“Dövlət satınalmalarında şəffaflıq yoxdur" - RÖVŞƏN AĞAYEV

Baxış sayı:
2608

“Çünki minimum şəffaflıq tələb və standartlarına belə, cavab vermir”
 
“Büdcə korrupsiyasının çiçəklənməsinin əsas səbəblərindən biri də dövlət satınalmalarında şəffaflığın olmamasıdır. Son illər dünyada elektron satınalmalar, bəzi ölkələrdə hətta internet üzərindən onlayn translasiya olunan tender və hərraclar bu sahədə şəffaflığın əsas mexanizmlərindən birinə çevrlib”.

Bu barədə iqtisadçı Rövşən Ağayev deyib.
 
Axır 3-4 ildə Azərbaycan hökumətinin də elektron satınalmaların təşkililə bağlı qanunvericiliyə dəyişiklik edib, etender.gov.az saytı yaratdığını diqqətə çatdıran R. Ağayev vurğulayıb ki, önəmli olan mexanizmin nə dərəcədə effektiv işləməsi, formallıq xatirinə deyil, gerçək çalışmasıdır:“Cəmi bircə nümunə deyim, özünüz nəticə çıxarın. "Dövlət satınalmaları haqqında" Qanunun 2 və 4-1-ci maddəsinə görə, bu qanunun təsir dairəsinə düşən bütün dövlət təşkilatları öz satınalma planlarını yuxarıda qeyd elədiyim elektron satınalma portalında yerləşdirməlidirlər. Yəni bu, məcburi bir öhdəlikdir”.
 
Ağayev xeyli sayda təşkilatın öz satınalma planlarını elektron satınalma portalında qanunun tələbini pozaraq yerləşdirdiyini nəzərə çatdırıb: “Belə ki 2 və, 4-1-ci maddəyə görə, satın alınacaq malların (işlərin və xidmətlərin) adı, tərkibi, həcmi, miqdarı və ölçüsü əks olunmalıdır. Saytda yerləşdirilən xeyli sayda planda ad göstərilir, amma satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, miqdarı, həcmi və ya ölüsü barədə hər hansı nümunə yoxdur.
 
Məsələn, Füzuli rayonu İH-nin planında göstərilir: "uşaq baxcaları körpələr evi üzrə digər xərclər". Miqdarı göstərilir 1 ədəd. Lakin nə satın alınacaq malların (işlərin və xidmətlərin) tərkibi, nə də onların ölçüsü və ya həcmi barədə heç bir informasiya yoxdur.
 
Yaxud Ağdam rayon İH-nin satınalma planında göstərilir: "sair torpaq, tikili və avadanlıqların satın alınması", "maşın və avadanlıqların satın alınması" və s. Bu planlarda da nə tərkib (hansı növ maşın və avadanlıq) var, nə həcm və miqdar var”.
 
“Qanunun nəzərdə tutduğu tələblərə və informasiya açıqlığına uyğun olmayan belə satınalma planlarının internet vasitəsilə açıqlanması nəyi dəyişir ki” - deyə sual edən Ağayev  qeyd edib ki, bu, ən azından şəffaflığı artırmır: “Çünki minimum şəffaflıq tələb və standartlarına belə, cavab vermir”.

Hurriyyet.org