Dövlət Baxçalı “Facebook” və Twitter”-dən imtina etdi – MHP liderindən Ərdoğana dəstək gəldi

Baxış sayı:
2140

“Bundan sonra nə “Twitter”-də, nə “Facebook”-da paylaşımlar etməyəcəyəm və Böyük Millət Məclisində bu barədə gündəmə gələn qanun layihələrini sona qədər dəstəkləyəcəyəm”.

Bu sözləri Milliyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı bildirib. O, buna səbəb kimi sosial mediada “dəhşətli çirklənməni” göstərib.

Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən sosial medianı sərt ifadələrlə ittiham edib. O, qızı və nəvələri ilə bağlı təhqirlərə qəzəbli reaksiya verib və bu cür medianın Türkiyə üçün uyğun olmadığını bildirib.

Ərdoğan Türkiyənin özünün təhqirlərə yol verilməyən sosial platformalar yarada biləcəyini vurğulayıb.

Dövlət başçısı bu məsələnin ən qısa müddətdə parlamentdə qaldırılacağını bəyan edib. O, ölkədə təhqirləri yayımlayan sosial media kanallarının tamamilə bağlana biləcəyini deyib.

Milliyətçi Hərəkat Partiyası parlament və bələdiyyə seçkilərində AKP ilə birgə iştirak edib və “Cümhur” İttifaqında təmsil olunub.

D. Baxçalının Ərdoğanın bəyanatına dəstək verməsi təhqirlərə filtr qoymayan sosial media kanallarının Türkiyədə qapadılması ilə bağlı prosesə start veriləcəyini göstərir./azpolitika.info