DÖVLƏTİ 13 MILYARD BORCA SALAN BANK NEÇƏYƏ ÖZƏLLƏŞDİRƏCƏK? - “Dəyər-dəyməzinə satılmasına yol vermək olmaz”

Baxış sayı:
2839

Azərbaycan hökuməti Beynəlxalq Bankın özəlləşdirilməsi prosesini sürətləndirir. Uzun müddətdir müzakirə olunan bu məsələ finalına yaxınlaşmaqdadır. Sentyabrın 6-da  baş nazir Novruz Məmmədovun rəhbərliyi ilə aidiyyəti qurumların (İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Bakı Nəqliyyat Agentliyi, “Aqrarkredit” QSC, Azərbaycan Sənaye Korporasiyası ASC) rəhbərlərinin iştirakı ilə “Aqrarkredit” QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankından alınmış problemli aktivlərin (borcların) əvəzində əldə edilmiş nəqliyyat vasitələrinin səmərəli istifadə məsələsi müzakirə edilib.

“Yeni Müsavat” Nazirlər Kabinetinə istinadən xəbər verir ki, iclasda “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” ölkə prezidentinin 2015-ci il 15 iyul tarixli Fərmanının icrasının təmin edilməsi istiqamətində müzakirələr aparılıb, aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib.

Картинки по запросу Samir Şərifov

Dünən isə mətbuata açıqlama verən maliyyə naziri Samir Şərifov bildirib ki, Beynəlxalq Bankın dövlətə məxsus səhmlərinin özəlləşdirilməsində marağı olan şirkətlər var: “Azərbaycan Beynəlxalq Bankının özəlləşdirilməsi ilə bağlı ilk növbədə məsləhətçi cəlb olunmalı, bankın biznes strategiyası hazırlanmalıdır. Yəni bu proseslər hələ də gedir. Potensial investorlar Bankın aktivlərini əldə etməzdən əvvəl onun bazardakı roluna, yerinə, xüsusi çəkisinə, biznes modelinə diqqət yetirəcək və bütün bunların əsasında yekun qərar qəbul edəcəklər”.

O, həmçinin deyib ki, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) da Beynəlxalq Banka maraq göstərməkdə davam edir: “Düşünürəm ki, onlar fikirlərini dəyişməyiblər. Amma EBRD rəsmiləri də ilkin şərt kimi bankın yeni biznes modelinin hazırlanması fikrini səsləndirirlər”.

Картинки по запросу Samir Əliyev

İqtisadçı-ekspert Samir Əliyevin dediyinə görə, Beynəlxalq Bankın özəlləşdirilməsi ilə bağlı 10 ildir gedən müzakirələr son vaxtlar konkretləşib:“Məsələ burasındadır ki, Beynəlxalq Bank ölkənin ən böyük bankıdır. Onun bazar payı son illərədək 40 faizdən çox olub. Devalvasiyalardan ən çox zərər çəkən bankdır. Yanlış idarəetmə nəticəsində bank müflisləşmə həddinə gəldi və dövlət bu prosesə müdaxilə etməli oldu: bankın xarici borclarını öz üzərinə götürdü, daxili borclarının isə Mərkəzi Bankla birlikdə həllinə başladı. Artıq Beynəlxalq Bank problemlərdən azad olub və onun özəlləşdirilməsi məsələsi aktuallaşıb”.

Dövlətə məxsus olduğu üçün Beynəlxalq Bankın bir sıra üstünlükləri də olub:“Çoxsaylı xarici şirkətlər, dövlət qurumları bu bankla işləyirlər. Əmək haqları, pensiya ödənişləri əsasən onun vasitəsilə həyata keçirilir. Bu gün Beynəlxalq Bankın aktivləri 9 milyard manatdan bir qədər yüksəkdir. Bazar payı nisbətən azalsa da, 32-33 faiz olmaqla yenə ən böyükdür. Düşünürəm ki, Beynəlxalq Bankın özəlləşdirilməsi vacibdir. Özəlləşərsə, dövlət bankı olaraq əldə etdiyi üstünlüklərdən istifadə edə bilməyəcək. Çünki Beynəlxalq Banka yaradılan şərait heç bir banka yaradılmırdı. Ümumiyyətlə, yalnız Beynəlxalq Bankın deyil, dövlətə məxsus digər bank olan ”Azər-Türk Bank”ın da özəlləşdirilməsi zəruridir. Dövlət bank sektorunda iştirakçı-oyunçu kimi deyil, tənzimləyici kimi qalmalıdır”.

Xatırladaq ki, devalvasiyalardan sonra ciddi problemlərlə üzləşən Beynəlxalq Bankın 3 milyard dollardan çox xarici, 10 milyard manatdan yuxarı daxili borcunu dövlət öz üzərinə götürüb. Bank özəlləşdirilərkən bu qədər xərci geri qaytarmaq mümkün olacaqmı? İqtisadçı-ekspert hesab edir ki, bankın satış qiyməti maraq doğuran məsələlərdən biridir: “Bu qədər xərc çəkiləndən sonra Beynəlxalq Bankın dəyər-dəyməzinə satılmasına yol vermək olmaz. Bunun üçün onun özəlləşdirilməsi prosesi şəffaf aparılmalıdır. Bu prosesə beynəlxalq təşkilatların, xüsusilə beynəlxalq maliyyə institutlarının mütəxəssislərinin iştirakı təmin olunmalıdır. Yəqin ki, bankı indiki vəziyyətində özəlləşməyə çıxarmayacaqlar. Özəlləşməyə çıxarılması üçün onun inkişaf strategiyası, yaxın və uzaq hədəfləri müəyyənləşdirilməlidir. Bu baxımdan, bu il ərzində Beynəlxalq Bankın özəlləşdirilməsi mümkün deyil. Yəqin ki, ən tez gələn il bu proses baş tuta bilər”.