islahatçılar bu gün iki və ya dörd nəfər olduğunu deyirlərsə, mühafizəkarlar dərhal deyirlər ki, islahatçıların sayı dörd yox, beş nəfərdir.
 
Mühafizəkarlar bildirir ki, biz əvvəldən nüvə sazişi ilə bağlı səylərinizin boşa çıxacağını bilirdik. Şübhəsiz, cari sosial və siyasi dəyişikliklər, gözlənildiyi kimi, heç də həmişə arzulanan nəticələr doğurmur. Amma rəqiblər ya özləri özlərini, ya insanları aldatmaq, ya da aydan arı, sudan duru görünmək istəyirlər. Bu güruh ədalət qiyafəsi geyinərək və kvazi-inqilabi şüarlarla pərdələnərək kütlənin zəif damarını tutmağa, ictimai fikri çaşdırmağa çalışır. Halbuki nüvə sazişi olmasaydı, hətta 1 barel neft sata bilməzdik və iqtisadi vəziyyət günbəgün pisləşərdi.
 
Bəziləri hətta düşünürlər ki, təkəbbür cəbhəsi (imperialistlərtərc.) bizimlə zarafat edir. Amma o, müxtəlif ölkələrdə fərqli təsirə malikdir, həmişə təzyiq göstərməyə çalışır, o cümlədən ölkəmizdə qarışıqlıq salmağa səy göstərir. Mühafizəkarlar deyirlər ki, biz hər cür təzyiqə sinə gərməyə hazırıq. Halbuki mövcud şərtlər altında İran cəmiyyəti heç bir təzyiqə tab gətir bilməz… Əlbəttə, zülmə müqavimət göstərilməlidir, lakin müqavimət ölçülü-biçimli olmalıdır. Bunu İslam tarixindən də görə bilərik, müşriklərin sayca çox və müsəlmanların onlara müqavimət gücünün zəif olduğu dövrdə iki tərəf arasında Hüdeybiyyə sülhü imzalanıb. O zaman sülh müqaviləsinin qəbulu bununla nəticələndi ki, cəmi bir il sonra qüvvətlənmiş müsəlmanlar nəhayət, müşriklər üzərində zəfər qazandılar.
 
Ayətullah Xamnəi nüvə sazişinin imzalanması prosesini ta əvvəldən təfərrüatına qədər nəzarətdə saxlayıb və proses bu gün də onun nəzarətindən kənarda deyil. “Kölgə dövləti” və ya “dərin dövlət” də Ruhani hökumətinin bütün hərəkətlərini müşahidə edir.
 
– Yəni mühafizəkarlar Həsən Ruhani hökumətinin ən böyük uğuru olan nüvə sazişinə hücum etməklə gələcək seçkilərin nəticəsini şübhə altına almağa səy göstərirlər?
 
– İlk növbədə, nüvə sazişindən öncə ölkədəki duruma və onundan sonrakı proseslərə nəzər yetirək. Keçmişdə ölkə daxilində və xaricindəki sərt siyasət tərəfdarları İran əleyhinə birləşmişdilər. Belə bir vəziyyətdə Həsən Ruhani hökuməti məntiqli və rasionalı siyasətlə İranın əleyhinə olan beynəlxalq sanksiyaların ləğv edilməsinə və iqtisadi gücün artırılmasına çalışırdı. Bəlkə də, bəzi şəxslərin dediyi kimi, bu addımlar yarımçıq idi, amma məhz bu “yarımçıq addımlar ölkəyə nicat verdi. Şübhəsiz, nüvə sazişinin şərtləri qüvvədə qaldıqca, mühafizəkarlar Həsən Ruhani hökuməti və islahatçıları dalana dirəməyə çalışacaqlar.
 
–”Dərin dövlət” ölkə rəhbərliyində dəyişiklik istəyir, yoxsa başqa məqsədlər güdür? Niyə “dərin dövlət” məhz Həsən Ruhaninin prezidentliyi dövründə fəallaşıb?
 
– “Dərin dövlət” ölkə idarəçilərinin dəyişdirilməsi yox, iqtidara gəlmək və avtoritar idarəçilik barədə düşünür. O, yalnız hakimiyyət axtarışındadır və başqa heç nəyi xəyalından keçirmir. Cəmiyyətin inkişafı və mükəmməlliyi “dərin dövlət”in düşüncələrindən kənardır. “Dərin dövlət”in məntiqi budur ki, “niyə ona “hə”, mənə “yox” deyilir. Başqa sözlə, hakimiyyət bu insanlara verilirsə, istənilən hərəkət gözləniləndir, hakimiyyət digərlərinin sərəncamında olduqda, hətta həyata keçirilənlər yaxşı da olsa, tənqid olunmalıdır.
 
– Niyə görə prezident seçilməsindən qısa vaxt sonra Həsən Ruhani çoxsaylı problemlərlə üzləşib?
 
– Fikrimcə, (miladi təqvimlətərc.) ötən ilin sonu və bu ilin əvvəlində baş verən iğtişaşlar və ABŞ-ın nüvə sazişindən çıxması kimi iki mühüm hadisə müxtəlif aspektlərlə bağlıdır. Dekabr-yanvar hadisələrində hökumətin devrilməsinə çalışan bəzi şəxslər etirazçıların küçələrə axışmasına imkan yaratdı. Lakin tezliklə aksiyalara nəzarət bu insanların əlindən çıxdı və etirazlar idarəolunmaz hala düşdü. Görünür, insanları küçələrə çıxmağa çağıranlar iğtişaşların siyasi sistemə əleyhdarlıq forması alacağını düşünməmişdilər. Halbuki elə həmin şəxslər islahatçılara “işiniz bitdi” deyirdilər. Həmin qrup hökuməti devirmək istəyirdi. Ancaq tezliklə aydın oldu ki, bu yanaşmanın davamı gələcəkdə müdhiş hadisələrə gətirib çıxaracaq, dövlətin təməlini dağıdacaq. Nəticədə, yolun yarısında onlar etirazlara nəzarət etmək və onun daha böyük ölçülərə keçməsinə mane olmaq fikrinə gəldilər.
 
ABŞ-ın nüvə sazişindən çıxmasını bu hadisələrlə yanaşı qoyduqda, gəlinən nəticə budur ki, Həsən Ruhani hökumətinin vəziyyəti mürəkkəbdir və yaxın gələcəkdə onun işləklik qabiliyyəti daha da azalacaq.
 
– İslahatçılar cənab Ruhaniyə nə vaxtdadək dəstək verəcəklər?
 
– Ruhani hökuməti ilə ötənilki prezident seçkisindən sonra islahat prosesi arasında boşluq yaranıb. Lakin hazırkı şəraitdə islahatçılar və Ruhani hökuməti arasında qarşılıqlı ciddi səy mübadiləsi olmalıdır. Cənab Ruhaninin islahatçı mənşəyi yoxdur, o, miyanaçı, mötədil mühafiəkardır. İslahatçılar Nəzarət Şurasının qərarı ucbatından öz əsas namizədi ilə seçkilərə qatıla bilmədi. Buna görə də mötədil namizədi dəstəkləmək fikrinə gəldi. İslahatçıların məqsədi avtoritar və radikal cərəyan sahibinin iqtidara yiyələnməməsi idi və bu niyyətinə yetişdi.
 
Tərcümə: Strateq.az