Dövlət sərhədini pozan şəxs zərərsizləşdirilib

Baxış sayı:
5062

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən İran istiqamətində sərhədi pozan şəxs zərərsizləşdirilib. 
DSX-dən verilən məlumata görə, fevralın 11-də saat 00:10 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Yar­dımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran ərazisindən Azərbaycan istiqa­mətində hərəkət edən bir nə­fər naməlum şəxs müşahidə olunub.
Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xid­məti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sərhəd pozu­cusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq, İran istiqa­mətində geriyə doğru qaçıb.
“Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanunu­nun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olun­ub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində və­fat edib. 
Sərhəd nümayəndəliyi xətti ilə İranın sər­hədçilərinə hadisə barədə dərhal məlumat verilib.
Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan vətəndaşı, 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseyn­qulu oğluna məx­sus Azərbaycan Respublikasının ümum­vətəndaş pas­portu, hadisə yerinə ilkin baxış zamanı isə bir ədəd gecə görmə cihazı aşkar olunub.
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.