Donald Trampın MÜHARİBƏ OYUNU - TƏHLİL

Baxış sayı:
4888

Suriyada həyata keçirilən hava hücumundan sonra İranla nüvə müqaviləsinin yenidən müzakirəsi üçün Avropa Birliyi ölkələrinə təzyiq edən ABŞ prezidenti Donald Tramp, İranın körpüləri yandıraraq əlinə kozır verməsini gözləyir.
 
Yaxın Şərqdə İranı əsas təhdid olaraq görən ABŞ prezidenti Donald Tramp, yeni Milli Təhlükəsizlik müşaviri Con Bolton və yeni xarici işlər naziri Mayk Pompeo ilə müharibə kabinetini yaradaraq, Tehrana qarşı mübarizəni başqa bir səviyyəyə qaldırıb. Əsəd rejiminə qarşı İngiltərə və Fransa ilə birlikdə təşkil etdiyi hava hücumu ilə İrana ilk mesajı verən ABŞ, indi də Tehranla birbaşa qarşıdurma üçün bəhanə axtarışındadır. Vaşinqton, yaxın perspektivdəki strategiyasını isə İranı nüvə müqaviləsindən çəkilməsi üzərində qurmuş kimi görünür.
 
TEHRANA "LƏĞV” BLOKADASI
 
Ağ Evdə Fransa prezidenti Emmanuel Makron ilə bir araya gələn Donald Trampın İranla nüvə müqaviləsinə razılığını dəyişib dəyişməyəcəyinə, bu səbəbdən İrana sanksiyaları yenidən işə salıb salmayacağına qərar verəcəyi 12 may gününə istinad etməsi bunun işarəsi sayıla bilər. Amma Trampın müqaviləni yeniləmə bəhanəsi ilə İranı müqavilədən daşındıracaq təzyiqi yaratması üçün Avropanın dəstəyinə ehtiyacı var. Makron "Vaşinqtonla bu mövzuda işləyəcəyik" deyərək ABŞ-a yaşıl işıq yandırsa da, Brüssel hələ də Tehranda rejim dəyişikliyini istəyən ssenarini qəbul etmiş deyil.
 
AĞDƏNİZ QAZIYLA TƏHDİD
 
Brüsselə təzyiq siyasətinin bir ayağını ABŞ idarə edərkən, digər hissədə baş rolu Trampın əvəzolunmaz müttəfiqi İsrail üzərinə götürüb. İsrailin “Kanal 10” televiziyasının xəbərinə görə, Təl-Əviv Aİ-dəki son zəif halqa olan Romaya qarşı hərəkətə keçib. İsrail Xarici İşlər Nazirliyinin müşaviri Yuval Rotem, İtalyan səfiri 2 həftə əvvəl məqamına dəvət edərək Roma rəhbərliyindən fikirlərindən vaz keçmələrini istəyib. Rotem, əks təqdirdə İtaliyanın Şərqi Ağdəniz qazından alacağı payın riskə girəcəyini bildirib. Almaniya və Fransanı razı salan "İran əleyhinə cəbhə”, Brüsseli oyuna daxil edərək müharibə konsensusunu genişləndirməyi hədəfləyir. Diplomatik qarşıdurmanın “isti” müharibəyə çevrilmə ehtimalını isə Tehranın nə vaxt a qədər səbr edə biləcəyi müəyyən edəcək.
İran prezidenti Həsən Ruhani, P5+1 ölkələri ilə Tehran arasında 2015-ci ildə imzalanan nüvə müqaviləsinin yenilənməsini istəyən ABŞ prezidenti Donald Tramp ilə Fransa prezidenti Emmanuel Makronu tənqid edib. Təbrizdə çıxış edən Ruhani, Trampın məsələdən bixəbər bir inşaatçı olduğunu deyib. ABŞ prezidentinin hüquq və siyasət sahəsində təcrübəsinin olmadığını deyən İran lideri, "Necə olur ki, bir tacir, bir inşaatçı, göydələn inşaatçısı beynəlxalq əlaqələr haqqında mühakimə edə bilir" deyib. Digər tərəfdən, İran Ali Milli Təhlükəsizlik Şurasının sədri Əli Şamhani də Vaşinqtonun müqavilədən çıxdığı təqdirdə ölkəsinin daha əvvəl bağlanılan nüvə müəssisələrindəki fəaliyyətlərə davam edəcəyini bildirib.
 
Brüssel anlaşmanı qoruyacaq
 
Avropa Birliyinin (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Federica Mogerini, ABŞ-ın dəyişdirilməsi üçün təzyiq göstərdiyi və Brüsselin də tərəfi olduğu İran ilə imzalanan nüvə müqaviləsinin qorunması lazım olduğunu söyləyib. Belçikanın paytaxtı Brüsseldə açıqlama verən Mogerini "Gələcəkdə nələr olacağını o zaman görəcəyik. Ancaq mövcud müqavilə var və işə yarayır. Müqavilənin qorunması lazımdır" deyib. Mogerini həmçinin, verilən sözün əksinə, hərbi fəaliyyətini artıran Tehran rəhbərliyinə Suriyadakı qarşıdurmaların dayanması üçün nüfuzundan istifadə etməyə çağırıb.
 
Kreml üçün müqavilənin alternativi yoxdur
 
Donald Trampın yenidən müzakirə etmək istədiyi İranla bağlanan nüvə müqaviləsinə dair bir şərh də Rusiyadan gəlib. Kremlin sözçüsü Dmitri Peskov, Tehranın nüvə fəaliyyətlərini dayandıran razılığın bir alternativinin olmadığını deyib. Gündəlik mətbuat konfransında məsələni dəyərləndirən Peskov, "Biz mövcud müqavilənin qorunmasını istəyirik" deyib. Razılığın birdən çox dövlətin iştirakı ilə təmin olunduğuna diqqət çəkən Peskov, "Bu gün belə çox tərəfli bir müqaviləyə yenidən imza ata bilərikmi? Əmin deyiləm" deyə, söyləyib.
Müxalifət.az