Dövlət qurumundan yarım milyon istəyən şəxs polisə verildi

Baxış sayı:
7087

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA), agentliyin “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbərliyi barədə media qurumlarına və dövlət orqanlarına şikayətlər ünvanlayan Əliyev Əliheydər Qabil oğlu ilə bağlı bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub.

AAYDA-dan verilən xəbər görə, Əliheydər Əliyevlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilməsi onun şikayətlərinin əsassız və böhtan xarakterli olması ilə bağlıdır. Məlumatda daha sonra deyilir: “Müraciətlərdə vətəndaş “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin sifarişi əsasında yol tikinti işlərinə tələb olunan tikinti-inşaat materiallarının alınması və daşınması işlərini həyata keçirdiyini və bunun müqabilində guya pulunun ödənilmədiyini, nəticədə ona 353.660 (üç yüz əlli üç min altı yüz altmış) manat məbləğində borcun yaranmasını bildirib.

Əliheydər Əliyevin müraciətləri əsasında müxtəlif dövlət qurumları tərəfindən aparılmış araşdırmalar zamanı ərizələrdə qeyd olunanların həqiqətə uyğun olmaması, tikinti materiallarının daşınmasının dəyərinin tam ödənildiyi müəyyən edilib və bu barədə Əliheydər Əliyevə rəsmi cavablar verilib.

Bundan başqa, Əliheydər Əliyevin ərizəsi əsasında Xətai Rayon Prokurorluğu tərəfindən həmin hallarla bağlı cinayət işi başlanılıb və aparılmış istintaq nəticəsində “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin vəzifəli şəxslərinin əməllərində cinayət tərkibi mövcud olmadığı üçün 05 yanvar 2017-ci il tarixli qərarla işin icraatına xitam verilib”.

Həmçinin qeyd edilir ki, Əliheydər Əliyev notarial qaydada təsdiq etdirdiyi 30 dekabr 2016-cı il tarixli ərizəsində AAYDA-ya (red. o zaman “Azəryolservis” ASC) və “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin vəzifəli şəxslərinə heç bir pul iddiasının olmadığını və gələcəkdə də olmayacağını bildirib. Bütün bunlara baxmayaraq, Əliheydər Əliyev sonradan Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, görülmüş işlərlə bağlı 353.660 (üç yüz əlli üç min altı yüz altmış) manat pulun, həmçinin qeyd olunan məbləğin vaxtında ödənilməməsi ilə əlaqədar ona vurulmuş zərərə görə 85000 (səksən beş min) manat, ümumilikdə 438660 (dörd yüz otuz səkkiz min altı yüz altmış) manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib: “Məhkəmə prosesi zamanı Əliheydər Əliyev iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübütlar təqdim etməyib, həmin halların baş verməsini sübuta yetirə bilməyib və məhkəmə araşdırması zamanı qeyd edilən hallar öz təsdiqini tapmayıb.

Qeyd edilənlər nəzərə alınaraq, Nərimanov Rayon Məhkəməsinin 26 sentyabr 2019-cu il tarixli, 2(005)-3429/2019 nömrəli qətnaməsi ilə iddiaçı Əliheydər Qabil oğlu Əliyevin pul tələbinə dair iddia ərizəsi təmin edilməyib.

Bununla belə, Əliheydər Əliyev öz qanunsuz əməllərindən əl çəkməyək müxtəlif dövlət orqanlarına, media qurumlarına yenə də həqiqətə uyğun olmayan, əsassız və böhtan xarakterli müraciətlər ünvanlamaqda, müntəzəm olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin, həmçinin agentliyin “8 №-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin rəhbərliyini şantaj etməkdə, hədə-qorxu gəlməkdə davam edir, şər və yalan dolu hərəkətləri ilə pul tələb edir. Bütün bunlar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işgüzar nüfuzuna xələl gətirdiyi üçün qeyd olunanlarla bağlı Əliheydər Əliyev barəsində qanunvericiliyə uyğun tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.