“Dövlət orqanları bu sahələrdə görüləcək işləri sürətləndirməlidir...” – ADP ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRLƏ BAĞLI HÖKUMƏTƏ ÇAĞIRIŞ ETDİ

Baxış sayı:
450

Dünən ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata əsasən, toplantı “27 sentyabr Anım Günü” ilə bağlı Azərbaycan torpaqlarının azadlığı uğrunda canından keçən Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildikdən sonra başlayıb.
Müzakirələrdə birinci məsələ kimi 27 sentyabr 2020-ci il tarixində başlamış ikinci Qarabağ müharibəsi müzakirə edilib. Müzakirələrin nəticəsi olaraq Anım Günü ilə bağlı bəyanat qəbul edilib.
ADP bəyan edir ki, İkinci Qarabağ müharibəsi nəticəsində işğal altında olan torpaqlarımızın böyük əksəriyyətinin azad edilməsi Azərbaycan şəhidlərinin qanı bahasına başa gəlmişdir.
ADP-nin üzv və tərəfdarları torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ruhunu yad edir və Azərbaycan xalqının qarşısında onların göstərdiyi misilsiz xidmətlərin unudulmayacağını və yaddan çıxmayacağını bildirir.
ADP 27 sentyabr 2020-ci il tarixində Qarabağın işğaldan azad edilməsi uğrunda başlanan və qələbə ilə başa çatan savaşın məhz milli həmrəyliyin yaranması fövqündə baş verdiyini, bu müharibənin qələbə ilə başa çatmasında milli həmrəyliyin böyük rol oynadığını bildirir.
ADP millətimizin və dövlətimizin qarşısında duran ciddi problemlərin həllində milli həmrəyliyin qorunmasının və saxlanmasının vacibliyini qeyd edib, xüsusilə regionumuzdakı indiki mürəkkəb situasiyada iqtidar və müxalifət cəbhəsində təmsil olunmasından asılı olmayaraq milli həmrəyliyə cidd addımların atılmasına cəhd edən tərəfləri öz mövqelərinə yenidən baxmağa çağırıb.
ADP yaddan çıxan şəhid ailələrinin və qazilərinin sosial problemlərinin həllinin, Azərbaycan şəhidlərinin xatirəsinə ümumiləşdirilmiş memorial kompleksinin yaradılmasının, şəhidlərimizin dəfn olunduğu şəhərlərdə və kəndlərdə onların xatirələrinin əbədiləşdirilməsinin vacibliyini və bu istiqamətdə irəli sürülən təşəbbüsləri dəstəklədiyini bildirib, eyni zamanda dövlət orqanlarını bu sahələrdə görüləcək işləri sürətləndirməyə çağırıb.


Muxalifet.az