Dövlət qulluğuna qəbulda ədalətsizlik...

Baxış sayı: 144

Məlumdur ki, bu yaxınlarda Azərbaycanda “Dövlət qulluğu haqqında” qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən, dövlət  proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər dövlət qulluğuna müsabiqədənkənar qəbul ediləcəklər.
 
Digər tərəfdən, Azərbaycanın ali təhsil ocağını bitirənlər eyni qaydada, yalnız test imtahanı və müsahibə mərhələsini keçdikdən sonra dövlət qulluğunda işləyə bilərlər.
Bu ayrı-seçkilik ictimaiyyətdə birmənalı qarşılanmayıb. Əksəriyyət belə düşünür ki, dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların bir çoxu hansısa imkanlı-varlı şəxsin övladı olaraq asan yollarla diplom ala bilib. Bu halda onlara hələ imtahansız işə götürülmək imtiyazı da verilir, amma yerli universitetlərdə əziyyətlə oxuyanlar dövlətə qulluq etmək üçün yenidən imtahan verməlidirlər.
Bəs bu nə dərəcədə düzgündür? Sosial ədalətsizlik var?
Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Asim Mollazadə isə deyib ki, varlı uşaqları dövlət hesabına deyil, öz hesablarına xaricdə təhsil alırlar.
“Söhbət dövlət xətti ilə xaricdə oxumaq üçün ödənilən xərclərdən gedir. Həmin xətlə oxuyan uşaqların əksəriyyətini tanıyıram. Heç də varlı ailələrin uşaqları deyil. Ona görə də sosial ədalətsizlikdən danışmaq düzgün deyil. Onlar istedadlı uşaqlardır, öz bilikləri hesabına oxuyublar. Dövlət proqramı hesabına təhsil alanlar dünyanın ən yaxşı universitetlərinin məzunlarıdır. Onların bilik səviyyələri kifayət qədər yüksəkdir.  Çünki dövlət hesabına təhsil proqramında hər zaman yüksək səviyyəli universitetlər seçilib. Bu təhsil ocaqlarının verdiyi biliklər tələbələri kifayət qədər peşəkar mütəxəssis kimi yetişdirir”.

“Azərbaycanda təhsil səviyyəsini qaldırmaq lazımdır”

“Düşünürəm ki, Azərbaycan təhsilinin səviyyəsini dünyanın nüfuzlu universitetləri ilə bərabər etməliyik. Hələlik isə biz bunu görmürük. Təəssüf ki, bir sıra universitet məzunlarımızın peşəkarlıq səviyyəsi çox aşağıdır. Fikrimcə, ali təhsil müəssisələrində hələ çox islahatlara ehtiyac var. Buna görə də həmin universitetlərin məzunları öz təhsil səviyyələrini isbat etməlidirlər”.
Təhsil eksperti Kamran Əsədov məsələyə hərtərəfli yanaşıb:
“Bildiyiniz kimi Azərbaycanda 2004-cü ildən etibarən dövlət qulluğuna qəbul test imtahanı və müsahibə vasitəsilə həyata keçirilməyə başlayıb. İndiyə qədər 2004-2007-ci illərdə bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyası həyata keçirirdi. Sonradan isə ölkə başçısının sərəncamına əsasən, Dövlət Qulluğuna Qəbul üzrə Komissiya fəaliyyətə başladı  və bu missiyanı o yerinə yetirdi. 2006-cı ildən 2016-cı ilə qədər 15 min nəfər bu imtahan prosesində iştirak etmişdisə, onların cəmi 600 nəfəri işlə təmin olunmuşdu. Bu da kifayət qədər aşağı rəqəm idi. Nəticədə ilk mərhələ nə qədər obyektiv, şəffaf olurdusa, müsahibə mərhələsinə müdaxilələr qaçınılmaz idi. Demək olar ki, haqsızlıq baş verirdi.
2016-cı ilin fevralında ölkə başçısının sərəncamı ilə Dövlət İmtahan Mərkəzi yaradıldı və indən sonra dövlət qulluğuna qəbul bu qurum tərəfindən həyata keçiriləcək”.

