​Dövlət Dəmir Yolu “Azəryolservis”ə birləşdirilir – “MƏSƏLƏ RAZILAŞDIRILIB”

“Dövlət Dəmir Yollarlı” Qapalı Səhmdar Cəmiyyətinin “Azəryolservis”ə birləşdiriləcəyi xəbərləri yayılıb. “Azəryolservis”in rəhbəri Saleh Məmmədovun yaxınları iddia edir ki, bu məsələ artıq yuxarılarla razılaşdırılıb.
Saleh Məmmədov əslən Qərbi Azərbaycandandır. 1958-ci ildə Tərtər rayonunda doğulub. Azərbaycan İnşaat mühəndisləri institutunu bitirib. Onun tərcümeyi-halında ən ilginc faktlardan biri 2015-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirməsidir. Bu məsələ media gündəminə faktiki olaraq gətirilməyib. Əgər gətirilsəydi, yəqin ki, S.Məmmədov 56 yaşında tələbə olmaq sevincinin necə bir hiss olduğunu ölkə ictimaiyyəti ilə paylaşardı.
Hüquq diplomu alana qədər Saleh Məmmədov Mənzil-Kommunal Təsərrüfatı Nazirliyində, “Yoltəmirtikinti” Baş İdarəsində, “Azərneft” Yol Tikinti Təmir Trestində, “Azkommunkomplekttexnika ” İstehsalat Birliyində çalışıb. 1995-2003-cü illərdə “Azəravtoyol” Dövlət Şirkətinin Körpü Tikinti Trestində çalışıb. 2003-2015-ci illərdə isə Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamentində işləyib.
Hüquq diplomu Saleh Məmmədova uğur gətirib – 2015-ci il dekabrın 28-də o, “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
Cavid Qurbanovun Dövlət Dəmir Yollarına rəhbər təyin edilməsindən sonra uzun müddət boş qalan “Azəryolservis”ə Saleh Məmmədovun rəhbər təyin edilməsi bu sistemdə çalışanlar üçün gözlənilməz olub. Çünki o, buna qədər orta səviyyəli məmur olub. Yeni vəzifəsinə Saleh Məmmədov Cavid Qurbanovun kadrlarınının “təmizlənməsi” ilə başlayıb. Onları öz yaxın çevrəsi ilə əvəzləyən yeni sədrin addımları kollektivdə yaxşı qarşılanmayıb. Çünki təyinat alan şəxslərin çoxu bu sektorda heç bir təcrübəsi olmayan, hətta ali məktəb bitirməmiş şəxslər olub. İndi isə Saleh Məmmədov yaxınlarına bildirir ki, “Azəryolservis”i Cavid Qurbanovun kadrlarından necə təmizləyibsə, Dövlət Dəmir Yollarını da onun kadrlarında o cür arındıracam(musavat.com).