Dövlətlə vətəndaş arasında ciddi uçurumu aradan qaldıran güclü siyasi iradə var - JALƏ MÜTƏLLİMOVA YAZIR

Baxış sayı:
4280

Beş aya dörd icra başçısı komandası ilə həbs edildikdən sonra vəzifədən uzaqlaşdırılıb. Bu, çox vacib məqamdır. Vəzifədən azad olunduqdan sonra həbs edilməyib. Məhz vəzifədəykən, yəni dövlət qulluğunda ola-ola həbs edilib, sonra işdən çıxarılıb. Dövlət qulluğunda olan kimisə həbs etmək qərarını verməksə çox ağır işdir. Çünki avtomatik suallar yaranır: Niyə təyin edilmişdi? Kim təyin eləmişdi axı onu? Sıravi insanları maraqlandırmır başqa nəsə. Məsələn, hakimiyyətə gəlmək istəyən başqa güclər, zəif düşən klanlar, islahatlar, siyasi komandanın özündəki narazılar və narazılıqlar. 

Bu qarmaşada dövlət qulluqçusunun həbsinə qərar vermək iradə və qətiyyət göstəricisidir. Son belə əməliyyatı Dövlət Təhlükəsizlik Xidməti Biləsuvarda reallaşdırıb. Buna Biləsuvarda Nefçala sindromu da demək olar. Dövlətə saxta iş yerləri barədə məlumat-hesabat verən, saxta maaş kartları ilə dövlət büdcəsini talayan, insanlara ədalətsizlik, saymazlıq edən, alçaldan məmurlarla başqa cür davranmaq mümkün deyil.
 
Realda təkcə Heydər Əliyev Fondu iki yüz min adama yardım paylayacağı barədə məlumat verib. Bu rəqəmin üzərinə ayrı-ayrı iş adamları, dövlət qulluqçularının, könüllülərin, hətta dövlət qurumlarının yardımlarını da hesablayanda yoxsulluq həddi və ya həssas təbəqə barədə çox aydın mənzərə yaranır. Ən vacibi, bütün bunlara rəğmən dövlətdə vətəndaş itaətsizliyi problemi yoxdur. Yəni vətəndaş ac qalsa belə, dövlətini sevir, onu qorumaqdan vaz keçmir. Onu dini təriqətlər, radikal güclər təhrik etsə belə vaz keçmir. Bu gün dövlətin ayaqda qalmasının ən vacib elementi bəlkə də budur.
 
Bir incə məqam: ictimai qınaq yox həddindədir. Niyə? Adamları dövlətdən gizlədirlər, dövlətlə vətəndaş arasında çox ciddi uçurum yaradırlar. İndi o uçurum qismən aradan götürülməkdədir. Vətəndaşın gözlədiyi, umduğu iradə ortaya qoyulur. Vətəndaş sayılır, onu dinləyib, qanun çərçivəsində dəstək olur dövləti. Hətta ölkə başçısı kimsədən çəkinmədən, qorxmadan vətəndaşdan daha artıq ictimai qınaq tələb edir: “Vətəndaşın ictimai qınağı bizə daha dəqiq araşdırma aparmağa, daha ciddi addımlar atmağa imkan yaradacaq” deyə bu yaxınlarda etdiyi çıxışlardan birində ölkə başçısı bildirmişdi.
 
Yeri gəlmişkən, məlum həbslər başlamazdan əvvəl maraqlı bir siyahı yayıldı mediada. İnformasiyanın mənbəyi göstərilməsə də, xəbərdə PA-ya ən çox şikayət daxil olan rayonların adı əks olunurdu. Yevlax, Ağcabədi, Ağstafa, Balakən, Biləsuvar, Bərdə, Göygöl, Laçın, Lerik, Neftçala, Salyan, Tovuz, Yardımlı. Artıq siyahıdakı dörd rayonun icra başçısı saxlanılıb. Maraqlıdır, görəsən, başqaları dərs alıbmı? Və ya görəsən, məlum klanın daha neçə başçısının qılıncının qəbzəsi hələ də kəsir? Nə qədər çox olmalarının fərqi yoxdur, əsas oldur ki, üzə çıxarılsınlar, əsas odur ki, Azərbaycan bu təhlükəli və ciddi mübarizədən üz ağlığı ilə çıxsın.
 
Diqqətə, bəlkə təqdirə layiq daha bir detal. Siyasi hakimiyyətin güclü, vuran əlinin olmasıdır. Görülən işlərdə isə bu gücə vətəndaş dəstəyi var. O vətəndaş ki, Azərbaycan dövləti bütün ağırlığı ilə onun çiyinlərindədir!
Jalə MÜTƏLLİMOVA,
Araşdırmaçı jurnalist