Dövlət İmtahan Mərkəzi qazilərin hüquqlarını tanımır

Baxış sayı:
2678

Bir il yanvarın 26-da başa çatır; “1” “3”-ə bərabərdir?

Qarabağ qazilərinin dövlət qulluğuna qəbul olunmaq hüququna da süni qadağa qoyulub. Daha doğrusu, Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) qanunu yanlış izah və tətbiq edərək MÜSAHİBƏ yolu ilə dövlət qulluğuna qəbul edilməli olan keçmiş hərbi qulluqçuların yalnız   TEST İMTAHANI verdikdən sonra müsahibədın keçməklə inzibati vəzifə tuta bilmələrini qüvvəyə mindirib. Test imtahanına buraxılmağın özünə də 110 manatlıq rüsum qadağası qoyulub. Gəlin razılaşaq ki,  dövləti qoruyarkən əlil olan şəxslərin dövlət qulluğuna qəbul olunmaq üçün “test haqqı” ödəməyə məcbur edilməsi , yumşaq desək, haqdan deyil.
“Hərbi qulluqçuların statusu haqqında” , “Hərbi xidmətkeçmə haqqında” , “Dövlət qulluğu haqqında” qanunlara görə, hərbi xidmət dövlət qulluğunun xüsusi növü sayılır. Bu isə deməkdir ki, 5 il və daha artıq xidmətdə olan keçmiş hərbi qulluqçular dövlət qulluğuna testdən keçmədən  müsahibə yolu ilə qəbul olunmaq hüququna malikdirlər. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29.3 maddəsində belə yazılıb :” BİRİNCİ-BEŞİNCİ KATEQORİYA DÖVLƏT ORQANLARINDA ..İNZİBATİ VƏZİFƏLƏRİN BİRİNCİ-YEDDİNCİ TƏSNİFATLARINA UYĞUN OLAN VƏZİFƏLƏRİN .. AZI 5 İL QULLUQ STAJI OLAN VƏ DÖVLƏT ORQANINDA İNZİBATİ VƏZİFƏLƏRDƏ ÇALIŞMIŞ ŞƏXSLƏR TƏRƏFİNDƏN TUTULMASI MÜSAHİBƏ YOLU İLƏ HƏYATA KEÇİRİLİR” . DİM öncə qanunun hərbi qulluqçulara şamil olunmadığını bildirib və qanunun  keçmiş hərbi qulluqçulara şamil olunduğunu izah etdikdən sonra, hərbi qulluqçuların inzibati vəzifə daşımadığı səbəbindən müsahibə hüququnun olmadığını vurğulayıb. İlgincdir, hərbi xidmətdə olan hərbi qulluqçu , axı, inzibati vəzifə tuta bilməz; axı hərbi xidmətdə,  qulluqda yalnız hərbi vəzifə daşımaq olar! Belə çıxır 18 yaşından 25 il hərbi dövlət qulluğunda olan şəxs 43 yaşında pensiyaya çıxarsa , dövlət qulluğuna imtahan verməlidir ki, 25 il əlində yaraq hərbi vəzifədə çalışıb, inzibati vəzifədə yox? ! Absurd deyilmi? Fikrimizcə, DİM qanunu düzgün izah və tətbiq etmir! Və Konstitusiyanın 130-cu maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsinə sorğu verilməklə məsələyə aydınlıq gətirmək olar. Belə sorğu vermək hüququna malik olan Baş nazir Əli Əsədova bu sətirlərin yazarının müraciətinə 26.01.2021 tarixli 03/08-08/0179 saylı məktubla DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov yazıb ki, keçmiş hərbi qulluqçuların hərbi xidmət zamanı inzibati vəzifələr tutmamaları nədənindən “Dövlət qulluğu haqqında” qanunun 29.3 maddəsinə əsasən  MÜSAHİBƏ yolu ilə dövlət qulluğuna qəbul edilmələri mümkün deyil . DİM yetkilisinin diqqətinə sözügedən qanunun təkcə bir maddədən ibarət olmadığını çatdırıb,  29.1 maddəsini oxumağı məsləhət bilirik.” Maddə 29.1 . Ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin ali -üçüncü təsnifatlarına uyğun olan vəzifələrin tutulması MÜSAHİBƏ KEÇİRİLMƏKLƏ .. həyata keçirilir. “ Buna sözünüz nədir?  Yoxsa, qazilərin ali kateqoriya dövlət orqanlarında inzibati vəzifələr tutması da mümkün deyil? ! Belədirsə, bu Ali Qanuna -Konstitusiyaya ziddir.
Dövlət İmtahan Mərkəzinin Konstitusiyaya , qanunlara hörmətsizliyi 26 yanvar 2021 tarixli məktubu ilə tam çılpaqlıqla üzə çıxır. DİM yetkilisi 1996-2001-ci illərdə DİN-də xidmət etmiş başqa şəxsin ümumi müsahibə yolu ilə inzibati vəzifə tutmaq haqqında DİM-ə qarşı iddiasınn hər üç məhkəmə instansiyası tərəfindən təmin edilmədiyini “hüquqi presedent” kimi qəbul edib. (?) Birincisi, hansısa qurumun məhkəmə qərarını  hüquqi presedent kimi , hüquq mənbəyi kimi tətbiq etmək hüququ yoxdur. İkincisi, Azərbaycanda heç Konstitusiya Məhkəməsinin qərarlarını hüquqi presedent kimi qəbul edən yoxdur. Anadolular demiş, burası Azərbaycandır, Böyük Britaniya deyil! Azərbaycanda məhkəmənin işi, görəvi norma yaratmaq yox, normaları, normativ hüquqi aktları tətbiq etməkdir! “Vətəndaşların müraciətləri haqqında” qanunun 8.1.4 maddəsini “bayraq edən” DİM bir il ərzində 3 dəfə “əsaslandırılmış” cavab verdiyini önə çəkib, növbəti müraciətə baxılmayacağını vurğulamağı da yaddan çıxarmayıb. Anlamaq olmur, Baş nazirdən-ali dövlət hakimiyyəti orqanından  DİM-ə göndərilən müraciətə qadağa qoyulması hansı qanunda nəzərdə tutulub? Bəyəm 2021-ci il 26 yanvarda başa çatıb və bu bir ilə bərabər olan 26 gündə vətəndaşa 3 dəfə cavab verilib?
DÖVLƏT QULLUĞUNA QƏBULDA MƏNTİQ İMTAHANI ÖNƏMLİ ROL OYNAYIR. BİR MƏNTİQİNİZ OLSUN DƏ!
 
Məğrur BƏDƏLSOY

P.S.  Mənim 64 yaşım var, 65-in içindəyəm,  necə deyərlər, bir ayağım burda,  o biri gorda. Çalışıb - vuruşduğum gənc qazilər, savaş adamları, qanunun aliliyi, hüququn üstünlüyü  adınadır.