“Xaricdə təhsil alanların əksəriyyəti ölkəyə geri qayıtmır”

“2007-2015-ci illərdə nəzərdə tutulmuşdu ki, 5000 şəxs dövlət ehtiyacı olan ixtisaslar üzrə rəqabətə davamlı iqtisad, siyasət formalaşdırmaq üçün dünyanın ən nüfuzlu universitetlərində oxusun. 5000 nəfər plan olaraq qarşıya qoyulsa da, cəmi 3500 nəfər bu hüquqa sahib oldu. Yəni 2013-cü ilə qədər seçim əlbəttə, qeyri-obyektiv idi. Lakin  2013-cü ildən sonra müəyyən qədər şəffaflıq açıq formada ortada idi. Digər məsələni də vurğulamaq istəyirəm.
2015-ci ildən etibarən dövlət qulluğuna qəbul həyata keçirilmir. Buna görə də etiraf edirəm ki, ciddi şəkildə böyük vakansiyalar olacaq. Elə 2007-ci ildə xaricdə oxuyanlarla bağlı qanun qəbul ediləndə ora vacib yox, tövsiyyə xarakterli bənd əlavə edilmişdi ki, onların ölkəyə qayıtması tövsiyyə olunur və gəldikdən sonra mütləq dövlət işində işləməlidirlər. Lakin bu hüquq yaradılsa belə, onlar gəlməyəcəklər.
Hazırda  Avropada və Amerikada dövlət büdcəsi hesabına təhsil alan şəxslərin hər birinə ay ərzində 1500-3000 euro-ya qədər pul verilir. Siz onlara indi 3000 manat pul verirsiniz və deyirsiniz ki, dörd il oxuyub gələndən sonra 300 manata işlə. Əlbəttə ki, onlar gəlməyəcəklər. Çünki onlar həmin ölkədə özlərinə infrastruktur, şərait quracaqlar və nəticə etibarı ilə işləyəcəklər. 2007-ci ildə qəbul edilən və 2011-ci ildə ilk məzun olan şəxslər, yəni geridə qalan 10 il ərzində dövlət büdcəsinin vəsaiti hesabına xaricdə təhsil alanlardan 350 nəfər Azərbaycana geri qayıdıb, onun 150 nəfəri dövlət orqanlarında işləyib, digər hissəsi özəl sahədə. Sonradan isə 100 nəfərə yaxın yenidən xaricə qayıdıb. Deməli burda yaradılan şərait bunları qane etmir”.

“Biz ingilis, amerikan, fransız üçün kadr hazırlamırıq”

Ekspert düşünür ki, dövlət xətti ilə xaricdə təhsil alan gənclərin imtahansız işə götürülmələri düzgün addımdır:
“Dövlət büdcəsinin vəsaiti hesabına dövlət proqamı çərçivəsində xaricdə oxuyanların heç də hamısı dövlət qulluğu üzrə təhsil almır.  Daha çox tibb ixtisası, neft sənayesi üzrə təhsil alırlar. Onlar isə dövlət orqanlarında işə qəbul edilmədiklərinə görə digər vakant haqqı olanların hüquqları o qədər də pozulmur. 2009-cu ildən etibarən dövlət qulluğuna əlavə dəyişiklik edilmişdi, xaricdə təhsil alanlar test imtahan mərhələsindən azad idilər və onlar birbaşa müsahibə mərhələsinə çağırılırdılar. Amma indi tamamilə hər iki mərhələdən azad edilirlər. Gəlin digər nüanslara baxaq.
 Dövlət 2007-ci ildən bu günə qədər bu proqram çərçivəsində 75 milyon manat xaricdə təhsilə pul ayırıb. Bu məbləğ heç də kiçik rəqəm deyil. Dövlət buna pul ayırıbsa, deməli onun bu və ya digər sahədə kadrlara ehtiyacı var.  Həmin şəxslər gəlib imtahansız işləməlidirlər. Onlara ayrılan sərmayəni ölkəyə qaytarmalıdırlar. Çünki həmin gənclər hər birimizin ödədiyi vergidən maliyyələşiblər.
Təəssüfləndirici hal odur ki,çox cüzi bir hissə geri qayıdır və bununla bağlı məcburi tələblər və şərtlər yoxdur. Biz ingilis, amerikan, fransız üçün kadr hazırlamırıq”(modern.az).