Dövlətin junalistlərə verdiyi mənzil orderlərinin “müxalif” üzü

Baxış sayı:
2788

Rauf Arifoğlunun “dövlət baba”sı Əli Həsənovdu, yoxsa?

Mənzil-məişət problemlərinin çözülməsinin dövlətin sosial-iqtisadi siyasətinin başlıca yönü olduğunu vurğulamaqla “Amerika kəşf etmədiyimiz” kimə gizlin olsa da, bu siyasətin həyata keçirilməsinə cavabdeh edilən dövlət qurumlarının özlərinə gizlin olmaz, yəqin. Özəlliklə, şəhərlərdə əhalinin  mənzillərlə təminatı ta sovet dönəmindən bağımsızlıq çağlarına kimi hökumətin, şəhər-rayon icra hakimiyyətlərinin prioritet görəvlərindən sayılıb.
Düzdür, sovet dönəmində bu sahəyə  ciddi nəzarət vardı, xırda bir pozuntu ilə mənzil yiyəsi olmaq istəyən şəxs yerini məhbəs kamerasına dəyişə bilərdi. Ötən yüzilin 70-ci illərində öz pulu ilə kooperativ mənzilə növbəni pozmaqla yiyələnmək istəyi Opera və Balet Teatrının “Məcnun”una  4 il “məhbəs mənzili”ndə “Lenin, Lenin, bivəfa Lenin” oxuması bahasına başa gəlmişdi.
İndi isə mənzil yiyəsi olmağın başlıca yolu qanun-qayda pozuntusunda , məmurların olmayan “bığlarının altından” keçir! (?) Artıq elə sahələr var ki, heç növbə də gərəkmir, eləcə bu sahəyə görəvləndirilmiş məmurlara görüm-baxım etmək yetər. Adı da belə olur ki, Prezident kiməsə mənzil bağışladı.
Prezidentin  jurnalistlərə ayrıca evlər tikməklə mənzil ayrılması kimi xoşməramlı ideyasının  gerçəkləşməsi ictimai-siyasi sahə üzrə ideologiyasını həyata keçirməli olan köməkçisi Əli Həsənova həvalə olundu və 7 il qabaq 2013-cü ildə birinci “jurnalistlər evi”, 2017-ci ildə isə ikinci bina jurnalistlərin bir qrupunun istifadəsinə verildi.  O çağdan jurnalistlərin birliyi pozuldu,  dünənəcən bir qabdan yemək yeyən qələm əhli əməlli-başlı cəbhələrə bölünüb, bir-birilərinə “qələm çalmağa” başladılar və bu “qələm savaşı” hələ də sürür!...
Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) yeni rəhbərliyinin bu savaşa son qoyacağına, barış əldə edəcəyinə sonsuz əminlik hiss olunur.  Ən azı,  sözügedən evlərdə yoxlamaların aparılması bu əminliyi daha da artırır. Gerçəkdə, elə ciddi yoxlamaya da ehtiyac yoxdur. Fikir verin, ikinci evin dördotaqlı mənzili jurnalist ailəsinə yox,  KİVDF-nin keçmiş sədrinin “Jurnalist evi” MMC-sinə ayrılıb!(?) Bircə bu fakt mənzil bölgüsünün qanunsuz və ədalətsiz olmasını ortaya qoyur. 
Jurnalistlərə mənzil ayrılmasından daha çox iqtidaryönlü media və dövlət qurumlarının qazanmaları gerçək olsa da, özünü müxalifət sayanlara da az pay düşməyib.  Özü də sözügedən düşərgə də, qarşı yan kimi, kollektivin, ehtiyacın, ədalətin deyil, öz ailəsinin ehtiyat mənzilinin, ədalətsizliyin qeydinə qalıb.  Hətta mənzilə görə əqidəsini dəyişmək adi norma halını alıb. Birinci evdən mənzil alanlar siyahısında “Azadlıq” qəzetinin, biri qəzetin gizlin sponsoru Hadı Rəcəblinin qohumu olmaqla, iki əməkdaşı da var. Həziyev Qədir Musa oğlu adında jurnalist eşitmisiniz?
Bir çağlar AXCP rəhbərliyində təmsil olunan Bahəddin Həziyevin “Bizim Yol”undan Qədir qardaşına mənzil almasının əqidə, yoxsa alver predmeti olmasını Əli Həsənov,  Vüqar Səfərli daha yaxşı bilər. Bir də görünən yola nə bələdçi, hər şey göz önündədir, Bahəddin bəy özü də ikinci evdən mənzil alıb!
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy mənzil yiyəsi olmaq adına qəzetdəki şefi ilə partiyadakı başqanı arasındakı söz qarşıdurmasına partiyadan şefinin sifarişi ilə istefa verib!(?) Yanasan, a gidi dünya, rus yazarı 300 (!) müsavatçının ölüm düşərgəsində əqidələrinə dönmə, aşağılanma rejiminə boyun əyməyərək, ölümü üstün tutduqlarını yazır, “Yeni Müsavat”çılar dılğır bir mənzili əqidəsinə dəyişir!(?) Qadir İbrahimli,  Hüseynbala Səlimov kimi (siyasi-iqtisadi ) jurnalistlər də mənzil yiyəsi olmağın yolunu Rauf Arifoğlunun “Yeni Müsavat”ının çətiri altına keçməkdə gördülər. “Yeni Müsavat”da qələmi külüng kimi çalanlar isə hələ də Rauf bəyin çaldığı havaya oynayırlar. 3 il qabaq media kapitanı fb səhifəsində jurnalistlərinə mənzil vermək istəyi ilə imkanının üst-üstə düşmədiyini vurğulayıb,  indi bu missiyanı “dövlət baba”nın həyata keçirdiyini özəl sevgi hissi ilə diqqətə çatdırmışdı. O çağdan fikirdəyəm, görəsən, “dövlət baba” deyəndə Rauf Arifoğlu dövlət başçısını nəzərdə tutur, yoxsa Əli Həsənovu?

Məğrur BƏDƏLSOY