​Dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi bəlli oldu

Cari ilin 9 ayı ərzində valyuta bazarında tələb-təklif nisbətindən asılı olaraq manatın məzənnəsinin dinamikasında bir neçə dəfə qalxıb-enmə müşahidə edilib.
Muxalifet.az Mərkəzi Bankın 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalına istinadən xəbər verir ki, yanvar və fevral ayının birinci yarısında bahalaşan ABŞ dolları, fevral ayının ikinci yarısından nisbətən ucuzlaşmağa başlayıb. 
2016-cı ilin sonuna ABŞ dollarının manata qarşı məzənnəsi 1.7707 AZN səviyyəsində idisə, 01.02.17 tarixində özünün dövr üzrə maksimum həddinə - 1.9200 AZN-ə qalxıb.
27.09.17 tarixində isə minimum həddinə - 1.7002 AZN-ə enib. 2017-ci ilin 9 ayının sonuna manata nəzərən ABŞ dolları ilin əvvəlindən 4% ucuzlaşıb. Doqquz ay ərzində 1 ABŞ dollarının manata qarşı orta günlük rəsmi məzənnəsi isə 1.7279 manat təşkil edib.
Dövr ərzində ikitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərib. Belə ki, manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 0.5% bahalaşıb.