“Dörd ildir ki, ünvanlı sosial yardım almaq üçün çalışıram, amma...” – PREZİDENTƏ MÜRACİƏT EDƏN VƏTƏNDAŞ İNTİHAR ANONSU VERDİ

Baxış sayı:
2488

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olan İbrahimli Ceyhun İslam oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına növbəti şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən C.İbrahimli ünvanlı sosial yardım üçün müraciət etdiyini və uzun müddətdir süründürməçiliyə məruz qaldığını qeyd edir:
“Mən 6 nəfərlik ailəmə görə ünvanlı sosial yardım üçün 2016-cı ildən bu günə qədər Beyləqan rayon Məşğulluq İdarəsinə dəfələrlə müraciət etmişəm. Hər il dövlət idarələrində, yerli bələdiyyələrdə sənəd toplamaq üçün məni dəflərlə gedər-gəlməzə saldılar. Son 4 ildə yollarda gedib-gəlməyə, sənədlərin toplanması üçün 2 000 manata qədər xərcim çıxdı. Nəticədə heç nə əldə edə bilmədim.
Xatırladım ki, 11 ildir ailə qurmuşam. 4 azyaşlı uşağım var. Yoldaşım işləmir, yalnız uşaqlarala məğul olur. Mən də tez-tez Bakıya gedib, 5-10 manat çörək pulu qazanmaq üçün dəridən-qabıqdan çıxıram ki, heç olmasa ailənin quru çörəyini təmin edim.
Son bir ildir ki, ailəmi götürüb Bakıda kirayədə qalmaq zorunda qalmışam. İqtisadi vəziyyətim çox çətindir. Dolanmaq, kirayə haqqını vaxtı-vaxtında vermək olmur. Borcum da günü-gündən artır. Son ümid yeri kimi dövlətimizin mənim kimi imkansız ailələrə etdiyi ünvanlı sosial yardım almaq üçün dəflərlə etdiyim cəhdlər uğursuzluqla nəticələnmişdir. İstər Beyləqan Məşğulluq İdarəsində, Bələdiyyəsində, istərsə də qəsəbə icra nümayəndəliyində tələb olunan sənədləri mənə verməmək üçün min bir bəhanə fikirləşib, imtina edirlər. Guya, Bakıdan gəlib bu idarələri kimsə yoxlayarmış və mən də bu vaxt rayonda olmadığım üçün idarələr pis vəziyyətə düşə bilərlərmiş. Həmin sənədləri mən almaq üçün gərək daima rayonda qalıb yaşamalıyam, yoxsa ailə tərkibinə və yaşayış yerinə görə arayışların verilməsi qeyri-mümkündür.
Yerli bürokratların və süründürməçilərin əlindən qalmışam çox pis vəziyyətdə. Evdə körpə uşaqların üzünə baxa bilmirəm. Son iki övladım əkizdirlər və 4 yaşları var. Tez-tez aclıqdan ağlayırlar. Xəstələnəndə dərman ala bilmirik. Əlacsızlıqdan son günlər intihar etməyi fikirləşirəm. Və dərhal da beynimdə sual yaranır ki, bu tifillərin günahı nədir ki, süründürməçi məmurlara görə başsız qalsınlar?!
İndi son ümid yeri kimi cənab Prezidentə müraciət edirəm. Dövlətimizin başçısısından xahiş edirəm ki, mənim 6 nəfərlik ailəmə qanun çərçivəsində ünvanlı sosial yardım verilməsi üçün müvafiq orqanlara göstəriş versin”.
Şikayətçi deyir ki, sonuncu dəfə bir ay əvvəl müraciət etsə də, ona cavab verilməyib: “Düz bir aydır ki, ünvanlı sosial yardımla bağlı aidiyyatı üzrə müraciət etmişəm, baxan yoxdur. Heç məni vətəndaş hesab edib, adicə cavab yazmırlar. Dörd ildir ki, üünvanlı sosial yardım almaq üçün çalışıram. Bu da nəticəsi”.
Muxalifet.az
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.