DOSTUNUN DOSTU DÜŞMƏNİN DƏ OLUR… –Suriyada kim hansı mövqedədir? - TƏHLİL

Baxış sayı:
3001

Gəlin, Suriya ilə bağlı 4 başlıq sıralayaq:
– rejim dəyişikliyi;
– rejimin kimyəvi silahdan istifadə etməsinə qarşı bombardman;
– həll prosesi;
– Türkiyənin əməliyyatı və kürdlər.

 
Kim hansı mövqedədir?
 
İndi gəlin, bu başlıqlara görə kimin (Türkiyədən başqa) təxminən hansı mövqedə olduğunu  sıralayaq:
1. Qərb, mümkünsə, rejim dəyişikliyi istəyir. Əsədli, amma geniş iştiraklı bir həlli də mümkün görür(dü).
2. Rusiya və İran, Dəməşq kimi, bunu rədd edir. ABŞ və Fransa isə “qırmızı xətt” səbəbilə kimyəvi silahdan istifadə edilməsinə görə cəzalandırma istəyir.
3. Qərbin bir Cenevrə prosesi, Türkiyə, Rusiya və İranınsa alternativ ortaqlığı var.
4. Türkiyənin əməliyyatına Rusiya və İran səssiz qalır, Qərb isə qarşıdır.
 
Türkiyənin müttəfiqləri
 
İndi yenə bu maddələrə görə, Türkiyənin “müttəfiqləri”ni sıralayaq:
1. Türkiyə rejim dəyişikliyi baxımından Qərbə yaxındır, hətta daha israrlıdır.
2. Kimyəvi silahdan istifadəyə qarşı reaksiya və sanksiya məsələsində Türkiyə də ABŞ və Fransa ilə eyni xəttədir.
3. Burada Türkiyənin “ortaqları” bu dəfə Rusiya və İrandır.
4. Türkiyə əməliyyat məsələsində bu dəfə ABŞ və Fransa ilə ziddiyyət təşkil edir.
 
İsrail ilə Səudiyyə Ərəbistanı
 
Əgər “ittifaqı” çox möhkəm bir mövqe kimi qəbul etməsək, birinci iki maddə üzrə Türkiyənin “ortaqları” ABŞ və Qərbdir, onunla qarşı mövqedə olanlar isə Rusiya və İrandır.
Digər iki maddə üzrə isə Türkiyə, birində “ortaq” olmaqla, Rusiya və İranla daha yaxındır. Qərblə isə ziddiyyət (və münaqişə ehtimalı) içindədir.
Bir də bu maddələrin heç birində görünməyən, amma “aktiv” olan İsraili, xüsusilə də Səudiyyə Ərəbistanını da işə qatmaq lazımdır.
Qəzza kontekstində “Türkiyə və müsəlman dünyası” ilə qəti şəkildə ziddiyyət təşkil edən, Qüds məsələsində ABŞ-ın dəstəyi istisna olmaqla, Qərblə qarşı-qarşıya qalan İsrail, həm rejim dəyişikliyi istəyir, həm “kürd qurşağı”na, həm həll prosesinə soyuq yanaşır, həm də faktiki olaraq Suriyanı bombalayır!
Səudiyyə Ərəbistanına da rejimə həddindən artıq düşmənçilik edən ölkə kimi yanaşılmalıdır!
Bu “qaynar müharibə” şəraitinə bir də 5-ci maddə, İngiltərədə bir casusun zəhərlənməsi ətrafında şiddətlənən “Yeni Soyuq Müharibə”ni əlavə edək.
Türkiyə orada da “rus diplomatlarını deportasiya edən müttəfiqlərinə” qatılmadı, Rusiya ilə yeni ittifaqına yaxın mövqe tutdu.
Bura “İranla nüvə sazişini”, İsrail və Səudiyyə Ərəbistanının İrana və bu sazişə olan nifrətini də siz əlavə edin.
Hər kəsin yeganə ortaq nöqtəsi və narahatlığı, ən azı görünüşə görə, “İŞİD, DEAŞ, DAEŞ” olaraq tanınan bütün “cihadçılar” ola bilər, təbii ki, müxtəlif səviyyələrdə.
 
“Kimyəvi” görüş
 
Başda Fransa olmaqla, Avropanın əsasən Suriyadan gələn qaçqın axınına və bu axına qarışacaq İŞİD sızmalarına görə panikası da hər maddənin içindən keçir.
Məhz bu əhval və şərait içində BMT TŞ dünən “kimyəvi”yə (Suriyada kimyəvi silahdan istifadə nəzərdə tutulur – tərc.) qarşı təcili toplantıya çağırıldı. Təbii, Rusiya da öz əngəl mexanizmini işə saldı.
Trampın “Dəməşq və müttəfiqləri hesab ödəyəcək” təhdidinə Rusiya “Hücum bəhanəsi axtarılır, hesabı ağır olar” cavabını verdi.
Səudiyyə Ərəbistanının ABŞ-dan gələn gələcək gənc kralını Parisdə qəbul edən Fransa prezidenti Makron fevralda “Kimyəvi silahdan istifadə halı sübut edilərsə, təkbaşına qalsaq belə, vurarıq” demişdi. Trampla həmən telefonda görüşdü. Onsuz da çox yaxında (23-25 apreldə – tərc.) ABŞ-da görüşəcəklər. Fransa Xarici işlər naziri Le Drian, “Üzərimizə məsuliyyət almaqdan çəkinməyəcəyik” deyib.
Və Suriyada “qaynar müharibə” 350 min adamın ölümü ilə də bitməyəcək, tam tərsinə, artıq digər formalara çevrilə biləcək bir hal alıb.
Eyni zamanda müdafiə naziri olan Səudiyyə Ərəbistanının vəliəhd-şahzadəsi Məhəmməd bin Salman isə ABŞ-da Tramp ilə çox yaxınlaşdıqdan sonra, solun və vətəndaş cəmiyyəti təşkilatlarının etirazına rəğmən, Fransanın qəlbini olmasa da, ağlını alma niyyətindədir.
Buna 22 min km2  sahəsi olan tarixi Əl Ula bölgəsinin 10 il ərzində yenidən qurulmasının,  50-100 mlrd. avroluq bir layihə ilə fransızlara verilməsi kimi işlər də daxildir!
Tərcümə Strateq.az-ındır